Sumqayıtda hava

Cəmiyyət

İlham Əliyev: Bəzi hallarda icra hakimləri mənə müsbət mənzərə təqdim etməyə çalışırlar

İlham Əliyev: Bəzi hallarda icra hakimləri mənə müsbət mənzərə təqdim etməyə çalışırlar


"Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil".

Bunu aprelin 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

İlham Əliyevin sözlərinə görə, cari ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar aparılıb:
"Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında "Azərişıq" qurumu yaradılıb və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Bax, bu idi əsas məqsəd. Çünki son illər ərzində Bakı şəhərində “Bakıelektrikşəbəkə” təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq “Barmek”in dövrü çoxlarının yadından çıxıb. “Barmek” Azərbaycanı nə günə salmışdı?! “Bakıelektirkşəbəkə” o təsərrüfatı öz üzərinə götürənə qədər “Barmek”in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni, gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır.

Dövlət başçısı bildirib ki, rayonlarda hələ ki, görülməli işlər çoxdur.
"Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, demək olar ki, hər ay. Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyət necədir. Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilib. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm", deyə o qeyd edib.

Prezident, həmçinin bildirib ki, "biz, eyni zamanda inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik".

"Bu il sosial infrastruktur layihələrinin icrası - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə məktəblərinin tikintisi davam etdiriləcəkdir. İndi buna böyük ehtiyac var. Bu il əlavə üç “ASAN xidmət” mərkəzi açılmalıdır. “ASAN xidmət” mərkəzlərinin sayı səkkizə çatıbdır - dördü Bakıda, dördü rayonlarda. Üç mərkəz tikilir. Hazırda Bakıda dörd mərkəz fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Sabirabad, Bərdə şəhərlərində “ASAN xidmət” mərkəzləri artıq açılıbdır. Hazırda Bakıda daha bir mərkəz tikilir. Qəbələdə və Masallıda da “ASAN xidmət” mərkəzləri tikilir", - deyə ölkə lideri çıxışında diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycanda, o cümlədən Bakıda ekoloji tədbirlər daim aparılır, göllər təmizlənir, ağaclar əkilir, parklar salınır.
"Bakı indi parklar, bağçalar şəhəridir. Eyni zamanda, bölgələrdə insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular yaradılır. Biz içməli su problemini həll etmək üçün üç istiqamətdən istifadə edirik. İlk növbədə, “Azərsu” tərəfindən icra edilən layihələr. Burada da bir neçə şəhərdə artıq içməli su layihəsi başa çatıbdır və bu proses gedir, əhali tərəfindən də çox gözəl qarşılanır. Eyni zamanda, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti bu işləri görür. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırır. Bu günə qədər çaylar boyu, xüsusilə Kür, Araz çayları boyu yerləşən kəndlərdə 480 min əhali artıq təmiz içməli su ilə təmin edilmişdir. 292 kənddə müasir təmizləyici qurğular quraşdırılmışdır. Bu vaxta qədər onlar suyu çaydan götürürdülər, duruldurdular, yaxud da ki, kanallardan su içirdilər. Bu, insanların sağlamlığına mənfi təsir göstərirdi. Hazırda 28 kənddə işlər gedir, təmizləyici qurğular quraşdırılır. Bu kəndlərdə 51 min insan yaşayır. Hesab edirəm ki, bu işlər bu ilin sonuna qədər tamamlanmalıdır. Beləliklə, 530 min insan ancaq bu təmizləyici qurğular hesabına içməli su ilə təmin ediləcəkdir", - deyə İlham Əliyev vurğulayıb.

Report





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR