Sumqayıtda hava

Cəmiyyət

2015-ci ilin birinci rübü Sumqayıt üçün uğurlu olub

2015-ci ilin birinci rübü Sumqayıt üçün uğurlu olub


Cari ilin birinci rübündə Sumqayıtda mühüm infrastruktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunub. Şəhər icra hakimiyyətinin başçısı yanında Şuranın geniş yığıncağında müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Yığıncaqda Sumqayıt Şəhər İH-nin başçısı Eldar Əzizov çıxış edib. Bildirilib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. İnsanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib. 2015-ci ilin birinci rübündə şəhər üzrə məhsul istehsalı və xidmətlər buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 158,9 milyon manata çatıb. Bu müddət ərzində şəhərin sənaye müəssisələrində məhsul istehsalı 95,5 milyon manat olub. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 7,3 milyon manatdan çox investisiya yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində 833 daimi yeni iş yeri açılıb.

Fevral ayının əvvəlindən bu günədək şəhərdə 217 min 180 nəfər profilaktik tibbi müayinədən keçirilib. Rüb ərzində geniş abadlıq-quruculuq işləri davam etdirilib. Hesabat dövründə yeni tikiş fabriki və Beton Məmulatları İstehsalı Zavodu istifadəyə verilib. Şəhərdə genişmiqyaslı yaşıllaşdırma işləri davam etdirilib. “İDEA” İB-nin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində şəhərdə 25 minə yaxın ağac və gül kolları əkilib, müxtəlif ərazilərdə qazon salınıb. Nəsimi parkı ərazisində kompleks yenidənqurma işləri başa çatıb, 9-cu mikrorayon ərazisində yerləşən “Lüdviqshafen” parkının abadlaşdırılma işlərinə başlanılıb. Heydər Əliyev prospektində, 4-cü və 3-cü mikrorayonda, Sülh küçəsində, 36-cı məhəllədə yaşayış binalarının fasadının üzlənməsi və dam örtüklərinin müasir tələblərə uyğun şəkildə yenidən qurulması işləri davam etdirilir.

Şəhər ərazisində avtobus dayanacaqlarının bir qismi təmir olunub, yeni dayanacaqlar quraşdırılıb. Təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nizam-intizam gücləndirilib, fənlərin tədris vəziyyəti müəyyənləşdirilib.

Əhaliyə göstərilən kommunal xidmətlərin təşkili, sakinlərin su, qaz, elektrik enerjisi ilə normal təminatı və digər sahələrdə görülən işlər barədə də məlumat verilib.

Çıxışlarda təhsil, səhiyyə, mədəniyyət və sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

2015-ci ilin birinci rübü Sumqayıt üçün uğurlu olub

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR