Sumqayıtda hava

Cəmiyyət

Mingəçevirli müharibə veteranı: "Sumqayıt toz-torpağın içərisində bir xarabalıq idi.."

Mingəçevirli müharibə veteranı: "Sumqayıt toz-torpağın içərisində bir xarabalıq idi.."


İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralar hələ də sağalmamış, yaddaşlardan silinməmişdir. İllər keçsə də, müharibənin vurduğu yaralar sağalmur, tarixdə xüsusi izlər qoyur. Müharibə Azərbaycan şəhərlərindən çox uzaqda getsə də, ölkəmiz onun ağırlığını heç də aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən az hiss etməyib.

Hərbi əməliyyatların başlandığı ilk gündən 11 min qadın olmaqla, 700 min azərbaycanlı cəbhəyə yola düşüb. Cəbhələrdə göstərdikləri şücaətə görə 139 soydaşımız sovet hökumətinin ən ali mükafatına Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O dəhşətli anları yaşayan, odun-alovun içərisindən sağ-salamat vətəninə dönən müharibə veteranlarımız bu gün də yaşayırlar.

Təəssüflər olsun ki, bu gün həmin veteranlardan Mingəçevirdə yaşayanlardan cəmi 8 nəfəri sağdır. Müharibənin bitməsinin 70 illik yubileyi ərəfəsində onlardan biri ilə görüşüb, xatirələrini bizimlə bölüşməyini xahiş etdik. Bu, 90 yaşlı Rzayev Əmrah Qurban oğludur. O, söhbətinə “bir an gəncliyimə qaytardı məni sizin gəlişiniz”deməklə başladı.

Onu da qeyd edək ki, bu ixtiyar hər kəsə örnək olacaq bir ziyalıdır. Hər kəsi təəccübləndirəcək cəhətlərdən biri də 90 yaşı olmasına baxmayaraq, kitabları gözlük taxmadan oxumasıdır. Evdə özünün kitabxanası var. Burada 500-dən artıq bədii ədəbiyyat saxlayır. Hələ gənc yaşlarından bir yaddaş kitabçası tutaraq oxuduğu kitablar barədə qeydlər də aparıb ki, vaxt gələr lazım olar. Müharibəyə gedəndə onun 18 yaşı olub, özü demişkən, müharibənin nə demək olduğunu dərk etmirmiş:
“1925-ci ildə Qazax rayonunun Qıraxkəsəmən kəndində anadan olmuşam. Zəhmətkeş bir ailə olmuşuq. Atam bizi uşaq vaxtlarından zəhmətə alışdırmışdı. Dərslərimi də yaxşı oxuyurdum. Mən hərbi hissəyə çağırılanda orta məktəbdə oxuyurdum. Daha sonra bizi Sumqayıta apardılar. Toz-torpağın içərisində olan bir xarabalıq idi. Orada 6 ay hərbi təlim keçdik. İnandırım sizi, bizi orada o qədər incidirdilər ki, biz könüllü müharibəyə getmək istəyirdik. Nəhayət, bizi mal-qara kimi vaqona doldurub apardılar Ukraynanın Zaporojye şəhərinə. Biz 77-ci Azərbaycan diviziyasında idik. Biz ora çatanda eşitdik ki, Nəriman Nərimanovun oğlu da Volnovoxa şəhərində döyüşlərdə iştirak edir. Nərimanovun həyat yoldaşı Stalinə müraciət edib deyib ki, mənim Nərimanovdan bir yadigarım var, mənim oğlumu geri qaytarın. Stalin hərbi hissəyə zəng elətdirib deyir ki, Nəcəf Nəriman oğlunu ordudan tərxis edin. Lakin Nəcəf isə həmin anda döyüşə getdiyi üçün deyib ki, mən bu döyüşü də başa vurum, sonra gedərəm. Amma həmin döyüşdə onu vururlar. Biz bu hadisələrin canlı şahidləri olmuşuq. Müharibənin qızğın vaxtı idi. İnandırım sizi, heç elə bil döyüşdə deyildik. Çünki bizdə qorxu deyilən hiss yox idi. Güllələr başımızın üstündən yağış kimi yağırdı. Meşə zolağına çatanda almanlar bizim hücumumuza dözə bilməyib səngərləri tərk edib qaçdılar. Almanların səngərinə girəndə gördüyümüz mənzərə bizi çaşdırdı. Sanki səngər bir otel idi. Özləri üçün yaxşı şərait yaratmışdılar səngərdə. Beləliklə, mən bu döyüşlərdə qolumdan yaralandım. Bir müddət hərbi hospitalda yatdıqdan sonra, 1943-cü ilin dekabr ayının axırında evə buraxdılar”.

Müharibədən gələndən sonra təhsilini davam etdirmək üçün axşam məktəbində oxuyub:
“O vaxtı Mehdixan Vəkilov (Səməd Vurğunun qardaşı) Ağstafa rayonunun birinci katibi idi. O məni komsomolda işləməyə göndərdi. Həm orada işləyirdim, həm də axşam məktəbində oxuyurdum. Qazaxda müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də Qazaxda ikiillik Müəllimlər İnstitutu açmışdılar. Məktəbin direktoru da Xanməmməd Mirzəyev idi. Həmin bu müəllim bir gün bizə gəlib atamla danışdı ki, bu uşağı gəlsənə instituta qəbul edək.
Mən dedim:
“Axı hələ orta məktəbdə oxuyuram”,- dedi heç nə olmaz, müəllim çatışmır. Mən tarix, dil ədəbiyyat fakültəsinə imtahan verib, qəbul oldum. Bir az fizika-riyaziyyatdan zəif olsam da, humanitar fənlərə marağım böyük idi. İki il bu institutda yaxşı oxuyub, fərqlənmə ilə bitirdim. Onu da deyim ki, kitaba marağım elə bu anlardan başlamışdı. Elə gün olurdu ki, iki romanı birdən oxuyurdum. Mən müharibədə iştirak etdiyimə görə təhsildə tay-tuşlarımdan çox geridə qalmışdım. institutu bitirdikdən sonra təyinatımı Tovuza verdilər. İki il orada işlədim. Sonra gördüm ki, alitəhsilli müəllim gələn kimi məni başqa yerə göndərirlər. Mənə deyirdilər ki, sənin təhsilin ali təhsil səviyyəsində deyil. Bu mənə çox təsir edirdi. Öz-özümə fikirləşdim ki, yəni mən bu qədər acizəm ki, bu ikiillik diplomla qalım? Sonra eşitdim ki, ikiillik Müəllimlər İnstitutunu bitirənləri APİ-yə 3-cü kursa götürürlər. Sənədlərimi hazırlayıb verəndə dedilər ki, həmin qayda ləğv olunub. Qərar çıxdı ki, qəbul birinci kursdan başlayır. Yenidən 4 il APİ-də oxudum. Həmin bu 4 ildə bir dənə 4 qiymətim olmadı. Yaxşı oxuyurdum deyə məni Tələbə-Elmi Cəmiyyətinin üzvü seçdilər. İnstitutu bitirdikdən sonra Azərbaycanın müxtəlif bölgələrində müəllimlik fəaliyyəti göstərdim”.

Öz peşəsini dərindən sevən həmsöhbətimiz uzun illər bu peşədə müqəddəs müəllimlik borcunu yerinə yetirərək, 50 il, necə deyərlər, can qoyub. 1956-cı ildə Mingəçevirə gəlib Xaldan məktəbinin axşam məktəbində 6 il direktor vəzifəsində işləyib. 1961-65 ci illərdə Mingəçevirdə İnternat Məktəbində baş tərbiyəçi işləyib. 1965-1974-cü illərdə isə şəhər 8 saylı orta məktəbdə dərs hissə müdiri, 1974-1992-ci illərdə Mingəçevir Peşə Məktəbində dərs hissə müdiri vəzifəsində çalışıb”.

Əmrah müəllim gənclik illəri ilə bağlı da çox maraqlı anları xatırladı: “Hələ Ağstafada olarkən Dəmir Yolu Kitabxanasında işləyirdim. Bir gün kitabxanaya arıq bir balaca qız gəldi, məndən oxumağa kitab istədi. Mən də kitabxanada olan kitablardan verirdim ona ki, bunlar maraqlı kitablardır. Hansı kitabı verdim, dedi oxumuşam. Kitabxanada o kitab qalmadı ki, ona göstərməyim. Axırda dedim ki, sən oxumamış kitab qoymamısan, daha məndən nə istəyirsən. Bir neçə vaxt keçəndən sonra mən institutda oxuduğum vaxtlarda gördüm həmin bu qız da orada oxuyur. Özü də əynindəki pencəkdən tanıdım. Kasıb ailə olduqlarına görə elə instituta da bu pencəklə gəlib-gedirdi. Həmyerli kimi tanış olduğumuza görə görüşüb hal-əhval tuturduq. Elə o vaxtlardan bir-birimizdən xoşumuz gəldi. İnstitutu bitirdikdən sonra evləndik. 4 oğlumuz, bir qızımız oldu. Hamısına ali savad verdik. Çox xoşbəxt ailə idik. Amma yoldaşımı tez itirdim. O, məni bu fani dünyada tək qoyub, Allahın rəhmətinə getdi. Ondan mənə yadigar qalan övladlarım, nəvə-nəticələrimdir. İndi mənə sonbeşik qızım Fəxriyyə xanım baxır. Boş vaxtlarımı ancaq kitab oxumaqla keçirirəm. Özü də indikiləri oxumuram. Dreyzeri, 50 cildlik uşaq ədəbiyyatını, 20 cildlik dünya ədəbiyyatını, xarici ölkəyə aid ensiklopediyaları oxuyuram. İndiki yazarların yazdıqları kitabları oxuyanda çox səhvlər tuturam. Bu gün çox təəssüflər olsun ki, gənclərimiz arasında kitaba maraq azdır. Onu da deyim ki, 90 yaşım olmasına baxmayaraq, bir gün əlimə kitab almasam, elə bilərəm ki, məndə nə isə çatmır. Mən qocaman bir müəllim kimi tövsiyə edərdim ki, gənclərimiz kitab oxusunlar, kitab bilik mənbəyidir, tərbiyə ocağıdır”.

Əmrah müəllimdən bu yaşda sağlam olmağının sirlərini soruşanda dedi ki, “siqaret çəkməmişəm, ümumiyyətlə, zərərli vərdişlərdən uzaq olmuşam, düzgün qidalanmışam və həmişə rejimə riayət etmişəm. İnsan gərək özü-özünün həkimi olsun”.

Ölkəmizdə müharibə veteranları dövlətin qayğısı ilə əhatə olunub. Əmrah müəllim də bu qayğıdan yararlanıb. Ona da “NAZ Lifan” markalı veteran avtomobili bağışlanıb. Dövlətin göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirir. Əmrah müəllim öz torpaqlarımızın azad olunacağı günü gözləyir və inanır ki, bu yaxınlarda torpaqlarımız azad olunacaq və biz öz qələbəmizi böyük sevinclə qeyd edəcəyik.

Zaman Azerbaycan





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR