Sumqayıtda hava

Cəmiyyət

Övladlara necə ad seçək? (ARAŞDIRMA)

Övladlara necə ad seçək? (ARAŞDIRMA)


Hər bir ailədə yeni körpə dünyaya gələr ən çox müzakirəyə səbəb olan məsələlərdən biri ona hansı adın veriləcəyidir. Bəzi ailələr bu məsələni uşağa nənə-babasının, yaxud dünyasını dəyişmiş yaxın qohumunun adlarını verməklə həll edir. Bəzi ailələr isə övladına tamamilə yeni ad verməyə çalışır. Övladları üçün təsadüfi ad seçən ailələrlə yanaşı, cəmiyyətdə tanınmış insanların adlarını, dini, siyasi, ictimai baxışlarına uyğun gələn adları da övladlarına verən ailələr var.

Övlada verilən ad onun xarakterinə, şəxsi inkişafına, bir sözlə gələcək həyatına birbaşa təsir edir. Ad ömür boyunca şəxsi təmsil edir, digər insanlarda şəxs haqqında ilkin təəssürat yaradır.

“YeniSumqayit.az” adlarla bağlı araşdırmasını təqdim edir.

Son illərdə ölkəmizdə körpələrə ən çox qoyulan adlar Yusif, Hüseyn, Əli, Məhəmməd, Ömər, Murad olub.

Belə ki, Ədliyyə Nazirliyinin məlumatına görə, 2012-ci ildə yeni doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Yusif olub. Yusif adı 2011-ci ildə 4011, 2010-cu ildə 2956 oğlan uşağına verilib.
Sonrakı sırada Hüseyn, Əli, Məhəmməd, Ömər adları yer alır. İlk onluqda sonrakı sırada Murad, Ayxan, Fərid, Tunar və Nihat adlarıdır. Oğlan uşaqlarına verilən ən populyar adlar sırasında sonuncu yerlərdə Ülvi, Sübhan, Vaqif, Vüsal, Ruslan, Malik, Azər və Röyal adları dayanır.

2012-ci ildə doğulan qız uşaqlarına verilən ən populyar ad Nuray olub. Ən populyar qız adları sırasında sonrakı yerlərdə Zəhra, Fatimə, Ayan, Fidan, Leyla, Zeynəb, Xədicə, Nəzrin adları, sonuncu yerlərdə isə Jalə, Aygün, Sona, Nazlı, Arzu və Pəri adları gəlir.

2014-cü il ərzində də oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif olub. Sonrakı yerlərdə Hüseyn, Əli, Murad, Ömər, Məhəmməd, Ayxan, Uğur, İbrahim, Tunar, Kənan da var.

2014-cü ildə qız uşaqlarına verilən ən populyar ad isə Zəhra olub. Populyarlıq qazanan digər qız adları isə Nuray, Fatimə, Aylin, Ayan, Zeynəb, Xədicə, Mədinə, Mələk, Məryəm və Leyla olub.

Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tutub.

Göründüyü kimi, cəmiyyətimizdə mənəvi dəyərlərə, dini inanclara olan bağlılıq uşaqlara verilən adlara da təsirsiz ötüşmür.

Buna görə də valideynlərin övladlarına ad seçərkən çox diqqətli olması lazımdır. Körpənin adı necə seçilməlidir, körpələrə hansı adları vermək olar, hansıları vermək məqsədəuyğun deyil?

Mövzunu Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar institutunun əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovla davam etdiririk.

Ə.Həsənovun sözlərinə görə, Allah təala insanlara nəsil artırmağı tövsiyə etmiş, buna görə bəşər övladına evlənmək kimi böyük neməti bəxş etmiş, ona övlad olmağı yazmış və övladına gözəl ad qoymağı ona xəbər vermişdir. Allaha inanan hər bir kəs də öz övladı üçün yaxşı ad seçməlidir.

Övladlara necə ad seçək? (ARAŞDIRMA)


Çünki, Allahın Rəsulu (s.ə.s) buyurmuşdur ki, övladlarınıza gözəl adlar seçin. Çünki, onlar Qiyamət günündə öz adları ilə və atalarının adları ilə çağırılacaqlar. Bütün insanların, mələklərin qarşısında gözəl adla çağırılmaqdan daha gözəl nə ola bilər. Bu səbəblə insana ad qoymağı uca Allah və xüsusilə göndərdiyi peyğəmbəri adların ən gözəlini qoymağı müsəlmanlara tövsiyə etmişdir.

Həmçinin adın insanın həyatında da müəyyən rolu vardır. İslam dininə görə övlad dünyaya gələndə onun sağ qulağına Azan, sol qulağına İqamə oxunur, övlad üçün dua edilir, ona gözəl ad verilir, oğlan övladı üçün iki quzu (qoç) qurbanı, qız uşağı üçün isə bir quzu (qoç) qurbanı kəsilir, saçından götürülüb onun ağırlığında gümüş məbləğində sədəqə verilir.

Övlada ad seçəndə çalışmaq lazımdır ki, Allahın keyfiyyətlərini daşıyan adlar qoyulmasın. Allahın elə adları vardır ki, onu övlada əvvələ “abd” sözü artırmaqla qoymaq olar, elə adları da vardır ki, onu qoymaq doğru deyil, həmin adın keyfiyyəti Allaha məxsusdur. Məsələn, Rəhman əvəzinə Abdurrəhman, Səttar əvəzinə Abdussəttar kimi adlar qoymaq olar.

Həmçinin Peyğəmbərimiz (s.ə.s.) buyurub ki, Allah təala daha çox Abdullah, Abdurrahman adlarını sevir. Həmçinin övladlara əvvəlki peyğəmbərlərin adlarını da qoymaq tövsiyə edilir. Bundan başqa mənası yaxşılıq olan bütün milli adları da övladlara qoymaq gözəldir. Oğlan övladlarına qəhrəmanlıq, güc, mətinlik xüsusiyyətlərini daşıyan adlar vermək olar, qız adlarına isə müxtəlif gül adları, məsələn, Lalə, Qızılgül və s. kimi gül adlarını vermək olar.

Həm dini adlar, həm də milli adətlərimizdə işlənən, mənası yaxşı olan adları övladlarımıza verə bilərik. Ancaq bəzi dini və milli adları da verməkdə diqqət etməliyik. Məsələn mələk adları, ibadət və ayin adlarını vermək bəyənilmir. Məsələn, namaz, oruc, həcc, həci, məşədi, kərbalayı kimi adların verilməsi dinimizə görə doğru deyil. Mənası başa düşülən, xoşbəxtlik, gözəllik, alicənablıq, müsbət keyfiyyətlər daşıyan dini və milli adları övladlarımıza verə bilərik.

Sonda qeyd etmək istərdik ki, İslam dininə görə övlada gözəl ad qoymaq övladın valideyn üzərindəki haqqlarından biridir. Bu səbəbdən də övladlarımıza ad seçərkən ətraflı düşünmək gərəkdir.

Yazıda Simsar.az və APA.az-ın materiallarından istifadə edilib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR