Sumqayıtda hava

Cəmiyyət

İslamda "Üç aylar" mövzusu

İslamda "Üç aylar" mövzusu

  

Üç aylar mövzusu həqiqətən də çox böyük məsələləri ehtiva edən mövzudur. Çünki, ümumən bu aylar Allaha yaxınlaşmaq üçün fürsət verilən aylardır. Bunun səbəbi də məhz ayların sultaı olan Ramazanın bu ayların içərisində olmasıdır. Bildiyimiz kimi Muhamməd peyğəmbər (ona və ailəsinə salam olsun) Şaban ayının əvvəlləri oruc tutmağı tövsiyə etmiş, son günlər, xüsusi ilə özü Şaban ayının on beşincü günündən sonra oruc tutmamışdır. Həmçinin öz ümmətinə Şaba ayının orucunu Ramazanla birləşdirməyi çəkindirmişdir. Bu gün elə islam məzhəbləri vardır ki, onlar üç aylarda islam dinində olmayan bir çox yenilikləri, dinə sonradan əlavə olunan artıq işləri görürlər. Bu da heç də qəbul edilən deyildir. Bu səbəblə müsəlma olan şəxs bütün günlərini, aylarını, illərini üç aya ayırmamalı, bütün ömrü boyu həyatını ibadətə həsr etməlidir. Çünki, bildiyimiz kimi Allah təala insanı bu dünyaya ibadət etmək üçün gətirmişdir. Üç aylar anlayışı dinə çox sonralar əlavə olunmuşdur. Biz Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) və səhabələrinin, onlardan sonra gələn növbəti nəsil olan tabiunlar və daha sonra gələn ətbaut tabinların həyatına baxdıqda görürük ki, xeyirli üç əsrdə belə üç aylar anlayışı mövcud deyildir. Əlbəttə bu səbəbdən bu anlayış dində olan bidətlərdən, yeniliklərədn biri hesab edilir.

 

Xalq arasında bu aylar və bu aylar içində olan əhəmiyyətli gün və gecələrlə əlaqədar bir çox hədislər var. Bunlardan bəziləri səhih, bəziləri zəif və təəssüf ki, bir çoxu isə uydurmadır. Xurafatların xalq nəzdindəki etibarı və olduqca məşhur olması göz qarşısında olduqda, bu kimi mövzularda uydurma hədislərin səhihmiş kimi bilindiyi görünməkdədir. Beləliklə, üç aylar haqqında xalq arasında olduqca məşhur olan, lakin hədis alimləri tərəfindən uydurma olduğu qəti bir şəkildə ortaya qoyulan hədislər vardır. Əvvəlcə bu kimi mövzularda uydurulmuş olan hədislərin ümumi xüsusiyyətlərinə qısaca bir nəzər salaq: ÜMUMİ QAYDA 1: Bəzi gün və gecələrdə qılınması lazım olan namazlarla əlaqədar hədislər uydurma hədislərdəndir. Məsələn Bazar günü və gecəsi, Bazar ertəsi günü və gecəsi və həftənin digər gün və gecələrində qılınması lazım olan (yalnız bu günlərə məxsus) namazlarla əlaqədar hədislər bunlardandır. ÜMUMİ QAYDA 2: Rəcəb ayının ilk Cümə gecəsi qılınması lazım olduğu deyilən Rəqaib namazı və bu ayın digər gecələrində qılınması lazım olduğu deyilən namazlarla əlaqədar hədislər də uydurma hədislərdəndir. Hamısı yalandır və Allah rəsuluna atılmış bir böhtandır. Acluninin təbiri ilə "bu hədislərin Qutul-Qulub, İhyau Ulumiddin, Təfsiril Sələbi kimi təsəvvüf yönümlü kitablarda olmasına aldanmaq olmaz. Acluni də bu qayalara toxunduqdan sonra belə deyir: "Hər nə qədər İhyau Ulumiddin, Qutul-Qulub adlı kitabların yazıçıları (İmam Qəzali və Əbu Talib əl-Məkki) bu hədisləri zikr etsə də, kitablarında qeyd etsə də bu mövzuda nə sünnədə, nə də hədis imamlarının yanında hər hansısa bir səhih hədis yoxdur. Çünki sünnə (onların deməsiylə deyil) ancaq Peyğəmbərin sözü, hərəkəti və təqriri ilə (yəni əməl ilə) sabit olur”. Bu uydurma hədislərdən bəziləri bunlardır: 1. "Rəcəb Allahın, Şaban mənim Ramazan isə ümmətimin ayıdır” (uydurma hədisdir). 2. "Rəcəbin ilk Cümə gecəsindən qafil olmayın. Çünki o gecə, mələklərin "Rəqaib” adını verdikləri gecədir” (uydurma hədisdir). ÜMUMİ QAYDA 3: Rəcəb ayında tutulması lazım olduğu deyilən oruc və bu ayın bəzi gecələrində qılınması lazım olduğu deyilən namazla əlaqədar bütün hədislər yalandır, böhtandır. Bu cür hədislərdən bəziləri bunlardır: 1. "Hər kim Rəcəbin ilk gecəsi axşamdan sonra iyirmi rükət namaz qılsa … o adam Sırat Körpüsünü sorğusuz sualsız keçər” (uydurma hədisdir). 2. "Hər kim Rəcəb ayında bir gün oruc tutar və dörd rükətlik bir namaz qılarsa və bu namazın ilk rükətində yüz dəfə Ayətil-Kürsini, ikinci rükətində yüz dəfə İxlas surəsini oxusa o adam Cənnətdəki yerini görmədən ölməz” (uydurma hədisdir). 3. "Hər kim Rəcəb ayında bu qədər oruc tutsa ona bu qədər…” (uydurma hədisdir). Bu formada başlayan hədislərin hamısı yalandır, uydurmadır, heç bir əsli, əsası yoxdur. Araşdırma əsasında faydalandığımız qaynaqlardan ən son qələmə alınanı, Şövkaninin "əl-Fəvaidul-Mecmua fil-Əhadisil-Mövdua” adlı kitabıdır. Bu kitab, özündən əvvəl yazılan və uydurma hədisləri təsbit edən kitablardan daha şanslıdır. Bu şansın nə olduğunu, Türkiyənin yetişdirdiyi qiymətli hədis alimlərindən M. Yaşar Qandəmir müəllim belə açıqlayır: "Çox xeyli son dövrlərdə yazılmış olması səbəbi ilə Şövqani İslam alimlərinin mövzu hədislərə qarşı açdıqları çətin döyüşlərin səmərəsi olaraq əldə olunan əsərlərin hamısından faydalanmışdır”. Şövqani mövzuyla əlaqədar hədisləri, yuxarıda adı çəkilən digər kitablara görə daha sistemli bir şəkildə ələ almışdır. O, "əl-Fəvaidul-məcmuada Rəcəb ayı ilə əlaqədar olaraq uydurulmuş hədisləri belə sıralamışdır: 1. "Rəcəb Allahın, Şaban mənim, Ramazan isə ümmətimin ayıdır. Hər kim Rəcəb ayında iki gün oruc tutsa ona iki qat əcr vardır. Bu qatlardan hər birinin böyüklüyü dünyadakı dağlar qədərdir” (hədis uydurmadır). Şövqani, bu hədisin ravisinin daha sonra "hər kim dörd gün”, "altı gün”, "yeddi gün”, "səkkiz gün” və nəhayət "on beş gün” oruc tutan adamın əcrini izah etdiyini söylədikdən sonra bu şərhi verir: "Bu, uydurma bir hədisdir. Bu hədisin isnadında iştirak edən ravilərdən Əbu Bəkr bin Həsən ən-Nəqqaş (hədis uydurmaqla) ittiham edilmiş, əl-Kisai isə tanınmır. Bu hədisi əl-Ləali əsərini yazan Syuti Əbu Səid əl-Xudridən -Allah ondan razı olsun- rəvayət etmişdir”. Şövqaninin, Suyutinin kitabında da qeyd etdiyini bildirdiyi hadisə uzun olduğu və oradan alıntı etdiyimiz təqdirdə qeydin parçalanmaması üçün aşağıda toxunacayıq. İndi Şövqaninin uydurma olduğunu ifadə etdiyi digər hədislərə davam edək: 2. "Hər kim Rəcəb ayında üç gün oruc tutsa, ona bir aylıq oruc savabı yazılar. Hər kim Rəcəb ayında yeddi gün oruc tutsa, Allah o adam üçün Cəhənnəmdən yeddi qapı bağlayar. Hər kim Rəcəb ayında səkkiz gün oruc tutsa, Allah o adam üçün Cənnətdən səkkiz qapı açar. Və hər kim Rəcəb ayının yarısını oruclu keçirsə, Allah onu çox asan şəkildə hesaba çəkər” (hədis uydurmadır). Bu hədisin sənədində iştirak edən ravilərdən Əban adlı adamın metruk olduğu, yəni özündən hədis rəvayət edilmədiyi, Əmr bin əl-Əzhərin isə hədis uydurduğu ifadə edilmişdir. Bu hədisi başqa bir yolla Hüseyn bin Ulvan atalarından rəvayət etmişdir. Lakin bu Hüseyn bin Ulvanın da hədis uydurmacısı olduğu bildirilmişdir. 3. "Şübhəsiz ki Rəcəb ayı, çox böyük bir aydır. Kim o aydan bir günü oruclu keçirsə, ona min illik oruc savabı yazılar” (hədis uydurmadır). Bu hədisin davamı, əl-Ləalil-Masnuada belə keçir: "... Hər kim Rəcəb ayından iki günü oruclu keçirsə, ona iki illik oruc savabı yazılar. Hər kim Rəcəb ayından üç günü oruclu keçirsə, ona üç illik oruc savabı yazılar. Hər kim Rəcəb ayından yeddi günü oruclu keçirsə, cəhənnəmin qapıları o kimsəyə bağlanılar. Hər kim Rəcəb ayından səkkiz günü oruclu keçirsə, ona cənnətin səkkiz qapısı açılar, o da istədiyi qapısından içəri girər. Hər kim Rəcəb ayından on beş günü oruclu keçirsə, onun seyyiatı (pislikləri) həsənata (yaxşılıqlara) çevrilər. Və göydən bir səs "(bu günə qədər etdiklərindən ötəri) Allah səni bağışladı, artıq hər şeyə yenidən başla” deyə səslənər. Hər kim daha çoxunu etsə, Allah da ona daha çoxunu verər” (hədis uydurmadır). Suyuti bu hədisin səhih olmadığını, sənəd zəncirində iştirak edən Harun b. Antərənin münkər hədislər rəvayət edən biri olduğunu ifadə edir. 4. "Kim Rəcəb ayında bir gün oruc tutsa, onun tutduğu bu oruc, bir aylıq oruca bərabərdir” (hədis uydurmadır). Bu hədisin sənədində iştirak edən əl-Furat b. əs-Saib, mətrukdur, hədisi rədd edilir. 5. "Kim Rəcəb ayından bir gecəni canlandırar və bir gün oruc tutarsa, Allah da ona cənnət meyvələrindən yedirər” (hədis uydurmadır). Bu hədis də sənədində iştirak edən Hafs b. Muharik üzündən uydurma qəbul edilmişdir. 6. "Rəcəb ayında çox istiğfar edin. Çünki o ayda Allah, hər saat bəzilərini Cəhənnəmdən azad etməkdədir” (hədis uydurmadır). 7. "Rəcəb ayında elə bir gün və gecə vardır ki o günü oruclu keçirib o gecəni canlandıran kimsə üçün yüz il oruc tutmuş kimi əcr vardır” (hədis uydurmadır). 8. "Ey İnsanlar! Böyük bir ayın, Allahın çox hörmətli ayı (əl-esamm) Rəcəbin, kölgələri üzərinizə düşmüşdür. Bu ayda yaxşılıqlar toplanar, dualar qəbul edilər, çətinliklər aradan qaldırılar” (hədis uydurmadır). Peyğəmbərimizin Rəcəb ayı girmədən əvvəl bir Cümə günü xütbədə söylədiyi iddia edilən bu sözlərin də heç tərəddüdsüz bir şəkildə münkər olduğu ifadə edilmişdir. 9. "Rəcəb ayının digər aylara olan üstünlüyü, Quranın digər kəlamlara olan üstünlüyü kimidir” (hədis uydurmadır). 10. "Allah Təala, Nuh -əleyhissalama gəmi etməsi əmrini Rəcəb ayında vermiş, onun yanında olan möminlərə də bu ayda oruc tutmalarını əmr etmişdir” (hədis uydurmadır).


İslamda "Üç aylar" mövzusu


 

Şövqaninin yuxarıda, birinci maddədə bəhs etdiyi uzun hədis, Suyutinin kitabında belə keçir: "Əbu Səid əl-Xudrinin -Allah ondan razı olsun- Peyğəmbərimiz –səlləllahu aleyhi və səlləmdən rəvayət etdiyi (mərfu) hədis: "Rəcəb Allahın, Şaban mənim, Ramazan isə ümmətimin ayıdır. Hər kim inanaraq və savabını tək Allahdan gözləyərək Rəcəb ayını oruclu keçirsə, Allahın ən böyük razılığını layiq olmuş deməkdir. Allah, onu Firdovsil alaya yerləşdirəcək. Hər kim Rəcəb ayında iki gün oruc tutsa, ona iki qat əcr vardır. Bu qatlardan hər birinin ağırlığı, dünyadakı dağlar qədərdir. Hər kim Rəcəb ayında üç gün oruc tutsa, Allah onunla Cəhənnəm arasına uzunluğu bir illik gediş məsafəsi qədər olan bir xəndək qoyar. Hər kim Rəcəb ayında dörd gün oruc tutsa, (hər cür) bəladan, dəlilikdən, cüzzamdan, alaca xəstəliyindən, Dəccalın şərindən və qəbir əzabından xilas olar. … altı gün oruc tutsa, o adamın üzü ayın on dördündən daha parlaq bir şəkildə qəbirindən qalxar. … yeddi gün oruc tutsa, onun tutduğu hər bir gündəlik oruca qarşılıq Cəhənnəmin yeddi qapısı bir-bir o adama bağlanar. … səkkiz gün oruc tutsa, onun tutduğu hər bir gündəlik oruca qarşılıq Cənnətin səkkiz qapısı bir-bir o adama açılar. … doqquz gün oruc tutsa, o adam qəbirindən "Lə ilahə illəllah” səsləri ilə qalxar və onun üzü Cənnətdən başqa bir tərəfə çevrilməz. … on gün oruc tutsa, Allah, Sırat üzərində hər mildə onun istirahət edəcəyi bir yataq yeri var edər. … on bir gün oruc tutsa, o adam sabah qiyamət günündə - özü qədər və ya daha çox oruc tutanlar xaric- özündən daha fəzilətli kimsə görməz. … on iki gün oruc tutsa, Allah Təala ona qiyamət günündə bir dənəsi dünyadan və içindəkilərdən daha xeyirli olan iki gözəl paltar geydirər. … on üç gün oruc tutsa, qiyamət günündə insanlar böyük çətinliklər içindəykən o adam üçün ərşin kölgəsində bir süfrə açılar və o adam bundan yeyər. … on dörd gün oruc tutsa, Allah Təala ona qiyamət günündə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanoğlunun təxmin edə bilmədiyi bir savab verər. … on beş gün oruc tutsa, Allah Təala qiyamət günü o adamı etibarda olan kəslərin dayanacağı bir yerə qoyar. Oraya hər nə zaman bir mələyi muqarrəb və bir peyğəmbər gəlsə ona belə deyərlər: "Müjdələr olsun sənə ki, etibarda olanlardansan” (Bu hədislər hamısı uydurmadır). Bu hədisi verdikdən sonra "uydurulmuşdur” sözünü əlavə edən İmam Suyuti, hədisin sənədində iştirak edən əl-Kisai adlı şəxsin tanınmadığını, ən-Naqqaşın isə hədis uydurmaqla ittiham edilən biri olduğunu ifadə etmişdir. Bura qədər tərcüməsi verilən uydurma hədislər bunlarla məhdud deyil. İstəyənlər adı çəkilən alimlərə və əsərlərinə müraciət edərək daha ətraflı məlumatlara çata bilərlər. Verilən bu məlumatlardan yola çıxaraq Rəcəb ayının sıravi, adi, dəyərsiz bir ay olduğu kimi səhv bir məna çıxarılmamalıdır. Çünki bu ay dörd haram aydan (əl-əşhurul-hurum) biridir. Bu aylarda döyüşmək haram edilmişdir. Haram aylar haqqında Allah Təala belə buyurmuşdur: "Göyləri və yeri yaratdığı gündə Allahın yazısına görə Allah qatında ayların sayı on iki olub, bunlardan dördü haram aylarıdır. Bax bu, doğru hesabdır. O aylar içində (Allahın qoyduğu qadağanı tapdalayaraq) özünüzə zülm etməyin...” (ət-Tövbə surəsi 36). "Səndən toxunulmaz ayı (haram ayları), o ayda edilən döyüşü soruşurlar. De ki: "O ayda döyüş ağır bir günahdır. Amma Allah yoluna mane olmaq, ona və Məscidi Harama qarşı hörmətsizlik etmək, xalqını oradan çıxarmaq Allah qatında daha ağır günahdır. Fitnə, adam öldürməkdən də ağırdır. Əgər onların gücü çatsa, sizi dininizdən çevirənə qədər döyüşə davam edərlər. Sizdən kim dinindən dönər və kafir olaraq ölərsə, etdikləri işlər dünyada və axirətdə boşa gedər. Onlar cəhənnəmdən ayrıla bilməzlər. Orada davamlı qalarlar” (əl-Bəqərə surəsi 217). "Ey möminlər! Allahın nişanələrinə (içində döyüşülməsi) haram olan aya, Kəbəyə hədiyyə edilən qurbanlığa, boyunbağılı qurbanlıq heyvanlara, Rəbblərinin hədiyyəsini və razılığını qazanmaq məqsədi ilə Kəbəni ziyarət etməyə gələnlərə əsla hörmətsizlik etmeyin” (əl-Maidə 2). Bir başqa ayədə isə Allah Təala, Allahın nişanələrinə, yəni öz qoyduğu simvollara hörmət göstərilməsinin, ürəklərin təqvasına bağlı olduğunu bildirməkdədir (Həcc 32). Rəcəb ayının içində olduğu haram ayların da bu nişanələrdən olduğu, bir əvvəlki ayədə Allah Təala tərəfindən açıqlanmışdır. Bu barədə olan hədisi şəriflərdən biri isə belədir: Əbu Bəkrə - Allah ondan razı olsun - Peyğəmbərimiz –səlləllahu aleyhi və səlləmdən belə rəvayət etmişdir: "Zaman, Allahın göyləri və yeri yaratdığı gündəki ilk vaxtına dön¬müşdür. İl on iki aydır. Bunlardan dördü haram aylardır. Üçü arxa arxayadır ki bunlar; Zilqədə, Zilhiccə və Məhərrəmdir. Dör¬düncüsü də Cəmaziyəl-əxir ilə Şaban arasında olan Rəcəbi Mudardır” (Buxari). Zikr edilən bu ayə və hədislərdən aydın olduğuna görə, digər haram aylara olduğu kimi Rəcəb ayına da hörmət etmək lazımdır. Lakin bu hörmət, yuxarıda ifadə edilən uydurma hədislərdə olduğu kimi dinimizin əslində olmayan bir sıra ibadətlər icad edərək olmamalıdır. Çünki ibadətlər ancaq və ancaq ayə və səhih hədislərlə sabit olur. Rəcəb ayında oruc tutmağı və bu ayda xüsusi namazlar qılmağı əmr və tövsiyə edən heç bir ayə və səhih hədis yoxdur. Bu ayda edilməsi lazım olduğu deyilən: "Allahım! Rəcəb və Şaban aylarını bizə mübarək et və bizləri Ramazana çatdır” (Əhməd bin Hənbəl) duasıdır. Duası da səhih bir hadisə söykənir. Çünki bu hədisin sənədində iştirak edən Zaidə b. Əbrr-Rukad adlı adamın İmam Buxari tərəfindən munkərul-hədis olduğu və bu ravinin bəzi hədisçilər tərəfindən tanınmadığı ifadə edilmişdir. Tək Peyğəmbərimiz - səlləllahu aleyhi və səlləmin - hər ay tutduğu və tutulmasını tövsiyə etdiyi Bazar ertəsi və Cümə axşamı günü orucları ilə eyyamı bid deyilən hər hicri ayın 13, 14 və 15-ci günləri tutulan oruclara Rəcəb ayında da davam edilə bilər. Bunları yuxarıdakı uydurma hədislərlə qarışdırmamaq lazımdır. Burada xüsusi ilə vurğulanmaq istənilən xüsus, digər aylarda edilməyib də yalnız bu aya, Rəcəb ayına məxsus namaz, oruc kimi hər hansısa bir ibadət olmasıdır. Bu hədislər, müsəlmanları yaxşılıq etməyə təşviq etmək üçün deyilmiş sözlərdir. Normal zamanlarda məscidin yolunu bilməyən nə qədər insan, bu gün və gecələrdə məscidlərə axın etməkdə, tövbə istiğfar edib namazlar qılmaqdadırlar. İndi bu hədislərin mövzu, yəni uydurma olduğunu söyləyərək bu etdiklərini də etməmələrini onlara bildirmək istəmirik. Bununla biz demək istəmirik ki, insanlar bu ayda Allaha tövbə etməsinlər, Allahdan bağışlanma istəməsinlər, Allaha tərəf addım atmasınlar. Şübhəsiz ki, bir kimsənin Allaha tövbə istiğfar etməsi, namaz qılıb oruc tutması kiçik hesab ediləcək bir şey deyil. Lakin yalnız bu günlərin fəzilətinə güvənib digər günlərdə dini, imanı, əməli unudan kəslərin varlığı da inkar edilə bilməyəcək bir həqiqət olaraq qarşımızda dayanmaqdadır. Bu kəsləri belə səhv düşüncələrə sürükləyən səbəblərin başında da bu uydurma hədislər gəlməkdədir. Bizim məqsədimiz də budur ki, vətəndaşlarımız öz dinlərində doğru olana bağlansınlar, səhvləri və yalnışlıqları tərk etsinlər. Bu bizə yox, onların öz dünya və axirətlərinə çoxlu xeyir gətirəcədkir.


Əkrəm Həsənov, İlahiyyat üzrə fəlsəfə doktoru, "Müasir cəmiyyətdə islam" kitabından, Bakı-2014





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR