Sumqayıtda hava

Faydalı

Abituriyent dostuma açıq məktub...

 


Dəyərli dostum! Bir neçə gün sonra imtahana girəcəksən. Həyatında ilk dəfə bu qədər çətin hadisə ilə üzləşdiyini bilir, imtahana girdiyin üçün keçirdiyin hissləri, duyğu və həyəcanı, qorxularını anlayıram...

Əzizim, dostluğumuzun ilk günlərində sənə dediyimi xatırlayır və indi də təkrar edirəm ki, səy göstərmədən və zəhmət çəkmədən uğur qazanmaq mümkün deyil. 1093 ixtiranın sahibi Tomas Edison uğurlarının sirli düsturunu açıqladıqda "bir faiz qabiliyyət, doxsan doqquz faiz çəkilən əziyyət” deyə cavab vermişdir. Əgər bu günə qədər kifayət qədər çalışmış və dərslərini müəllimlərin tövsiyələrinə uyğun hazırlamışsansa, inşallah imtahanda uğurlu nəticə əldə edəcəksən. Unutma ki, Allah heç kimin əziyyətini hədər etməz.

Özünə "mən bacarmaram”, "imtahan mənlik deyil”, "bu iş olmaz”, "məndə heçnə alınmayacaq” və sair tipli sözlər təlqin etməklə sadəcə həyəcanını artırmış olacaqsan. Çalış əhvalını müsbətə doğru dəyiş, "mən bacaracam”, "məndə hər şey alınacaq”, "mən əlimdən gələni etdim, inşallah yaxşı olar”, "Allah mənim haqqımda xeyirlisini verəcəkdir” düşün və gərginliyini minimuma endir. Bu pozitiv enerji sənə düşüncə, duyğu və davranışlarını idarə edərək daha  uğurlu nəticələr əldə etməyə kömək edəcəkdir.

Unutma sənin vəzifən nəticələri düşünmək yox, səbəblərə və qaydalara riayət etməkdir. Yəni dərslərini oxuyub özünü fiziki və mənəvi olaraq imtahana hazırlamalısan. Bütün günü imtahanın necə olacağını fikirləşməklə qızıldan dəyərli vaxtını itirməməlisən. Unutmamaq lazımdır ki, nəticənin necə olacağı Allaha aiddir.

Əziz dostum həyatda bu günə qədər olduğu kimi, bundan sonra da səni çoxlu imtahanlar gözləyir. Məktəbdə dəfələrlə imtahan vermisən, universitetə daxil olmaq üçün imtahan verəcəksən. Qəbul olduqdan sonra dörd il ərzində smestrlərdən keçmək və universiteti bitirmək üçün daha çox imtahanlar verəcəksən. Gələcəkdə magistratura, doktorantura və sair pillələri keçmək və ya işə qəbul olmaq istəsən yenidən imtahan reallığı ilə üzləşmiş olacaqsan. Yəni qısacası "bu dünya imtahan dünyasıdır”. O, qorxulu yuxu deyil, növbəti daha yüksək pilləyə addım deməkdir. Məndə olduğu kimi, imtahan bundan sonra sənin də həyat yoldaşın olacaq, səni tərk etməyəcəkdir. Belə olduqda ən yaxşı variant imtahanla dost olmaq və stressdən qurtulmaqdır.

Doğrudur, qarşıdakı imtahanda qazanılan uğur ilə bundan sonrakı həyatına istiqamət verə bilərsən, lakin imtahandakı uğursuzluq belə hər şeyin sonunu ifadə etmir. Universitetə qəbul olmaq sənin üçün "çox şeydir”, amma "hər şey demək deyildir”.

Bilirəm indi valideynlərin, müəllimlərin, dostların, qohumların və ətrafdakı insanların səninlə bağlı olan fikirləri haqqında narahat olursan. Axı onlar hamısı səndən uğurlu nəticə gözləyir?... "Birdən imtahanda uğur qazanmasam onların mənim haqqımda fikirləri necə olacaq?”, "Valideynlərim nə düşünəcəklər?” deyə özünü sorğu-sual edirsən. Dostum! Sənə ilk olaraq deyim ki, nəticənin necə olacağından asılı olmayaraq həyat davam edir və edəcək də. Bu gün sən bunları fikirləşməklə gərginlik keçirir, potensialını aşağı salmış olursan. Müsbət inanclar sənə imtahanda düşüncə aydınlığı, neqativ fikirlər isə gərginlik və həyəcan verəcəkdir. Seçim şansı bizim əlimizdədirsə, nə üçün mənfi olanı seçək? Müsbət, pozitiv düşünək ki, xəyallarımızı həyata keçirək! Deyirlər ki, güclü külək əsəndə qorxaq adamlardan fərqli olaraq, cəsarətli və ağıllı olanlar müsbət düşünərək yel dəyirmanı qururlar. Cəsarətini topla, özünə inan və qorxma! Hər şey yaxşı olacaq!

Bütün bunlarla yanaşı səni imtahan sualları da düşündürür. "Görəsən imtahanda hansı suallar düşəcək?”, "Hansı kitabdan istifadə edəcəklər?” və sair tipli fikirlər səni narahat edir. Səndən öncə bu imtahanı keçmiş birisi kimi sənə cavabını deyirəm: -İmtahanda qarşına çıxacaq suallar sənin hər gün məktəbdə oxuduğun kitablardan və keçdiyin mövzulardan olacaq. Deməli, indi edəcəyin iş çox sadədir: məktəbdə keçdiyin dərslərə bir daha diqqət yetirmək və keçilənləri təkrar etmək.

Əziz dostum səhhətinə diqqət et, sağlam qidalan, düzgün istirahət et və dinamik ol.

Sənə hər zaman olduğu kimi  uğurlar arzulayıram...

Zaman.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR