Sumqayıtda hava

Faydalı

RAMAZANA ÖZƏL - Orucun hökmləri 4

RAMAZANA ÖZƏL -  Orucun hökmləri 4

 

Davamı...

Ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs əgər sübh azanına qədər cünub qalsa və bu, bilərəkdən olsa, o gün oruc tuta bilməz. Əgər qəsdən olmasa, oruc tuta bilər. Hərçənd, onu tərk etmək ehtiyatdır.

Ramazan orucunun qəzasını tutmaq istəyən bir şəxs əgər sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu anlayarsa, güclü rəyə əsasən, o günün Ramazan ayı orucunun niyyəti ilə oruc tuta bilər.

Ramazan orucunun qəzasından başqa, kəffarə orucu kimi müəyyən bir vaxtı olmayan vacib bir orucda qəsdən sübh azanına qədər cünublu qalarsa, zahir budur ki, orucu səhihdir. Lakin yaxşısı budur ki, o, bir gün də oruc tutsun.

Əgər qadın sübh azanından əvvəl heyz ya nifasdan pak olsa və qəsdən qüsl etməsə və vaxt darlığından ixtiyar üzündən də olsa təyəmmüm etməsə, Ramazan ayının orucunda və həmçinin ehtiyata əsasən, onun qəzasında da orucu batildir. Bu ikisindən başqa, qüsl etmək ehtiyata uyğun olsa da orucu batil olmaz. Həmçinin, heyz və nifasa görə vəzifəsi təyəmmüm etmək olan bir qadın, əgər qəsdən Ramazan ayı orucu və həmçinin, onun qəzasında təyəmmüm etməzsə, ehtiyata əsasən, orucu batildir.

Qadın sübh azanından əvvəl Ramazan ayında heyz ya nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, təyəmmüm etsin, lakin sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü belədir.

Qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa, qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir.

Qadın sübh azanından sonra heyz və nifas qanından pak olsa və ya gün arasında heyz, ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir.
Əgər qadın heyz, ya nifas qüslünü unutsa, bir və ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir.

Qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib sübh azanına qədər qüsl etməsə və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, orucu batildir. Kəsirə istihazəli olan qadın hərçənd, boynuna vacib olan qüslləri istihazə hökmlərinin deyildiyi şəkildə etməsə də belə, orucu səhihdir. Həmçinin, mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir.
Meyitə toxunan şəxs məss-meyyit qüslü etmədən oruc tuta bilər, əgər oruc halında meyitə toxunsa orucu batil olmaz.

Qusmaq
Oruc tutan şəxs qəsdən qussa, əgər xəstəlik və bu kimi səbəblərin çarəsizliyindən olsa da, orucu batildir. Lakin ixtiyarsız və səhvən qussa, eybi yoxdur.
Əgər gecə bir şey yesə və onu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə, ehtiyat-müstəhəbbə əsasən, o günün orucunu qəza etsin.
Qeyd:Bu məsələdə hər kəs təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir.
Oruc tutan qusmasının qarşısını ala bilsə, bunun ona zərəri və əziyyəti olmasa, daha yaxşısı odur ki, qarşısını alsın.
Oruc tutan şəxsin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Lakin bu qədər aşağı getməmişsə, qusmaq belə lazımsa, onu xaricə çıxarmalıdır. Əgər qusmanın ona zərəri, ya da artıq məşəqqəti olursa, xaricə çıxarması lazım deyil. Əgər onu qusaraq çıxarmasa və udarsa, orucu batil olur.
Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.
Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, ehtiyata əsasən, qəsdən gəyirməsin, lakin yəqini olmasa, eybi yoxdur.
Əgər oruc tutan bir şəxs gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.
İnsan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Lakin cünub olan şəxs əgər əvvəldəki məsələlərdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Əgər insan orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, yəni öyrənməyə imkanı yoxdursa və bu barədə bir şübhəsi də olmasa və ya şəri bir dəlilə istinadı olmayıb o işi görərsə, orucu batil olmaz. Bu halda yemək, içmək və cima orucu batil edər.
Əgər oruc tutan şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Lakin onu orucunu pozmağa məcbur etsələr, məsələn; əgər ona "yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik” desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar.
Oruc tutan bir şeyi boğazına tökəcəyini, ya özünün orucunu batil edəcəyinə məcbur olunacağı bilən yerə getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən görsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, vacib ehtiyata əsasən, eyni hökmü icra etsin.

Oruc tutana məkruh olan (bəyənilməyən) şeylər
Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır:
1. Gözə dərman tökmək, dadı və ya iyi boğaza yetişsə sürmək çəkmək;
2. Qan almaq və hamama getmək kimi zəifliyə səbəb olan hər bir iş;
3. Burun otu çəkmək (əgər boğaza çatacağını bilməsə, əgər boğaza çatacağını bilsə, caiz deyildir);
4. Ətirli bitkilər iyləmək;
5. Qadının suda oturması;
6. İmalə etmək (müalicə məqsədilə qeyri-maye quru dərmanla imalə etmək);
7. Bədəndə olan paltarı islatmaq;
8. Diş çəkmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək;
9. Yaş çöplə dişləri təmizləmək;
10. Lüzumsuz olaraq ağıza su və ya bu kimi axan şey almaq. Həmçinin, məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan belə, arvadını öpsün və ya şəhvətini qaldıran hər hansı bir iş görsün.
Qeyd:Bu məsələdə hər kəs təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir.

Qəza və kəffarə vacib olan yerlər
Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə (cünub bəhsində deyilən qaydaya əsasən) pozarsa, bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməklə yanaşı, kəffarə də ona vacib olur. Lakin bu söylənənlərdən qeyrisi ilə pozarsa, qəza etməyə əlavə olaraq kəffarə də verməsi ehtiyat-müstəhəbdir.
Əgər bir şəxs bu söylənənlərdən birini onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, orucu batil olmadığı kimi, ona kəffarə də vacib olmaz.


Qafqazislam.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR