Sumqayıtda hava

Cəmiyyət

Qızıldan qiymətli toqqa - Rüstəm Sadıqzadənin əziz xatirəsinə

Qəbiristanlıqdan ayrılarkən atanın hıçqırtı, hönkürtü ilə dediyi bu sözlər hələ də qulağımdadır: "Rüstəm! Axı biz səndən bunu gözləmirdik, Rüstəm! Səndən başqa şey gözləyirdik Rüstəm! Niyə belə elədin ay Rüstəm?!....”
Bəli, çox şeylər gözləyirdik amma bunu yox! Gözləntimiz o idi ki, işinizdə daha da irəliləyəsiniz, uğurlar qazanasınız, yeni tədbirlər, layihələr həyata keçirəsiniz. Elmi işiniz...Hansı ki, müdafiə etmək qismət olmadı... Üzərində həvəslə çalışdığınız, yarımçıq qalan Sumqayıtın tarixi haqqında kitab.. Və övladlarınızın xoş günləri, xeyir işləri.. Heç kəs sizdən bunu gözləmirdi. Özü də belə tez: 35 yaşında...
Siz getdiniz. Sizdən yadigar qaldı - gülər üzlü simanız, hər kəsə təmənnasız diqqətiniz, köməyiniz. Sumqayıt gənclərinə bir sıra unudulmaz layihələr, tədbirlər qoyub getdiz... Valideynlərinizə, ailənizə iki gül bala qoyub getdiniz təsəlli olaraq..
Mənim də həyatımda sizinlə bağlı olan silinməz bir xatirə var. Mənə çox dəyərli olan bir yadigar.
Yadimdadir, hər zaman yazdığım şeirlərlə, yaradıcılığımla dərindən maraqlanırdınız. Dəfələrlə təklif etmişdiniz ki, şeirlərini diskə yığ, kitab halına sal, rəisə göstərək, köməklik edək kitabın çıxsın. Hər dəfə nədənsə qalırdı bu iş..
Nəhayət, 2014-cü ilin sentyabr ayı idi. İlk "Yarıma Məktublar” kitabım yenicə işıq üzü görmüşdü. Sevincimin həddi-hüdudu yox idi, kitabın eyforiyasında idim. Təbriklər, xeyir dualar...Həmçinin nişanım ərəfəsi idi. Bir sözlə, sevinc sevincə qarışmışdı.
Gənclər və İdman Baş İdarəsinin muzeyimizdə keçiriləcək
tədbiri ilə əlaqədar hazırlıq görməyə gəlmişdiniz. Hər zamankından daha da mehriban, gülərüz, səmimiyyətlə mənə yaxınlaşdınız:
- Aydın, təbrik edirəm, kitabın çıxıb! Bəs bizə nə vaxt kitab verirsən? Özü də avtoqraflı olsun!
- Bu dəqiqə, Rüstəm müəllim, gətirirəm!
İçəri, otağıma keçdim. Siyirməmi açdım. Yeni, qatı hələ açılmamış kitablardan birini seçdim. Forzatına belə yazdım: "Rüstəm müəllimə ən xoş arzularla”
Və yenidən foyeyə qayıtdım. Bir az işiniz var idi, gözlədim. Həvəslə, sevinclə gözlədim ki, öz əziyyətimin bəhrəsini həqiqətən də dəyər verəcək bir insana verim.
İşinizi bitirib gəldiniz. Kitabi uzatdım. Alıb diqqətlə baxdıqda içinizdəki sevinci hiss etdim.
Əlinizi dərhal cibinizə atıb şirinliyi zor gücü ilə mənim cibimə qoydunuz. Nə qədər etiraz etsəm də, "bu, sənin halalındır, əziyyətinin haqqıdır" dediniz... 
Şair üçün bundan dəyərli nə ola bilər ki?! Söhbət çox kiçicik dəyəri olan maddiyyatdan getmir. Söhbət səmimiyyətdən, diqqətdən, yüksək mədəniyyətdən gedir. Çox sevindirmişdiniz məni həmin gün. Mən də sizi sevindirmişdim. Uğuruma öz uğurunuz kimi sevinmişdiniz.
Sizin mənə verdiyiniz o şirinliyə nişanım üçün toqqa aldım. Hələ sağlığınızda bu toqqa mənə əziz idi. Çünki illərdir çəkdiyim əziyyətin bəhrəsi idi. Və indi hər gün taxdığım bu qayış mənimçün ikiqat qiymətli, müqəddəs oldu. Çünki sizin yadigarınızdır bu toqqa..
Aydın Şahid





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR