Sumqayıtda hava

Manşet, Cəmiyyət

700 bal toplayan sumqayıtlı tələbə: "Mükəmməl bir mühəndis olmaq arzusundayam."

 

Nihad Abbasov: "Özümü yalnız BANM-də hər tərəfli inkişaf etdirəcəyimə əminəm."
Abbasov Nihad Natiq oğlu 5 yanvar 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini 2015-ci ildə Qubadlı rayon İsa Məmmədov adına kənd tam orta məktəbində əla qiymətlərlə başa vurub. Məktəb illəri ərzində müxtəlif şəhər olimpiadalarında iştirak edərək yüksək yerlər tutub. Eyni zamanda, "İNEPO" beynəlxalq layihə olimpiadasının və "Sabahın Alimləri" müsabiqəsinin iştirakçısı olub. 2015-2016-cı tədris ili üzrə TQDK-nın keçirdiyi qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub.
- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hər hansı bir rol oynayır?
- 700 bal toplamaq üçün abituriyent istedadlı olmaqla yanaşı, həmçinin, öz üzərində çox çalışmalıdır. Məncə heç bir halda şansa güvənmək olmaz. Yüksək nəticə əldə etmək üçün ilk öncə gələcək hədəflər müəyyən olunmalı və əlbəttə ki, bu hədəflər insanın maraq dairəsinə uyğun gəlməlidir. Daha sonra qarşına məqsəd qoymalı, bu yolda əzmlə və səylə çalışılmalıdır. Mənim 1-ci ixtisas qrupunu seçməyimə səbəb texniki fənlərə, xüsusən də riyaziyyata olan marağım olub. Bu qrup üzrə ən düzgün seçim olduğuna inandığım BANM-na qəbul olmaq üçün çalışmağa qərar verdim. Öz potensialıma çox güvənirdim, müəllimlərimin və valideynlərimin dəstəyi isə mənim 700 bal toplamaq inamımı daha da artırırdı. Seçdiyim əzmli yolun ilk günündən vaxtımı düzgün bölərək ondan səmərəli şəkildə istifadə etməyə çalışdım. Sınaq imtahanlarında 680-690 bal toplamağım maksimal bal toplayacağıma inamımı daha da artırdı. Sonda isə, məqsədimə çatmaq üçün əlimdən gələni etdim və buna da nail oldum.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanından öncə mümkün qədər həyəcanlı olmamağa çalışırdım. İmtahan verəcəyim binaya yaxınlaşdıqda, hiss etdim ki, ürəyim tez-tez çırpınmağa başlayır. Lakin özümü tamamilə toplayıb, imtahan müddətində bütün fikrimi testlər üzərinə yönəltdim. İmtahandan sonra nəticələrimi yoxladıqda və bütün cavablarımın doğru olduğunu gördükdə, sözlə ifadə edə bilmədiyim qeyri-adi hisslər keçirtdim. 700 bal topladığımı ailə üzvlərim, müəllimlərim və yaxınlarım öyrəndikdə sevinclərinin həddi-hüdudu yox idi. Həm qürur hissi keçirir, həm də parlaq gələcək üçün hələ çox çalışmalı olduğumu bilirdim. Ölkədə 700 bal toplayan azsaylı şagirdlərdən biri olmaq qürurverici bir hissdir. Bu da mənə olan etimadları artırır, üzərimə daha çox məsuliyyət və çalışqanlıq düşür. Yenə də, bu etimadları doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin? Bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
Yüksək keyfiyyətli ingilis dilli təhsil, xarici əlaqələri, reytinq cədvəlində birinci yerdə olması, tədris prosesində müasir texnologiya imkanlarından maksimal dərəcədə istifadə edilməsi, xaricdə təhsil imkanları kimi BANM-in üstünlükləri mənə buranın ən düzgün seçim olduğunu deməyə əsas verirdi. Bütün bunlar gələcəkdə BANM-in nəinki Azərbaycanda, hətta dünyada tanınan bir təhsil ocağı olacağının göstəricisidir. Bütün bunları nəzərə alaraq, xüsusilə də gələcəkdə tələb olunan beynəlxalq mütəxəssis olmaq üçün çox düşünmədən BANM-i seçdim. Ailə üzvlərim, müəllimlərim də, seçimimdə mənə dəstək oldular və ən doğru seçimi etdiyimi bildirdilər. İxtisas seçimimdə BANM-in "Neft-qaz mühəndisliyi" ixtisasını birinci yerdə yazmaqla digər 2 ixtisasını da ardınca yazdım. Seçimim yalnız BANM oldu, çünki özümü ancaq bu Ali Məktəbdə hər tərəfli inkişaf etdirəcəyimə əminəm.
- Ən böyük arzun nədir?
- BANM-də təhsil aldığım müddətdə seçilən tələbələrdən olmaq istəyirəm və bunun üçün də çox çalışacağam. Təhsilimi xaricdə davam etdirərək yüksək ixtisaslı, təcrübəli, öz sahəsini mükəmməl bilən bir mühəndis olmaq arzusundayam. Bu, təkcə mənim yox, ailə üzvlərimin də arzusudur və bu arzunun reallaşacağına inanıram. Beynəlxalq səviyyəli mütəxəssis kimi tanınmaq, ölkəmin, təhsil aldığım ali təhsil müəssisənin adını bütün dünyada uca tutmaq isə ən böyük arzumdur.
- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?
- Gələcəkdə təhsilimi davam etdirərək ölkəmin neft-qaz sahəsinə öz töhfələrimi vermək və dünyada tanınmış mühəndislərdən biri olmaq istəyirəm. İnanıram ki, 700 bal toplayaraq bu günə kimi qazandığım ən uca zirvəni heç vaxt itirməyəcəm.
Bhos.edu.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR