Sumqayıtda hava

Cəmiyyət

EVLƏNMƏK SİNDROMU - Sumqayıtlı gəncin yazısı

EVLƏNMƏK SİNDROMU - Sumqayıtlı gəncin yazısı

 

Hər bir əlil insan evlənərək, ailə xoşbəxtliyini dadmaq, övlad sahibi olmaq istəyir. Və problem bu zaman yaranır.

Əlilliyi olan insanların qarşılaşdıqları böyük problemlərdən biri də evliliklə bağlıdır. Hər bir əlil insan evlənərək, ailə xoşbəxtliyini dadmaq, övlad sahibi olmaq istəyir. Və problem bu zaman yaranır. Sevgini etiraf etmək istədiyin biri olduğu zaman əksər hallarda insanın fiziki məhdudiyyətliliyi onun "YOX!” cavabı almasına gətirir çıxarır. Və bu da bir tərəfin digər tərəfə aqressiya ilə yanaşmasına, cəmiyyəti qınamasına və hətta özünü cəmiyyətdən təcrid etməsinə gətirib çıxarır. Belə hallarda əlil insanlar düşünürlər ki, məhz fiziki məhdudiyyətlərinə görə sağlamlıq normaları qaydasında olan insanlar onlara yaxın durmurlar. Bu tamamilə yalnış fikirdir. Ailə qurmaq üçün bir neçə vacib meyara sahib olmaq lazımdır və əlil bəylərlə əlil xanımlar bu meyarların heç olmazsa 50 faizinə sahib olsalar, heç kim onların fiziki vəziyyətinə fikir verməyəcək.

Bu yazını yazarkən, üzərində xeyli düşünməyə məcbur oldum. Əlilliyin növləri və ağırlıq dərəcələri müxtəlif olduğundan, yazını onlar arasında ümumiləşdirmək həddən artıq çətin idi. Yazı həm əlilliyi olan insanlara, həm də sağlam şəxslərə ünvanlanıb. Elə bir yazı hazırlamaq istədim ki, əlilliyi olan insanların qəlbini incitmədən, mövcud reallığı hər kəsə göstərə bilim. Elə bir yazı hazırlamaq istədim ki, savadlı insanlarda "mənasız”, sadə insanlarda isə "qəliz” təəssüratı yaratmasın.

EVLƏNMƏK  SİNDROMU

Evlənməyə qərar verdikdə qarşıma çıxan ilk maneə, əlil oğlana ərə gəlməyə razı ola biləcək bir xanım tapmaq idi. Əlil insanlarla ailə həyatı qurmaq istəməyən xanımları qınamıram və onların fikirlərinə də hörmətlə yanaşıram. Biz əlil ola-ola hər şeyin ən yaxşısını istəyiriksə, onlar niyə istəməsinlər ? Bu məsələyə həm əlilliyi olan, həm də sağlam insanların prizmasından yanaşacağam. Azərbaycan reallığında bir xanımın əlil oğlana ərə getməsi üçün ya yaşı 40-ı keçməli, ya onun da hər hansısa bir fiziki problemi olmalı, ya da ən azı bir dəfə ərə gedib-boşanmalıdır. Təbii ki, maddi sıxıntıdan, savab qazanmaq naminə və ya  ögey atanın zülmündən xilas olmaq üçün əlil oğlana ərə gedən xanımlar da var. Lakin bu cür istisnalar çox azdır. Gənc, gözəl və sağlam qızların əlil oğlana ərə getmək istəməməsinin bir neçə əsas səbəbi var. Kənar şəxslərin müdaxiləsi çox böyük amil olsa da, bu barədə bir az sonra bəhs edəcəyəm. Əsas səbəbləri saymağa başlayarkən birinci yerdə əlil oğlanın fiziki vəziyyəti dayanır. Əlil oğlana qulluq etmək məsələsi həyatda hələ ilk addımlarını atan, sadə dildə desək, "bişməmiş” bir qızı təbii olaraq qorxudur və onu narahat edir. O, bunu sadəcə olaraq necə edəcəyini bilmir və təşviş keçirir. Nəzərə alsaq ki, hər bir gənc qız yanında sağlam, gözəl və güclü bir oğlanın olmasını istəyir, onu hər cür təhlükədən müdafiə edən, ömür boyu ona dəstək olacaq bir oğlanı arzulayır, o zaman qarşısında əlil arabasında oturan və ömür boyu ondan kömək umacaq bir oğlanı görən qızların keçirdiyi hissləri təbii qarşılamaq lazımdır. Əgər oğlan əllərini də çətinliklə hərəkət etdirirsə və ya yataq xəstəsidirsə, bu zaman məsələ daha da qəlizləşir. Heç bir insanı ömür boyu bir başqasına qulluq etməyə məcbur etmək olmaz. Bundan imtina edəni isə qınamaq yalnış addımdır. Qızın özünün də arzuları var. Rəfiqələrinin yanında lovğalanmaq, rahat yaşamaq və sairə bu kimi arzuları ümumiyyətlə, əlilliyi olan gənclə evlənmə fikri ilə üst- üstə düşməz.

İkinci səbəb maddi vəziyyətlə bağlıdır. Əlil oğlanın işləyə bilməməsini görən bir xanımı gələcəkdəki sosial problemlər narahat etməyə bilməz. Tutaq ki, bu oğlana ərə getdim. Bəs sonra? Gələcəkdə maddi təminatım necə olacaq? Hazırda valideynlər hər bir şeyi öz boyunlarına götürürlər. Bəs sonra? Sonra ümid qardaş-bacı, qohum-qonşu, dost-tanış tərəfindən edilən yardımlara qalır ki, bu cür "dilənçi” kimi yaşamağı heç bir xanım özünə arzulamır. Təbii ki, əlil oğlanın valideynləri övladının qazanc əldə etmələri üçün mümkün variantlardan istifadə edərək, zəruri tədbirləri görməlidirlər. Belə olan halda bir çox problem ortadan qalxmış olacaq. Ümumilikdə isə əlil oğlan evlənmək istədikdə ilk öncə qalmaq üçün yer və yaşamaq üçün qazanc kimi vacib problemləri mütləq şəkildə həll etməlidir və bilməlidir ki, fiziki məhdudiyyətli olması onu bu cür məsuiyyətlərdən azad etmir.

Üçüncü səbəb mənəvi zərbələrlə bağlıdır. Ailə həyatı qurmaq istəyən əlil oğlanları ən çox narahat edən məsələ də budur. Əlil oğlana ərə gəlmiş xanım öz həyat yoldaşına qarşı nə qədər sevgiylə, hörmətlə, anlayışla yanaşsa da, ona hərtəfli dəstək olsa da, hər bir işində ona köməklik göstərsə də, vaxt keçdikcə qarşılaşdığı problemlər onu yorur və bəzən bezdirir. Və bu zaman əlil oğlanlar heç zaman eşitmək istəmədikləri bir sözü – "Off” kəliməsini eşidirlər. Bu cür səbəbləri kifayət qədər uzatmaq mümkündür. Sağlam oğlanların əlil qızla evlənməməsi üçün daha çox "səbəb”i var. Lakin mən bu səbəblər barəsində çox da geniş yazmayacağam.

Düşünürəm ki, geyinmək, yemək-içmək, ev yığışdırmaq, yemək bişirmək, uşaq saxlamaq və s. kimi gündəlik ehtiyaclarını təkbaşına ödəyə bilən hər bir əlil xanımın ailə qurmaq şansı var və gec-tez xoşbəxtlik qapıları o xanımın üzünə açılacaqdır. Əks halda, evdə öz ehtiyaclarını özü qarşılaya bilməyən əlil xanım ailə həyatı quranda evdə ona qulluq edəni də özüylə ər evinə aparmalıdır ki, bu da reallaşması son dərəcə çətin olan bir məsələdir.

Mən həyat yoldaşımla tanış olduqdan sonra iki aya yaxın onunla söhbət edib vəziyyəti izah etdim. Adi hallarda olduğu kimi, "Mən səni ovcumun içində saxlayacağam, sənin üçün hər cür şərait yaradacağam və s.” demək əvəzinə, ona mənimlə yaşadığı müddətdə qarşılaşacağı çətinliklərdən və problemlərdən danışdım ki, vəziyyətlə tam tanış olub, reallığı dərk edə bilsin. Bununla bərabər, ona bu problemlərdən və çətinliklərdən yaxa qurtarmağın mümkün olduğunu izah edərək, real çıxış yollarını göstərirdim. Onun hər şeyi bilməsini və qarşılaşacağı problemlərə hazır olması üçün nə lazımdırsa edirdim. Hər şeyi müzakirə edərək, razılığa gəldikdən sonra növbəti əngələ – kənar şəxslərin müdaxiləsi məsələsinə qədəm qoyduq.

Kənar şəxslər dedikdə, ilk öncə məsələyə xanımın ailə üzvləri, əsas da valideynləri reaksiya verirlər. Bəzi əlil insanlar bu məsələyə görə vaildeynləri ittiham edərək, onları qınayırlar. Əslində isə öz övladının xoşbəxt və rahat gələcəyini düşünmək hər bir valideynin təbii haqqıdır. Bu danılmaz faktdır ki, hər bir valideynin himayəsindəki övladları üçün arzuları, istəkləri, planları var. Uşağın sağlam və tərbiyəli böyüməsi, təhsil ocaqlarında yüksək təhsilə və dünya görüşünə yiyələnməsi, zərərli vərdişlərdən və nanəcib insanlardan uzaq duraraq mədəni həyat tərzinə sahib olması, öz danışıq və davranışlarıyla hər zaman onun başını uca etməsi, oğlan övladının əsgərlik borcunu layiqincə yerinə yetirməsi, gözəl və xoşbəxt ailə həyatına sahib olaraq, ona nəvə sevinci bəxş etməsi hər bir valideynin ən ümdə istəyi və arzusudur. Əgər bunlardan biri yarımçıq olarsa, bütün həyatını övladlarına sərf etmiş, onların ehtiyacını ödəmək üçün gecə-gündüz çalışmış, həyatının hər bir anını övladlarını düşünərək planlaşdıran valideynlərin həyatında böyük bir boşluğa səbəb olur. Valideyn üçün isə övladının xoşbəxtliyini, xoş gününü görmək ən böyük arzulardan biridir. Əlil oğlana ərə getmək istəyən qızın anası düşünür ki, qızının həyat təcrübəsi azdır və reallığı ona göstərib, "gözünü açmaq” lazımdır. Buna görə də ona öyüd-nəsihət verərək deyir ki, "O oğlan sənə layiq deyil, ondan sənə həyat yoldaşı olmaz. Elə bir insana ərə getsən işin-gücün ona qulluq etmək olacaq, sizin uşağınız olmayacaq və ömrün boyu gözün onun-bunun qucağında qalacaq. O, özü kiminsə himayəsində yaşayır. Səni necə dolandıracaq  və sairə”.

Valideynlərin bu evliliyə qarşı çıxmasının əsas səbəblərindən biri də özünü bu ailəyə yaxın hesab edən insanların məsələyə mənfi münasibətləridir. Qohum, qonşu, rəfiqə, iş yoldaşı, bir sözlə, özünü bu ailəyə yaxın hesab edən şəxslər həm qızın özünə, həmi də onun valideynlərinə çox böyük psixoloji təzyiq göstərirlər. Çox təəssüf ki, bu təzyiqlər toydan sonra da uzun illər davam edir. Qızın rəfiqəsi onun hisslərinə, duyğularına məhəl qoymadan deyir: "Axtara-axtara bunumu tapdın? Mən 48 yaşıma qədər evdə qalsaydım da, buna ərə getməzdim. Əgər məni məcbur beləsinə ərə versəydilər, utandığımdan evdən bayıra çıxmazdım. Heyif deyil yol gedərkən yanımda hündürboy, yaraşıqlı bir oğlan olsun? Yoxsa beləsi? Hətta düşünəndə belə tüklərim biz-biz olur”. Qızın rəfiqəsi bu sözləri deyərkən fərqində olmur ki, problem nə qızda, nə də sevdiyi əlil oğlanda deyil. Əslində problem onun öz düşüncəsindədir. Belə məsələlərə qarşı öz düşüncə tərzini dəyişə bilsə, vəziyyətin necə məsum olduğunu dərk edərdi.

Fikirlərimin daha aydın başa düşülməsi üçün sadə bir misal çəkəcəyəm. Əgər mən küçə ilə gedərkən bir insan gözünü zilləyib mənə baxırsa, deməli həmən insan son 6 ayda küçədə əlil arabası ilə gedən birini görməyib və ona görə də məni görmək ona qəribə gəlib. Mən bəzən binamızın həyətində əlil olduğumu unuduram. Çünki 20 ildir eyni binada qaldığımdan bütün qonşuların gözü mənə öyrəşib. Buna görə də saatlarla binamızın həyətində qalsam da, heç kim mənə əlil gözüylə baxmır. Bu o deməkdir ki, mənfi reaksiya verənlər həyatlarında ilk dəfədir ki, belə bir şeylə qarşılaşırlar və streotipi qırmaq onlar üçün çox çətin olur. Belələrinin sözünə fikir vermək lazım deyil. Bu tip evliliklərlə bir neçə dəfə qarşılaşsalar bu onlar üçün adiləşər. Sonra meydana qızın xalaları, bibiləri çıxıb, qızın anasına deyirlər: "Sənin ağlın harada idi ki, gül kimi qızını beləsinə ərə verirsən? Eşidəndə ətim ürpəşdi”

Bir tərəfdən tikanlı sözlər, bir tərəfdən lağlağı atmacalar, digər tərəfdən də təəccüb dolu kinayəli baxışlar. Bir sözlə, hər tərəfdən o qədər təzyiq gəlir ki, bu təzyiqin qabağında durmaq hər kəsə nəsib olmur. (Bacanağım qaynanama zəng vurub demişdi k, "qızına verməyə bir tikə çörəyin yoxuydusa, göndərərdin bizə mən onu ərə gedənə qədər saxlayardım. Day əlilə niyə ərə verirdin?”)

Təəssüf ki, insanlar bu məsələdə məsələnin yalnız bir tərəfinə baxırlar, o da gözlə görünən tərəfidir. Deyək ki, ailənin qızı bir oğlanı sevir. Qızın valideynləri oğlanla tanış olduqda onun hündürboy, sağlam və yaraşıqlı olduğunu görüb qızlarının doğru seçim etdiyini düşünürlər və oğlanı daha yaxından tanımağa çalışmırlar. Bəlkə bu oğlan narkomandır, bəlkə fırıldaqçıdır, bəlkə hansısa cinayətkar qrupun üzvüdür. Ya da qumarbazdır. Bəlkə də hansısa daxili xəstəliyi var. Valideynlər oğlanlarının seçdiyi qızın gözəlliyinə baxıb övladlarının seçimini araşdırmırlar. Daha demirlər ki, bəlkə bu qız fahişədir, bəlkə də səfil həyat tərzi keçirir. Bu saydığım problemlər əlilliyi olan oğlanlarda və qızlarda ən az 90 faiz az rast gəlinir.

Telekanallarda 10 manata görə küçədə birini soyan, narkotika alveri edən və ya adi bir şeyə görə həyat yoldaşını qətlə yetirən hündürboy, sağlam və yaraşıqlı oğlanları görən insanların məsələnin digər tərəfini də dərk etmək vaxtları çatmışdır. Ərə gedən qız və onun yaxınları dərk etməlidirlər ki, qız ər evinə "qaçdı-tutdu” oynamaq üçün yox, öz evinin xanımı olmaq üçün gedir.

Kənar şəxslər məsələsində də həyat yoldaşımla birgə bir xeyli təzyiqlərlə qarşılaşsaq da, iradə nümayiş etdirərək yolun sonuna qədər gedə bildik. Hətta "Toy haradan çıxdı? Belə vəziyyətdə toy eliyəcəksiz? Ayıbdı! Day bu qədər ağ eləməyin” kimi sözlər deyən insanları yolumuzdan kənarlaşdıraraq, şadlıq saraylarının birində çox gözəl məclis təşkil edib, hər bir kəsi sevincimizə şərik etdik. Çünki bizim toy eləməyimizi ayıb sayanlar öz düşüncələrinin və mənfi stereotiplərin təsiri altındaydılar və bizim hisslərimizi ümumiyyətlə, nəzərə almırdılar. Təbii ki, biz dəbdəbəli məclislə deyil, sadə və sakit şəkildə də ailə həyatı qura bilərdik. Bəs sonra? Sonrası isə budur ki, istəmirdim ki, həyat yoldaşım ağ gəlinlik geyinərək sevinən qızlara həsədlə baxıb, əlil oğlana ərə getdiyi üçün bütün bunlardan məhrum olduğunu düşünsün. İstəmirdim ki, ucadan fit verib, yanımızdan keçən toy karvanının arxasınca baxaraq içimizdə yanıqlı ah çəkək və hər şeyin qaydasında olduğunu göstərmək üçün yalandan bir-birimizin üzünə gülümsəyək.

P.S. Məni başa düşən, sevən və hörmət edən xanımla qarşılaşdım. Evlənmək üçün qarşıma çıxan problemləri həll edib, bütün təzyiqlərə sinə gərdim. Bütün adət-ənənələrə riayət edərək toy etdim. Hər şeyin arxada qaldığını və bundan sonra hər şeyin daha asan və rahat olacağına isə heç bir şübhəm yoxdur.

Samir  İmanov, Sumqayıt





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR