Sumqayıtda hava

Manşet, Faydalı

Qurban bayramının tarixi, Qurban adətləri

Qurban bayramının tarixi, Qurban adətləri 


Qurban, ərəb dilində "qaraba”, yaxınlaşmaq kökündən düzəlib, yaxınlıq bildirir. Şəriətdə isə Qurban, böyük hәcc ayı olan Zilhiccə ayının onuncu (bayram) günündә, bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvana deyilir. İbadət niyyəti ilə xüsusi vaxtda, müəyyən xüsusiyyətləri daşıyan heyvanın kəsilməsinə də Qurban deyilir. Qurban üçün ərəb dilində "udhiyyə” və "zəbh” sözləri də ifadə olunur. Mənası ibadət niyyəti ilə heyvan kəsmək deməkdir. Qurban, mal varlığına bağlı olan ibadətlərdən biridir. Bu Allah təalanın bəxş etdiyi nemətlərin şükrünü vermək üçün bir borcdur. Hər bir müsəlman gücü çatan qədər Allah yolunda Qurban kəsməlidir.
Qurban ibadətinin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Bu gün dinimizdə bunu İbrahim əleyhissalama dayandırırıq. Allahın peyğəmbəri olan İbrahim əleyhissalam bir oğlu olacağı təqdirdə onu Allah yolunda qurban edəcəyini nəzir etmişdir. Aradan illər keçmiş, İbrahim peyğəmbərin oğlu olmuş, amma İbrahim peyğəmbər nəzirini unutmuşdu. Bu səbəblə Allah təala yuxuda İbrahim peyğəmbərə oğlu İsmayıl peyğəmbəri qurban kəsdiyini göstərmiş, nəzirini yadına salmış, İbrahim peyğəmbər nəzirini yerinə yetirmək üçün oğlu İsmayıla müraciət etmişdir. İsmayıl əleyhissalam atasına itaət etmiş, atasına demişdir ki, Allaha verdiyin nəziri yerinə yetir. İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsmək istəyərkən Allah təala onun yerinə qoyun göndərmiş və hər ikisi bu imtahandan çıxmışlar. Allah təala Qurani Kərimdə belə buyurur: "Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman, Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər): "İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! (Qurani Kərim, Saffət surəsi 101-113).
Beləliklə bu hadisədən sonar Allah təala Adəm övladlarına lütf edərək onlara özlərində olan nemətlərin şükrünü vermək üçün qurban kəsməyi əmr edir. Qurban kəsməklə insan Allaha yaxınlaşır. Bununla Allahın qulları Allaha qarşı fədakar olduqlarını göstərmiş olurlar. Bu səbəblə də başqa ibadətlər kimi Qurban ibadətində də yaxşı niyət və ixlas, yəni Allah üçün səmimiyyət əsas şərtdir. Allah təala Qurani Kərimdə bu səmimiyyəti belə ifadə edib: "..Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!” (Həcc surəsi 36-37). Qurban kəsməyi bəzi alimlər fərz, bəziləri vacib, bəziləri isə sünnət hesab ediblər. Ən yaxşı halda bütün alimlər yekdil qərara gəliblər ki, Qurban kəsmək Allahın əmri olduğu üçün gücü çatan hər kəsin o ibadəti yerinə yetirməsi şərtdir. Allah təala Kövsər surəsində də Qurban kəsməyi əmr edib: "Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (Kövsər surəsi 2).
Alimlər Qurban kəsənlər üçün şərtlər müəyyən ediblər. Aşağıdakı şərtləri daşıyan şəxslər qurban kəsməlidirlər: müsəlman olan, ağıl sahibi, yetkinlik həddinə çatan, azad olan, səfərdə olmayan, qurban kəsməyə maddi imkanı olan. Əgər bir şəxsin borcu varsa ona vacib olan borcunu ödəməsidir. Borclu olduğu halda təzədən borc edərək qurban kəsmək düzgün deyildir. Həzrəti Əli də buyurub ki, müsafir olana Cümə namazını qılmaq və qurban kəmsək vacib deyildir.
Qeyd edim ki, Qurban kəsməzdən əvvəl bayram günü səhər tezdən bayram namazına gedib, daha sonra qurbanı kəsmək lazımdır. Sonra isə yaxın qohum əqrəbalarla ziyarətləşməli, bayramlaşmalıdır. Qurban bayramları günlərində isə daima Allah zikr olunmalıdır. Belə ki, İslam dininin bizə əmanət qoyduğu iki böyük bayramda, Qurban və Ramazan bayramlarında müsəlmanlar təkbir gətirirlər. Yəni Allahı böyük tutur, onun şəninə təriflər deyirlər. Allah təala Özünə tərif deyilməsini daha çox xoşlayır. Ona tərif deyənlərdən razı qalır. Bunlar mənbələrdə bildirilib. Qurban bayramı günü təkbiri Ərəfə günü günəş batdığı andan etibarən başlayar və imam bayram namazını qıldırmağa gələnə qədər davam edər. Necə edilməsinə gəldikdə: (Müsəlmanın bayram təkbirləri üçün) belə deməsi lazımdır:
Öz ehtiyacını ödəməyə gücü çatan, oturacaq evi olan, evində kifayət qədər istifadə etməsi üçün əşyası olan, minik vasitəsi olan, istifadə edəcəyi bütün nemətləri olan, üç dəfəlik dəyişəcək paltarı olan, həm özünün, həm də ailə üzvlərinin və keçimində məsuliyyət daşıdığı şəxslərin ehtiyaclarını ödəməyə gücü çatan, bundan artıq da pulu qalan hər kəsin qurban kəsməsi lazımdır. Ancaq bir şəxs öz ehtiyaclarını ödəyə bilmirsə, ailəsini normal dolandıra bilmirsə, borcu varsa ona qurban kəsmək vacib deyil. Qurbanı qoyundan, keçidən, inəkdən, dəvədən, camışdan kəsmək olar. Bu heyvanların həm erkəklərindən, həm də dişilərindən qurban kəsməyə icazə verilir. Qoyun və keçinin 6 aylıq və 1 yaşı, inəyin və camışın iki-üç yaşdan yuxarı olması şərtdir. Keçilərdə isə altı aylıq olması doğru deyildir. Ən azı bir yaşını tamamlamalıdır. Qüsurlu heyvanların qurban kəsilməsinə də icazə verilmir. Kor olması, sümüklərinə qırıqlıq olması, zəif olması, yeriyə bilməyəcək qədər topal olması, qulaqlarının və burnunun kəsik olması və s. kimi müxtəlif növ eyibləri olan heyvanlardan da qurban kəsilməsi doğru deyildir. Qurbanı müsəlman olan şəxsin kəsməsi daha yaxşıdır. Ən üstünü olan budur ki, hər kəs özü öz qurbanını kəssin. Qurban kəsərkən "Bismilləh”, "Allahu Akbar” deyilməsi lazımdır. Qurban kəsərkən oxunan dualar hədislərdə gəlmişdir. Əsas olan odur ki, özü başa düşdüyü kimi də niyət edib qurbanını kəsə bilər. Məsələn, Ey İbrahim peyğəmbərin, İsmayıl peyğəmbərin qurbanını qəbul edən Allah, məndən və ailəmdən də bunu qəbul et. Başqası üçün kəsəndə həmin şəxsin adını çəkərək filankəsdən və ailsindən bu qurbanı qəbul et deyərək başa düşdüyü kimi dualar edə bilər. Qurban kəsildikdən sonra əti üç hissəyə bölünməli, bir hissəsini özünə və ailəsinə saxlamalı, bir hissəsini yaxınlıqda qalan qonşulara, digər hissəsini də yaxın və uzaq qohumlara paylaya bilər. Ən yaxşısı ehtiyac sahiblərindən başlamaq lazımdır.
Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru).
Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil-Həmd. Və ya belə deməlidir: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Və lilləhil-Həmd. Yəni üç və ya iki dəfə "Allahu Əkbər” deməsidir ki, hər ikisi də caizdir (icazəlidir). Yalnız bu şüarı açıqca göstərməsi lazımdır. Buna görə kişilərin, dükan və bazarlarda, məscidlərdə və evlərdə bununla səslərini yüksəltmələri lazımdır. Qadınların isə sakit səslə (öz ürəklərində, yəni dillərinin altında sakitcə) söyləmələri daha fəzilətlidir.
Qurban bayramınız mübarək olsun.
Əkrəm Həsənov - İlahiyyat üzrə fəlsəfə doktoru





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR