Sumqayıtda hava

Cəmiyyət

Azərbaycan sənayesinin ilk elmlər doktoru - Sumqayıt Bələdiyyəsinin sədri haqqında

Azərbaycan sənayesinin ilk elmlər doktoru - Sumqayıt Bələdiyyəsinin sədri haqqında



Azərbaycan sənayesinin ilk elmlər doktoru
"Bu çox nadir haldır ki, Əbülfəz Babayev kimi istedadlı bir elm adamı zavodda qalıb işləyir və elmi axtarışlarını elə orada uğurla davam etdirir. Bilavasitə istehsalatda çalışaraq, elmi nəzəriyyə ilə, həm də konkret praktik əhəmiyyəti olan nəzəriyyə ilə məşğul olmağa hər adam qadir deyil. Babayevin bu sahədə unikallığını həm də o fakt sübut edir ki, o, Azərbaycan sənayesinin (elminin yox, məhz sənayesinin!) yetişdirdiyi ilk elmlər doktorudur.
Onun monoqrafiyası dərin elmi əsaslar üzərində qurulmuş, eyni zamanda konkret praktik işə, istehsalata xidmət edən fundamental, olduqca dəyərli bir əsərdir. Əbülfəz Babayev elmi fikirlə istehsalatın effektiv vəhdətinə nail olmağı bacaran nadir bir fenomendir. Belə bir istehsalatçı alimi, öz işinin professoru olan bir adamı layiqincə qiymətləndirmək lazımdır”.
Dzantemir TMENOV,
Ukraynanın əməkdar elm xadimi,
kimya elmləri doktoru, professor. 1991-ci il.

Ə.Babayevin kimyaçı bioqrafiyasının mühüm məqamları
1972-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu kimyaçı mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra təyinatla Sumqayıt Sintetik Kauçuk zavodunda işə başlayan Əbülfəz Babayev ilk gündən özünün kimya istehsalatına böyük marağı, elmi axtarışlara olan meyli ilə nəzər-diqqəti cəlb etmişdi.
Artıq 1975-ci ildə - müəssisədə işə başlamasının üçüncü ilində o, gənc mühəndis-kimyaçı kimi özünün 15-dən artıq səmərələşdirmə təklifinin istehsalata tətbiqinə nail olmuş və "Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi” adına layiq görülmüşdü. Elə həmin il o, Kazan şəhərində keçirilən, polimer materialların istismar xassələrinə həsr edilmiş Ümumittifaq elmi-praktik seminarına dəvət edilmişdi. SSRİ-nin görkəmli kimyaçı alimlərinin də iştirak etdiyi tədbirdə gənc kimyaçı kimi Əbülfəz Babayevə də söz verilmişdi. Onun modifikasiya edilmiş butil-kauçukun əsasında alınan rezinlərin vulkanlaşdırılması ilə bağlı məruzəsi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elmi axtarışlara olan marağı ilə o, müəssisənin gənclərini də elmi-texniki axtarışlara cəlb etmək məqsədilə respublikada ilk dəfə olaraq zavodun gənc mütəxəssislərindən ibarət "elmi-tədqiqat qrupu” da yaratmışdı.
Təsadüfi deyil ki, onun bütün sonrakı mühəndis-texnoloq fəaliyyəti istehsalatın texniki yeniliklər, elmi əsaslar üzərində qurulması və daim təkmilləşdirilməsi ilə bağlı olmuşdur. 30 ilə yaxın Sintetik Kauçuk zavodunda çalışan, SSRİ-nin neft-kimya sənayesində ən gənc baş mühəndis olan Ə.Babayev bu vəzifədə 19 il səmərəli fəaliyyət göstərmiş, sonrakı illərdə (2001-2005) Etilen-polietilen zavoduna rəhbərlik etmişdir. Diqqətəlayiqdir ki, Əbülfəz Babayev bilavasitə istehsalatın ehtiyaclarından irəli gələn elmi axtarışlar aparmaqla özünün həm namizədlik, həm də doktorluq dissertasiyasını bilavasitə zavod şəraitində, istehsalatdan ayrılmadan hazırlayıb müdafiə edən ilk azərbaycanlı kimyaçı alim, yalnız kimya sənayesinin deyil, bütövlükdə Azərbaycan sənayesinin ilk elmlər doktorudur.
Özünün çoxsaylı, həm də qiymətli elmi axtarışları və nailiyyətləri sayəsində Beynəlxalq Mühəndislik Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor kimi yüksək elmi titul və dərəcələr qazanmış Əbülfəz Babayevi nəinki MDB ölkələrində, hətta bir çox xarici ölkələrdə istehsalatçı-alim kimi tanıdan, nüfuzunu daha da artıran, onun bir çox sovet alimlərinin, hətta elmi-tədqiqat institutunun nail ola bilmədikləri yeni texnologiyalar işləyib-hazırlaması, yüksək elmi-texniki nailiyyətləri olmuşdur. Təsadüfi deyil ki, əldə etdiyi çoxsaylı uğurlara görə Ə.Babayev iki dəfə Beynəlxalq Mühəndislik Akademiyasının Qızıl medalına layiq görülmüşdür.
Əbülfəz Babayevin sayəsində SSRİ miqyasında ilk dəfə olaraq nitril latekslərinin istehsalının fasiləsiz texnologiya üzrə alınmasına, dinyada ilk dəfə olaraq ən yüksək təmizliyə malik (99,99 faiz! Onun istehsal olunduğu digər 4 ölkədə bu mühüm göstərici 99,9-dan çox deyil) mütləq izopropil spirtinin istehsalına Azərbaycanda nail olunmuşdur. Məhz həmin kimyəvi məhsul müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünya bazarına çıxarılmış və respublikanın ağır iqtisadi dövründə yüz minlərlə dollar gəlir gətirmişdir.
Ölkəmizin iqtisadiyyatının inkişafında mühüm yer tutan neft-kimya kompleksinin xammal mənbəyi olan "EP-300” qurğusunun tikintisi bilavasitə Əbülfəz Babayevin iştirakı ilə, texnologiyasının mənimsənilməsi isə onun elmi-texniki rəhbərliyi ilə aparılmışdır. Məhz onun sayəsində mütləq təmizliyə malik izopropil spirti, izopropil efiri ilə yanaşı stirol monomeri, müxtəlif latekslərin alınma texnologiyası müvəffəqiyyətlə istehsalata tətbiq olunmuş, bir çox kimyəvi məhsulun keyfiyyəti beynəlxalq standartlar səviyyəsinə çatdırılmış və onlar dünya bazarına çıxarılmışdır. Bütün bunların nəticəsi olaraq Sumqayıtda yüzlərlə iş yeri qorunub-saxlanmışdır.
Həmin dövrdə Ə.Babayevin tədqiqatlarının əsas istiqaməti məhz "EP-300” kompleksinin səmərəliliyini artırmaq məqsədilə qurğuda alınan bütün məhsulları istehlak tələbləri səviyyəsinə çatdırmaq olmuşdur. Bunun üçün o, təmiz benzolu ayırmadan alkilləşmə prosesi apararaq, etilbenzolun (stirol üçün xammal) alınması texnologiyasını işləyib-hazırlamış və onların istifadəsiz qalmış avadanlıqlarda istehsalını həyata keçirmişdir. İstehsalatçı alim kimi o, ”Sintezkauçuk” zavodunda Azərbaycanda ilk dəfə olaraq aktiv katalizator kompleksinin istehsalına da nail olmuşdur ki, bu da yeni bir elmi uğur olmaqla yanaşı iqtisadiyyatımız üçün də xüsusi əhəmiyyət kəsb etmişdir. Ə.Babayev Azərbaycandan olan yeganə tədqiqatçı-alimdir ki, Moskva və Leninqrad alimlərinin bilavasitə müraciəti üzrə onun istehsalat şəraitində qısa bir vaxtda işləyib-hazırladığı kimyəvi maddədən əsrin faciəsi olan Çernobıl qəzasının radiasiya zonasına qoruyucu "örtük” çəkilməsində istifadə olunmuşdur.

Ə.Babayev nazirliyi necə təəccübləndirdi?
…Azərbaycanın dahi rəhbəri, Ulu öndər Heydər Əliyevin ölkənin neft-kimya sənayesinin yenidən qurulması proqramı çərçivəsində ötən əsrin 70-ci illərinin sonlarında layihələndirilməsinə başlanılmış "EP-300” kompleksinin tikintisi aparılarkən SSRİ Neft-Kimya Sənayesi nazirinin müavini Leonti Karpenko Sumqayıta gəlmişdi. Tikintinin gedişinin qrafikdən müəyyən qədər geri qalması onda qurğu işə salındıqdan sonra yeni texnologiyanın mənimsənilməsi prosesinin də xeyli uzanacağı qənaətini yaratmışdı. Lakin 1987-ci il dekabrın 31-də tikinti başa çatıb, qurğu istismara verildikdən 19 gün sonra ilk məhsul – etilen alınması mümkün olmuşdu.
SSRİ-nin analoji qurğularında hazır məhsul çıxımına yalnız 5-6 aydan sonra nail olunduğundan, Sumqayıtda bu prosesin cəmi 19 günə başa çatdırılması barədə Moskvaya raport verəndə, nazirlikdə buna inana bilməmişdilər. Lakin həqiqət bu idi ki, Sumqayıt kimyaçıları belə bir yüksək nəticə, rekord əldə edə bilmişdilər – hər şeyi qabaqcadan ölçüb-biçərək, işin gedişi zamanı ekspromt olaraq konstruksiya və texnologiyada müəyyən yeniliklər tətbiq etmiş Ə.Babayevin sayəsində.

"Babayev, kömək edin...”
...Təxminən 25 il əvvəl, Sovetlərin dağılacağının hələ güman edilmədiyi bir dövrdə Moskvadan, SSRİ Neft-Kimya Sənayesi Nazirliyindən Ə.Babayevə xəbər çatdırılmışdı ki, Omskın Sintetik kauçuk zavodunda ağır istehsalat qəzası baş verib. Nazirliyin nümayəndələrinin də hadisə yerində olmasına, müəssisənin mütəxəssislərinin, qəza xidmətlərinin bütün səylərinə baxmayaraq, artıq ikinci gün idi ki, qəzanın nəinki qarşısını almaq, heç hansı səbəbdən törəndiyini də bilmək olmurdu. Omck böyük təhlükə qarşısında idi. Şəhər rəhbərliyi də, nazirlik də böyük təşviş içərisində idi – vaxt keçdikcə vəziyyət daha da gərginləşirdi, hər an patlayış və böyük dağıntı, bədbəxtçilik ola bilərdi. Nazirliyin və müəssisənin baş mütəxəssislərinin məsləhətləşmələri heç bir nəticə verməmişdi.
Belə bir məqamda nazirlikdən sintetik kauçuk istehsalatlarının "xarakterinə” yaxşı bələd olduğu üçün Ə.Babayevə də müraciət edilmiş, öz fikir və məsləhətlərini bildirməsi xahiş olunmuşdu. Ona verilən tələsik, qısa məlumatdan Omskda nə baş verdiyini öyrəndikdən və qəzanın xarakterini təhlil etdikdən sonra o, buna səbəb ola bilən nasazlıqları aradan qaldırmaq üçün ilkin mülahizələrini bildirib, hansı ardıcıllıqla və nə etmək lazım olduğunu söyləmişdi. Bundan sonra hər şey onun qiyabi olaraq dediklərinə hadisə yerində nə dərəcədə düzgün əməl ediləcəyindən asılı idi.
Təxminən 4 saat sonra Omskdan xoş xəbər gəldi – qəzanın qarşısı Ə.Babayevin "təlimatına” əməl edilərək alınmışdı. Bir gün sonra isə sumqayıtlı "xilaskar”a həm nazirlik, həm də zavod kollektivi adından təşəkkür bildirilmişdi.
Təbii ki, Əbülfəz müəllim üçün nazirliyin təşəkküründən daha vacib olan o idi ki, o, baş vermiş qəzanın səbəbini min kilometrlərlə uzaq məsafədən, qiyabi olaraq, həm də çox dəqiqliklə müəyyən edə bilmiş və öz təklifləri ilə onun qarşısını almaqda iştirak etmişdi.
Bu, həm də təkcə Əbülfəz Babayevin yox, Azərbaycan elminin qələbəsi, kimya elminin respublikada yüksək inkişaf səviyyəsində olduğunun təsdiqi idi. Ən əsası isə o idi ki, yaranmış ağır vəziyyətdə Moskva məhz Azərbaycana, onlar üçün "qlubinka" sayılan Sumqayıta müraciət etmişdi. İşin öhdəsindən gələ biləcək yeganə bir mütəxəssis olaraq Moskvanın SSRİ kimi nəhəng bir ölkədə məhz Azərbaycan kimçyaçısına müraciət etməsinin özü qürurverici idi.

***

1994-cü ildə Ə.Babayev Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü seçilmişdi. Həmin Akademiyanın üzvləri arasında təkcə kimyaçı alimlər yox, həm də radiasiya və kosmik tədqiqatlar, müdafiə sənayesi sahəsində çalışan görkəmli alimlər, hərbçi generallar da vardı. Belə ki, orada seçim məsələsi son dərəcə ciddi və məsuliyyətlə aparılırdı.
Bir il sonra - 1995-ci ilin ortalarında həmin Akademiyanın kimya şöbəsinin müdiri Bakıya gəlmişdi. Onu Azərbaycanın Nazirlər Kabinetinin nümayəndəsi və Ə.Babayev qarşılamalı olmuşdu. Görüş zamanı moskvalı akademik bildirmişdi ki, Akademiyanın müxbir üzvlüyünə yeni seçilənlərə səsvermədə iştirak edən akademiklər Ə.Babayevin kimyanın aktual problemləri ilə bağlı müxtəlif elmi jurnallarda dərc olunan məqalələrinə xüsusi maraq göstərdiklərindən və onun elmi tədqiqatlarını yüksək qiymətləndirdiklərindən seçki zamanı Ə.Babayevə yekdilliklə səs vermişdilər.
Görünür, heç də təsadüfi deyildi ki, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Kanada, İtalıya və digər ölkələrin elmi-texniki jurnallarında dərc olunmuş 300-dən artıq elmi məqalənin, 100-dən çox patent və ixtiranın, 17 monoqrafiya və dərs vəsaitinin müəllifi olan Ə.Babayev elə həmin il Nyu-York Elmlər Akademiyasının, iki il keçdikdən sonra isə həm də Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdi.

"Siz heç vaxt nitril lateksi ala bilməyəcəksiniz!"
Ötən əsrin 80-ci illərinin əvvəllərində sənayenin müxtəlif sahələrində, xüsusilə yüngül sənayedə tələbatın yüksək olduğu, lakin tərkibində zəhərli xlorun az olmadığı xloropren lateksi əvəzinə xlorsuz olan nitril latekslərinin sənaye üsulu ilə, həm də fasiləsiz texnologiya ilə alınması məsələsi sovet kimyaçılarını çox ciddi şəkildə düşündürürdü. O zaman həlli çox çətin və mürəkkəb olan bu işin üzərində SSRİ Elmlər Akademiyasının Leninqrad, Voronej və Yaroslavl Elmi-Tədqiqat İnstitutlarının tanınmış alimləri ilə yanaşı "Sintezkauçuk” İB-nin Baş mühəndisi Əbülfəz Babayev də bilavasitə texnoloji proseslərin davam etdiyi istehsalatda - özünün «elmi-tədqiqat institutunda» çalışır, tədqiqat aparırdı.
Onu belə bir çətin problemin həllinə girişməyə sövq edən bir-neçə səbəb var idi. Əvvəla, o, bir azərbaycanlı mühəndis kimi heç cür qəbul edə bilmirdi ki, sənayenin bir çox sahələri üçün son dərəcə vacib olan xloropren lateksinin SSRİ-də yeganə istehsalçısı olan Yerevan bu sahədəki monopoliyasından sui-istifadə edərək, İttifaqın bir çox sənaye müəssisələrini çıxılmaz vəziyyətdə qoyurdu - gah qiymətləri qaldırır, gah da həmin məhsulun istehlakçılara verilməsini qəsdən ləngidir, bəzən də tamamilə dayandırırdı. SSRİ sənayesinin bir çox sahələrini xammalla təchiz edən "Nairit” zavodu xloropren istehsalatını rekonstruksiya adı ilə saxlamaq və bununla bağlı Moskvadan külli miqdarda vəsait qopartmaq niyyətində idi (söhbət 1988-ci ildən gedir – o zaman ermənilər təkcə Azərbaycana yox, həm də Kreml rəhbərliyinə qarşı ən kəskin tələblər, iddialar qaldırırdılar). Ancaq erməni hiyləgərliyi ilə qurulmuş ultimativ tələblərə baxmayaraq, İttifaq nazirliyi onların arzusunda olduğu vəsaiti ayırmaq fikrində deyildi. Odur ki, "Nairit”in fəhlələri uzunmüddətli tətillərə başlamışdı və bununla bağlı həmin zavodun məhsulundan xammal kimi istifadə edən istehlakçı müəssisələrdə vəziyyət gərgin xarakter almışdı.
Düzdür, həmin ərəfədə xloropreni əvəz edə bilən, başlıcası isə tərkibində xlor olmayan, bütün texniki parametrlərinə görə ondan xeyli üstün və zərərsiz olan nitril lateksinin SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr içərisində ilkin olaraq Sumqayıtda, "Sintezkauçuk” zavodunda istehsalına başlanılmışdı. Ancaq təəssüf ki, məhsul yalnız fasiləli rejim üzrə, kiçik partiyalarla alınırdı ki, bu da çətinliklər bahasına başa gəlir və İttifaq sənayesinin tələbatını ödəyə bilmirdi.
Prosesin texnologiyası o dərəcədə qeyri-mükəmməl, natamam işlənmişdi ki, əsas mühəndis-texniki korpusun diqqətinin məhz məhsul çıxımına yönəlməsinə, bunun üçün maksimum səy göstərilməsinə baxmayaraq, istənilən keyfiyyəti almaq mümkün olmurdu. Hətta hər dəfə zay olmuş lateksə bənzər kütlə dənizə atılmalı olurdu və bu, ekologiyaya böyük ziyan vurmaqla yanaşı, zavodun istehsal həcminin kəsirdə qalması ilə nəticələnir, maliyyə vəziyyətinə ciddi təsir göstərirdi. Problem onda idi ki, mövcud texnologiya üzrə işləyərkən alınan lateks kütləsi proses zamanı bərkiyərək, reaktoru sıradan çıxarırdı. Həm də prosesi yenidən başlamaq üçün hər dəfə həmin bərk kütlənin 12 kub metrlik reaktordan çıxarılması, hissə-hissə kəsilib-qopardılaraq, reaktordan xaric edilməsi üçün iə 80 nəfərə qədər fəhlə son dərəcə ağır və yorucu olan işə cəlb edilirdi.
Yaranmış xoşagəlməz vəziyyət Ə.Babayevin ciddi narahatlığına səbəb olurdu. Digər tərəfdən isə nitril lateksi həm Azərbaycanın, həm də bütövlükdə SSRİ sənayesinin müxtəlif sahələri, o cümlədən hərbi sənaye üçün son dərəcə lazımlı, olduqca vacib, qiymətli bir kimyəvi məhsul idi. Odur ki, necə olursa-olsun, daha optimal, daha səmərəli variant işlənib-hazırlanmalı idi. Mövcud texnologiyanın təkmilləşdirilməsi və ya yenisi ilə əvəz edilməsi üçün isə ciddi elmi axtarışlar aparmaq tələb olunurdu.
Ancaq Ə.Babayevi yeni texnologiyanın hazırlanmasına sövq edən başqa bir səbəb də var idi... Nitril lateksi məsələsi İttifaq nazirliyində müzakirə olunarkən Təchizat İdarəsinin müşavirədə iştirak edən xanım rəisi orada etinasızlıq və təkəbbürlə Sumqayıt kimyaçılarının nitril lateksinin alınmasına heç zaman nail ola bilməyəcəklərini, bununla da nazirliyi pis vəziyyətdə qoyacaqlarını iddia etməsi idi.
Həmin müşavirədən təxminən 4 ay keçdikdən sonra problemin həlli yolunda Ə.Babayevin gərgin səyləri, elmi təhlil və araşdırmaları uğurla nəticələndi – texnologiyanın demək olar ki, yenidən işlənərək, bütünlüklə dəyişdirilməsi, avadanlıqda rekonstruksiya aparılması nəticəsində Sumqayıt kimyaçıları, nəhayət ki, SSRİ-də ilk dəfə olaraq nitril latekslərinin fasiləsiz metodla alınmasına nail oldular. Azərbayçanın görkəmli kimyaçı alimi akademik Musa Rüstəmov Ə.Babayevin bu elmi uğuru ilə bağlı fikirlərini bölüşərək o zaman demişdi: "Bu işdə Babayevin ən böyük xidməti ondan ibarətdir ki, o, bu prosesdə kükürd oksidi sərfinin təxminən 10 dəfə azaldılmasına, çox qiymətli butilen fraksiyasının alınmasına, milyonlarla manat iqtisadi gəlir əldə edilməsinə nail olmuşdur. Dünya texnologiyası səviyyəsində aparılmış bu işi bir alim kimi o, məharətlə, geniş və kompleks elmi-texniki tədqiqat nəticəsində həyata keçirə bilmişdir”.
Bu gün fəxrlə demək olar ki, o dövrdə SSRİ-də bir-neçə elmi-tədqiqat müəssisəsində fasiləsiz metoda nail olmağa çalışsalar da, buna müyəssər ola bilməmişdilər. Ə.Babayevin sayəsində nitril lateksinin istehsalı üzrə fasiləsiz metod birinciliyi Azərbaycana nəsib oldu.

***

Nitril latekslərinin yeni texnologiya üzrə istehsalı qaydaya salındıqdan sonra Sumqayıt kimyaçıları Ertmənistanın "Nairit” zavodunun lateks verməməsi üzündən fəaliyyəti dayanmaq təhlükəsi qarşısında qalmış Abakanın Ayaqqabı fabrikinin, Çernoqorsk kombinatının və digər müəssisələrin də lateksə olan ehtiyaclarını artıqlamasilə ödəmişdi.
Hətta Abakan zavoduna həmin dövrdə Sumqayıtda istehsal olunan nitril lateksləri yox, onların tamamilə başqa bir modifikasiyasının lazım olmasına, onun alınması üçün bəzi texnoloji dəyişikliklər və müəyyən kimyəvi əlavələr tələb olunmasına baxmayaraq, Sumqayıt kimyaçıları Əbülfəz müəllimin rəhbərliyi altında həmin işlərin öhdəsindən də vaxtından xeyli əvvəl gələrək, sifarişçinin tələbatını bütünlüklə ödəyə bilmişdi. O zaman Çernoqorsk kimya kombinatının baş mühəndisi A. Qrinjov özü də fərqinə varmadan, bir "sirri" açaraq bildirmişdi ki, Ə.Babayevin ünvanını ona keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyində işləyən bir qadın - bir vaxt təşəxxüs və etinasızlıqla Əbülfəz Babayevə "siz heç vaxt nitril lateksi ala bilməyəcəksiniz!" deyən həmin xanım vermişdi. Bu, gecikmiş də olsa, hər halda Azərbaycan elminin gücünün, qüdrətinin etirafı, onun kimya elminin növbəti qələbəsi demək idi!..
Sonralar iş elə gətirmişdi ki, Ə.Babayev bir dəfə Moskvada - SSRİ Neft-Kimya Sənayesi Nazirliyində olarkən həmin qadın ona yaxınlaşaraq, Sumqayıtda nitril lateksinin fasiləsiz üsulla alınmasına görə onu təbrik etmiş və bir vaxt ona inamsızlıqla dediyi sözlərə görə üzr istəmişdi.

Sumqayıt "Çernobıl”a da kömək əlini uzatdı
Bir vaxt «Soyuzkauçuk» Baş İdarəsinin rəisi, sonralar SSRİ Neft-Kimya Sənayesi nazirinin müavini olmuş texnika elmləri doktoru V.Sazıkin 1998-ci ildə Sumqayıtın «Sintezkauçuk» zavodunda olarkən təəccübünü gizlətməyərək, demişdi: «Babayev nitril lateksinin fasiləsiz metodla alınmasına, elmi-tədqiqat institutlarının öhdəsindən gələ bilmədiyi bir işə necə nail olubsa, bu gün də mənim üçün sirr olaraq qalır». O, bunu təsadüfi olaraq yada salmamışdı. Belə ki, o vaxtlar Əbülfəz Babayevin bütün keyfiyyət parametrlərinə görə xloropren lateksindən üstün olan nitril latekslərinin fasiləsiz üsulla alınması sovet kimya elmində və sənayesində böyük bir elmi uğur kimi qiymətləndirilmişdi...
Bu, həm də Sovetlərin çox ağır bir dövrünə - Çernobıl qəzası dövrünə təsadüf etdiyindən, Ə.Babayevin elmi nailiyyəti təcili olaraq və həm də çox ciddi sınaqdan keçməli olmuşdu. Belə ki, radiasiyanın 35 kilometrlik radiusdakı ərazidən şüalanmış tozlar vasitəsilə kənara yayılmasının qarşısını almaq o vaxt təcili tapşırıq kimi Leninqradın elmi-tədqiqat institutlarından birinə tapşırılmışdı. Lakin orda bu məsələ ilə bağlı Sumqayıta, Əbülfəz Babayevə müraciət edilməsi məsləhət görülmüşdü. Məsələnin həlli Sumqayıtda özünü çox gözlətmədi. Qısa bir müddətdə lateksin yeni texnologiya əsasında xüsusi modifikasiyasının istehsalına başlanıldı və həmin qiymətli kimyəvi məhsul dəmiryol çənləri ilə Çernobıla yola salındı.
"Babayev lateksi"nin texnologiyası əsasında alınan yeni modifikasiyanın üstünlüyü onda idi ki, onun tərkib hissəsi olan kauçuk emulsiyasını radiasiya ilə zəhərlənmiş əraziyə səpdikdə o, nazik, lakin çox etibarlı qoruyucu təbəqə yaradırdı ki, bu da radiaktiv tozların daha geniş dairədə yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verirdi.
Və bu birmənalı olan həqiqətdir ki, həmin modifikasiyanın alınma texnologiyasının işlənib-hazırlanmasında nə Rusiya, nə də Azərbaycan tərəfdən ikinci və ya üçüncü bir şəxs iştirak etməmişdi.

Azərbaycan kimyaçısının beynəlxalq nüfuzu
Bu gün onu da xüsusilə qeyd etmək lazımdır ki, dünyanın bir çox nüfuzlu elmi təşkilatları Ə.Babayevi vaxtaşırı olaraq beynəlxalq elmi simpoziumlara və konfranslara dəvət edirlər. Elmi uğurları bilavasitə kimya istehsalatının ehtiyaclarından yaranan tədqiqatçı alimə Yaponiyanın məşhur "Niçimen Korporeyşn" şirkətindən onun elmi ixtirasından yeni yaradılacaq avtomatik sistemlərdə istifadə edilməsi üçün razılığını verməsi barədə müraciət də Ə.Babayevin kimya sahəsində beynəlxalq elmi nüfuzundan xəbər verir.
Təsadüfi deyil ki, sumqayıtlı kimyaçı alim son illər dünyanın ən mötəbər elmi tədbirlərində - Amerika, İngiltərə, Rusiya, Almaniya, Fransa, İtaliya, Türkiyə, İran, Əlcəzair və s. ölkələrdə keçirilən bir çox beynəlxalq elmi simpoziumlarda, konfrans və konqreslərdə Azərbaycan kimyasını ləyaqətlə təmsil etmişdir. Qürur hissi doğurur ki, Ə.Babayev dünyanın nüfuzlu elm adamlarının toplandığı həmin tədbirlərdə sadəcə iştirakçı olmamış, həm də böyük maraq doğuran elmi məruzələrlə dəfələrlə çıxış etmiş, beynəlxalq nüfuza malik bir alim kimi təsdiqi və etirafı olaraq, ona dəfələrlə simpoziumların plenar yığıncaqlarına sədrlik etmək etimad edilmişdir.
Professor Əbülfəz Babayev artıq neçə illərdir ki, Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun (bu yaxınlaradək – Neft Akademiyasının) professoru olaraq, sabahın mühəndis-texnoloqlarının yetişdirilib-hazırlanmasına öz töhfəsini verməklə və aspirantla-rının elmi işlərinə rəhbərlik etməklə bu gün də öz elmi fəaliyyətini uğurla davam etdirir.
Rəhman Orxan

Azərbaycan sənayesinin ilk elmlər doktoru - Sumqayıt Bələdiyyəsinin sədri haqqında

 

Azərbaycan sənayesinin ilk elmlər doktoru - Sumqayıt Bələdiyyəsinin sədri haqqında

 

Azərbaycan sənayesinin ilk elmlər doktoru - Sumqayıt Bələdiyyəsinin sədri haqqında

 

Azərbaycan sənayesinin ilk elmlər doktoru - Sumqayıt Bələdiyyəsinin sədri haqqında





Xəbər lenti

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR