Sumqayıtda hava

Faydalı

Böyük Britaniyada təhsil alan tələbə: "Burada oxumaq üçün bütün şəraitlər var."

Böyük Britaniyada təhsil alan tələbə: "Burada oxumaq üçün bütün şəraitlər var."



Xarici ölkələrin ali məktəblərində təhsil almaq bir çox gənclərimizin arzusudur. Lakin etiraf etməliyik ki, belə gənclərimizin bir qismi məlumatsızlıq, xarici ölkə mühitləri barədə təsəvvürlərə malik olmamaları səbəbindən bu arzularını reallışdırmaqda çətinlik çəkirlər. Bu səbəbdən də xaricdə təhsil alan gənclərimizlə müsahibələrə start verdik. İlk müsahibimiz Böyük Britaniyanın Aberdin Universitetinin məzunu və hazırda Nottinqam Universitetində magistratura təhsili alan Tural Mustafazadədir.
T.Mustafazadə ilə müsahibəmizi təqdim edirik.

- Zəhmət olmasa özün barədə qısa məlumat ver izləyicilərimizə.
Mən, Mustafazadə Tural Sadıx oğlu 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə Binəqədi rayonu 144 nömrəli məktəbin birinci sinifinə getmişəm. 2010-cu ildə  həmin məkrəbi bitirmişəm. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Neft və Sənaye Universiteti) İstehsalat proseslərinin avtomatlaşdırılması fakultəsinə daxil olmuşam.

- Necə oldu ki, bu ixtisası seçdin?
- Uşaqlıqdan nəsə düzəltmək, oyuncaq kubiklərdən müxtəlif fiqurlar düzəltməyi çox sevirdim. O dövrdə belə işlərin mühəndisliyə aid olduğunu dərk etmirdim. Böyüdükdə isə mühəndisliyin mahiyyətini dərk etdim və təhsilimi bu sahə üzrə davam etdirməyimə qərar verdim. Əlbətdəki ixtisas seçimimdə yaxınlarımın da rolu olub.

- Britaniyada təhsil almaq fikri necə yarandı səndə? Niyə məhz Britaniya, Aberdin Universiteti?
- Ümumiyyətlə xaricdə təhsil almaq mənim arzum idi. Başa düşürdüm ki, bu arzunu reallaşdırmaq üçün hər şeydən əvvəl  çalışıb, əziyyət çəkib xarici dil imkanlarımı genişləndirməliyəm. Ali məktəbə daxil olduqdan sonra fikrimi məhz bu istiqamətə  yönəltdim. Xarici dili öyrənmək üçün məni qane edəcək müəllim tapmaqda çox əziyyət çəkdim. Heç kim mənə xarici dili öyrənməyin və bunun nəticəsi olaraq müvafiq sənədi (sertifikatı) almağın qısa vaxt ərzində başa gələcəyinə ümidləndirmədi. Bu sənədi əldə etmək üçün iki il lazım olduğunu bildirdilər. Lakin mən bütün gücümü səfərbər edərək, eyni zamanda bir neçə müəllim dəyişərək  altı ay ərzində istədiyimə nail oldum.
Nəzərə alsaq ki, sertifikatı almaq  hələ xaricdə oxumaq demək deyildi və bunun maliyyə tərəfləri var idi. Bu işdə mənə məndən bir il əvvəl Böyük Britaniyanın Aberdin Universitetinə qəbul olmuş və SOCAR-ın xarici təqaüdçüsü olan yaxın dostum istiqamət verdi. Ölkə və Universitet seçimimdə onun rolu oldu.

- Aberdin Universitetində təhsil almaq, Britaniyada ailədən, dostlardan uzaqda yaşamaq çətindirmi? Ümumiyyətlə ilk anlardan danışardın. Necə keçdi ilk günlərin?
- Mən hesab edirəm ki, istək olduqda xarici dil öyrənib xaricdə təhsil almağı hər bir  normal gənc bacarar. Xaricə getdiyin ilk vaxtlarda insanda olan xoş təəsuratlar, sevinc hissi çəkdiyin sıxıntını, əziyyəti adama unutdurur. Uyğunlaşandan sonra bu haqda heç fikirləşmirsən. Gündəlik dərslərə adamın başı elə qarışır ki, günün necə keçdiyini hiss etmirsən. Əlbəttə ki çətindi. Fərqli mühit, fərqli insanlar, fərqli dərs prosesi. Amma bu işlərin yüksək səviyyədə təşkili çətinlikləri hiss etməyə imkan vermir.

- Bilirik ki, ARDNŞ-nin Xarici Təqaüd proqramı vasitəsilə Britaniyada təhsil alırsan. Bu proqramın üstünlükləri nədir? Arzu edənlər necə qoşula bilər bu proqrama? İmtahanlar, müraciət qaydaları, şərtlər necədir?
- Mənə elə gəlir ki, karyera axtarışında olan hər bir gənc bu gün SOCAR-ın gənclər üçün təşkil etdiyi tədbirlərlə maraqlanır, ondan yararlanırlar. Mən ali məktəbdə oxuduğum bir ildə SOCAR-ın daxili, xarici təqaüd proqramları, yay məktəbi layihəsi ilə maraqlanmışdım. Daxili təqaüd proqramında iştirak da etmişdim. Qeyd etmək istəyirəm ki, SOCAR-ın internet saytında bu proqram və layihələr haqqında çox geniş məlumatlar verilmişdir. Daxili təqaüd proqramı üçün şərtlər, xarici təqaüd proqramının şərtləri, tələbləri, ölkələr, universitetlər, ixtisaslar haqqında ətraflı məlumatlar məhz socar.az saytında yerləşdirilib. İnternetdən istifadə etmək imkanı olan hər bir gənc bu məlumatları əldə edə bilər. SOCAR-ın təqaüd proqramının çox böyük üstünlükləri vardır.
Birincisi,  SOCAR tələbələriin təhsili ilə yanaşı, onların xaricdəki ictimai fəaliyyəti ilə mütəmadi olaraq maraqlanır, orada keçirilən hər bir tədbirə dəstək verir. Təqaüdçü  özünü güvənlikli hiss edir. İkincisi, mən hesab edirəm ki, bu gün hər bir azərbaycanlı gənc SOCAR-da işləmək arzusundadır. Məhz bu arzunu SOCAR reallaşdırır. Həm təhsil verir, həm də işlə təmin edir. Bu gün SOCAR dünyada tanınmış böyük transmilli şirkətdir. Bu şirkətdə işləmək böyük fəxrdir.

- Britaniya ilə ölkəmizin təhsil sistemi arasında hansı fərqlər var? Fikrincə daha nələri dəyişdirməliyik təhsilimizdə?
- Böyük Britaniyanın təhsil sistemi ilə bizim təhsil sistemimizdəki fərqdən danışanda mən ilk növbədə BB təhsil sistemində tələbələrə artıq fənlərin tədris edilməməsini qeyd edərdim. Nəzərə alsaq ki, 11 illik təhsil müddətində bütün fənləri bizə keçirlər, yəni ən azından o fənlərlə bizim tanışlığımız var, ali məktəbdə bu fənlərin  tədrisi hesab edirəm ki, tələbələr üçün artıq yükdür. Mən ali məktəbdə oxuduğun bir il ərzində özüm də şahidi olmuşdum ki, birinci kursda elə fənlər keçilir ki, fənlərin əvəzinə ixtisasa girişlə bağlı fənn keçilsə, çox yaxşı nəticəsi olardı. Böyük Britaniyada ixtisas üzrə hansı fənlər lazımdırsa, o fənlər tədris olunur. Elə ilk kurslarda tələbələri istehsalata aparıb tanış edirlər, ixtisasa maraq yaradırlar. Lazımsız fənlərlə tələbələri yükləmirlər. Tədris prosesi, tədris materialları tam elektron şəkildə aparılır. Oxumaq üçün çox gözəl şəraitləri, yüksək səviyyəli kitabxanaları var. Bir sözlə oxumaq üçün bütün şərait var, həm texniki, həm də mənəvi.

- Təhsildən əlavə asudə vaxtlarını necə keçirirsən?
- Mənə elə gəlir ki, hər bir şəxs, o cümlədən də hər bir tələbə öz vaxtını düzgün bölüşdürsə, hər şeyə vaxt çatdırar - oxumağa da, məşğuliyyətə də. Mən uşaqlıqda idmanla məşğul olduğuma görə asudə vaxtlarımı idmanla məşğul oluram. Digər vaxtlar da isə şəhəri gəzirəm, dostlarımla görüşüb müzakirələr aparırıq.

- Gənc Mühəndis dostlarımıza nə tövsiyə edərdin?
- Mən gənc tələbə-mühəndis kimi gənclərə məqsədli olmağı arzu edirəm. Məqsəd qoyub ona nail olmaq. Konkret məqsədi olan gənc hər bir işə qadirdi. Respublikamızda təhsil alan gənclərimizə tövsiyyəm odur ki, harada, necə təhsil almağından asılı olmayaraq tələbəlik dövrünü boş keçirməsinlər. Hər dövrün özünün tələbi var. Məhz bu tələbi tələbə olaraq dəyərləndirsinlər, səmərəli keçirsinlər. Bütün gənclərə uğurlar arzulayıram.
 
- Maraqlı və səmimi müsahibəyə görə təşəkkür edirik.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR