Sumqayıtda hava

Manşet, Cəmiyyət

Prezident İlham Əliyev Ceyranbatanda olub

Prezident İlham Əliyev Ceyranbatanda olub

 

Oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına layihə üzrə görülən işlərlə bağlı məlumat verib. Bildirildi ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.
Qeyd olundu ki, əhalinin daha keyfiyyətli içməli su ilə təmin edilməsi, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, eyni zamanda, Ceyranbatan sutəmizləyici qurğusunun üçüncü növbəsinin köhnəlməsi yeni qurğunun inşasını zəruri edirdi. Bununla yanaşı, Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması yeni qurğunun xam su ilə təminatına imkan verirdi. Bu məsələ "Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı” layihəsində əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Master Planda 1-ci və 2-ci Bakı, Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı su kəmərlərinin qidalandırdığı ərazilərin şəbəkə sistemlərini əlaqələndirəcək və yeni texnologiyaya əsaslanacaq qurğunun tikilməsi də əksini tapmışdı. Kompleks layihələndirilərkən onun mövcud mənbələrlə əlaqələndirilməsi, hazırda istismar olunan magistral xətlərin təmiri və ya qəzalar zamanı su təchizatında dayanıqlığın təmin edilməsi əsas götürüldü. Mütəxəssislərin apardığı layihə-axtarış və texniki-iqtisadi əsaslandırmalar nəticəsində Ceyranbatan gölünün ehtiyatlarından istifadə etməklə ən son - ultrasüzgəc texnologiyasına əsaslanan təmizləyici qurğunun tikintisi qərara alındı. Layihə-axtarış işləri çərçivəsində Ceyranbatan gölünün bütün göstəriciləri ətraflı təhlil edilərək, gölün dibinin batimetriyası işlənib hazırlandı. 2011-ci il sentyabrın 8-də isə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyuldu. Bu da onu göstərir ki, ölkədə su təchizatı infrastrukturunun yaradılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində mühüm tədbirlər görülür.
Kompleksin ən mürəkkəb hissələrindən biri Ceyranbatan gölündən suyun götürülməsini təmin edən suqəbuledici qurğuların tikintisi olub. Layihəyə əsasən sugötürücü qurğu və boru xətlərinin bir hissəsi gölün dibində quraşdırılmalı idi. Gölün dibində suyun bulanıqlığının qarşısının alınması üçün xüsusi layihə hazırlandı və sugötürücü boruların qapalı, yəni mikrotunel üsulu ilə quraşdırılmasına qərar verildi. Tikinti-quraşdırma işlərinin etibarlı və təhlükəsiz aparılmasını təmin etmək üçün gölə 400 tonluq xüsusi təyinatlı, həmçinin yedəkçi gəmiləri buraxıldı. Xüsusi təyinatlı gəmi vasitəsilə suyun altında mürəkkəb hidrotexniki qurğuların qısa müddətdə və keyfiyyətlə quraşdırılması təmin edildi. Layihədə göldən lazımi həcmdə suyun götürülməsini təmin edəcək üç iri diametrli kəmər, sugötürücü başlıqlar və bölüşdürücü kamera inşa olundu. Gölün içərisinə doğru hər birinin uzunluğu 454 metr olan üç kəmər çəkildi. Mikrotunel üsulu ilə quraşdırılan xətlərin tikintisində dəmir-beton borulardan istifadə edildi. Sonra əraziyə hazır dəmir-beton özül piltə yerləşdirilərək suqəbuledici başlıqlar onun üzərində quraşdırıldı. Suqəbuledici başlıqlar göldə hər hansı lillənmə baş vermədən quraşdırılıb və 1960-cı illərdə tikilən mövcud sugötürücü qurğunun işinə heç bir maneə yaranmayıb. Burada tikilən subölüşdürücü kamerada toplanan su ultrasüzgəcli qurğuya hər birinin uzunluğu 913 metr olan dörd kəmərlə ötürülür. Bu xətlərin 245 metrlik hissəsi Ceyranbatan gölünü qidalandıran kanalın və mövcud boru xətlərinin altından keçməklə inşa edilib.
Təmizləyici qurğuya ötürülən suyun ilkin təmizlənməsi və onun həcminin müəyyən edilməsi mexaniki süzgəc binasında aparılır. Burada quraşdırılan avtomatik yuyulan torşəkilli süzgəclər suyun tərkibindəki iri hissəcikləri tutmaqla, ilkin təmizləmə prosesini həyata keçirir. Subölüşdürücü kameradan təmizləyici qurğuya çəkilən kəmərlərin hər birinin üzərində ultrasəs prinsipinə əsaslanan sayğaclar quraşdırılıb və onlar emala yönəldilən xam suyun həcmini dəqiq ölçməyə imkan verir. Mexaniki süzgəclərdə ilkin təmizləmədən keçən su 10 min kubmetr tutumu olan xam su anbarına toplanır. Burada quraşdırılmış səviyyəölçən və siyirtmələr daxil olan, eləcə də emala ötürülən suyun həcmini onlayn rejimdə tənzimləyir.
Yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub. Qruntun xarakteri nəzərə alınaraq burada əvvəlcə bərkitmə işləri aparılıb, sonra dəmir-beton və metal konstruksiyadan ibarət əsas bina inşa edilib.
Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın su təchizatı sistemlərinin yaxşılaşdırılması istiqamətində gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb.
Məlumat verildi ki, xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan 0,02 mikronluq xüsusi süzgəclərdən keçməklə, cəmi 20 saniyədə təmizlənir. Hazırda dünyada az bulanıqlı suların emalı üçün ən səmərəli texnologiya məhz ultrasüzgəcli qurğular sayılır. Membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur. Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən - bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır. Tam qapalı, avtomatik rejimdə təmizlənən suda bulanıqlıq həddi bir litrdə maksimum 0,03 milliqram təşkil edir. Beləliklə, ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Qurğuda emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər müəyyən müddətdən bir yuyularaq asılı maddələr və lildən təmizlənir. Süzgəclərin təmizlənməsi geriyuma və kimyəvi dozalama nasoslarının köməyi ilə həyata keçirilir. Proses növbəli rejimdə aparılır, yəni qurğunun bir hissəsində geriyuma və kimyəvi dozalama aparılarkən, digər hissələrdə suyun emalı davam edir. Bu da öz növbəsində, emal prosesinin fasiləsizliyini təmin edir. Qurğuda quraşdırılan 5280 modulun məhsuldarlığı saniyədə 6,6 kubmetrdir. Gələcəkdə əlavə modulların quraşdırılması, eləcə də elektromexaniki sistemin köməyi ilə emal gücünün artırılaraq saniyədə 7,5 kubmetrə çatdırılması mümkündür. Süzgəclərdən çıxan içməli suyun keyfiyyətinə onlayn rejimdə nəzarət olunur. Bu məqsədlə xüsusi analiz panelləri quraşdırılıb ki, onlar suyun keyfiyyət parametrləri barədə siqnalları birbaşa SCADA otağına ötürür. Bununla yanaşı, burada yaradılmış laboratoriyada istər xam suyun, istərsə də emal olunmuş təmiz suyun vacib parametrləri daha dəqiq şəkildə öyrənilir və keyfiyyət göstəriciləri tam nəzarətdə saxlanılır.
Qeyd olundu ki, kompleksdə qurğunu idarə edəcək personal üçün işçi otaqları, tədbirlərin keçirilməsi üçün konfrans zalı da yaradılıb.
SCADA otağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, qurğuda bütün texnoloji proseslər - suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb və bütövlükdə proses kiçik işçi heyəti ilə SCADA idarəetmə mərkəzindən idarə olunur.
Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılması üçün nasos stansiyası tikilib. Suyun optimal paylanması və elektrik enerjisindən asılılığın aradan qaldırılması məqsədilə dəniz səviyyəsindən 118 metr hündürlükdə 50 min kubmetr həcmində anbar kompleksi inşa olunub. Qurğudan anbara qədər 11 kilometr uzunluğunda kəmər çəkilib. Anbar layihələndirilərkən onun Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsinin yaradılması üçün yeni qaldırıcı nasos stansiyası quraşdırılıb. Bu işlər Ceyranbatan və Oğuz-Qəbələ-Bakı su mənbələrinin alternativ istismarına şərait yaratmaqla, Abşeron yarımadasının içməli su təchizatında etibarlılığın təmin olunmasını şərtləndirib.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Bu da magistral kəmərdə və paylayıcı şəbəkələrdə sabit, dayanıqlı hidravlik rejimin təmin olunmasına, həmçinin qəza və planlı dayanmalar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yaradılması layihəsi çərçivəsində, ümumilikdə, 30 kilometr uzunluğunda müxtəlif diametrli boru, 116 nasos, 6 transformator quraşdırılıb, ərazidə yaşıllaşdırma işləri görülüb, 150 minə yaxın ağac və kol əkilib. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin 30-dək yerli podratçı təşkilat cəlb olunub.
Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini işə salıb.
Dövlətimizin başçısı mərasimdə çıxış edib, sonda xatirə şəkli çəkdirilib.

 


Prezident İlham Əliyev Ceyranbatanda olub

 

Prezident İlham Əliyev Ceyranbatanda olub

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR