Sumqayıtda hava

Faydalı

İslama görə faiz niyə HARAMDIR?

İslama görə faiz niyə HARAMDIR?



Günümüzdə insanlar fərdi olaraq əllərində həddən artıq pul toplayaraq onu onsuzda kasıb olan təbəqəyə faizlə verirlər. Biz hamımız bilirik ki, faiz vermək, faiz almaq böyük günahdır. Buna baxmayaraq sanki heç nə bilmirik kimi faizə qurşanırıq. Kasıb təbəqəni ona görə qınamaq olmaz ki, onlar əzildiklərini düşünürlər. Başqa yolla pul əldə etmək ya istəmirlər, ya da onlar üçün çox əziyyət olur. Buna görə də məcbur qalıb faizlə tanışlarından pul götürürlər. Nəticədə isə onu qaytarmaq gücünü əldə edə bilmirlər.

İslam dininə görə insanlar bir-birinə kömək etməlidir. Varlı öz varından ya borc olaraq, ya da hədiyyə olaraq kasıb müsəlmanlara verməlidir ki, onlar da güzəranlarını yaxşılaşdırsınlar. Kasıblar isə kasıblıqları ilə razılaşmayaraq əllərinin zəhməti ilə özlərinə ruzi qazanmalıdırlar. Çox hallar olur ki, varlı kasıba pul verəndə onu necə artıracağının yollarını fikirləşib tapa bilmir. Düşünür ki, onsuzda bu kasıbın ehtiyacı var, mən borc kimi verim, üstəlik də faizlə verim ki, gəlirim də çox olsun. Kasıb da ehtiyacı olduğu üçün pulu borc, üstəlik faizlə almağa məcbur olur, ya da özünü məcbur hiss edir. Nəticədə isə əlində olan vəsaiti də xərcləyib bitirir və varlıdan aldığı pulu geri qaytara bilmir. Onun istəklərini doğrultmur.

İslam dininə görə imkanı olan şəxslər özlərindən kasıb yaşayanlara borc verdikdə onu faizsiz verməlidirlər. Çünki faiz dinimizdə yasqlanmışdır. Allah təala buyurur: "(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz! Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!” (əl-Bəqərə (İnək) surəsi, 270-271). Allah təala gizlində yardım etməyi, borc verməyi əmr etmiş, faiz etməyi isə qadağan etmişdir. Allah təala buyurur: "Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)” (əl-Bəqərə (İnək) surəsi, 270-271). Yəni verdiyiniz məbləği geri alın, ancaq üzərinə qoyduğunuz fazi hissəsini geri almayın. Əgər əlinizdə imkanlar genişdirsə verdiyiniz borcu da yoxsula bağışlaya bilərsiniz. Belə etmək sizin üçün yaxşı olar. Amma bu yaxşılığı edən yaxşı insan indi çətin tapılır. Faizin qadağan olunması haqqında digər ayədə deyilir: "Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali-İmran (İmran ailəsi) surəsi, 130).

Fərdi olaraq faizə pul verməyin artımı, bərəkəti yoxdur. İnsan elə düşünür ki, faizlə pul veridkdə onun verdiyi mala və ya pula bərəkət, artım gələr. Ancaq belə deyil. Allah təala buyurur: "(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!” (ər-Rum (Rumlular) surəsi, 39). Təsəvvür edin ki, siz borcu, pulu, məbləği faizsiz veridkdə Allah təala sizin malnıza həm maddi olaraq bərəkət verir, artırır, həm də sizə savab yazılır ki, bunun sayəsində siz axirətdə Allahın böyük nemətləri ilə mükafatlandırılırsınız.

Bəzi insanlar faizi də ticarət hesab edirlər. Onlar iddia edirlər ki, nə fərqi var ki, ticarətdə malı ucuz alıb, nisbətən baha qiymətə sata bildiyin kimi, pulu da faizlə, yəni az verib, üzərinə müəyyən məbləğ qoyaraq geri almaq olar. Ancaq heç də bu düşüncədə olanların dedikləri həqiqətə uyğun deyil. Həqiqətə uyğun olan isə Allah təalanın bu sözləridir: "Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz! İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!). Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar! Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır! Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır! Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (əl-Bəqərə (İnək) surəsi, 275-276).

İnsanların çoxu faiz səbəbi ilə zərərə düşür, cəmiyyətlər və dövlətlər iqtisadi və əxlaqi cəhətdən tamamilə tənəzzülə uğrayırlar. Müasir dövrümüzdə ayrı-ayrı şəxslərin heç bir sənədləşmə aparmadan başqalarına yüksək faizlə küllü miqdarda pul verməsi nəticəsində onsuzda borclu olan şəxslər məhkəmə salonlarında oturmalı olurlar. Bunun nəticəsində də borclar ödənilmir, ölkədə bahalaşma baş verir, insanlar həddən artıq maddi olmaqla yanaşı, mənəvi zərərə də məruz qalırlar. Bunun nəticəsində bir neçə şəxs zənginləşərək, çox şəxslər yoxsullaşmağa doğru gedir. Bununla insanlar arasında soyuqluq yaranır, qohumluq əlaqələri kəsilir və yer üzərində bərəkət azalır. Bu kimi mənfi gəlir mənbəyindən çəkinməli, fərdi olaraq imkanı olanlar faizsiz borc verməli, əgər imkanları çox genişdirsə razılıqla borcunun qalan qismini də geri almamalıdır. Allah təala Qurani Kərimdə borc verməyi və yardımlaşmağı bir çox ayələrdə bizə bildirmişdir.

Dinimiz ona görə də faizə qarşı savaş açmışdır. Allah təala və daha sonra göndərdiyi peyğəmbər faizi alana, verənə, yazana, buna səbəb olana və bu işdə kömək edənə lənət etmişdir. Allah Rəsulunun (ona və ailəsinə salam olsun) səhabəsi Cabir (r) deyir: "Allahın Rəsulu (s) faizi yeyənə (pulunu alıb xərcləyənə) onu yedirənə, yazana, şahidlərinə lənət edib” və bunu əlavə etdi: "Onların hamısı eynidir” (Müslim, 3/1219). Bu hədisdən belə anlayırıq ki, faizi yazmaq, sənədləşdirmək, faiz üçün pul alıb vermək, banka yatırmaq, onunla müəyyən qazanc əldə etmək tamamilə haramdır. İslam bunların heç birinə icazə vermir. Faizin böyük günah olmasının misalını Allah Rəsulu belə verib: "Faiz yetmiş üç növdür. Ən asanı (yüngülü, rahatı) bir insanın öz anası ilə nigah bağlaması (zina etməsi) kimidir. Ən böyüyü isə insanın müsəlman bir şəxsin namusuna daima ləkə gətirməyə çalışmasıdır” (Hakim, Müstədrəkdə rəvayət edib, 2/37). Sonuncu rəvayəti yazmaq istəmirdim. Ancaq faizin həddən artıq çox böyük günah olmasını hamımızın dərk etməsi üçün yazdım. Heç nə heç vaxt gec deyil. Hər birimiz həddən artıq şiddətli ehtiyac içində olduğumuz zaman başqa çarə tapa bilmədiyimiz üçün, borc verən də bizə qarşı insafsız olduğu üçün bu addımı ata bilərik. Ancaq artıq bunun böyük günah olduğunu dərk etdikdən sonra faizdən qalan hissədən əl çəkməli, faizlə borc vermişiksə faizi azaltmalı, demək olar ki, faizini almamalı, faizə girib borc pul götürmüşüksə dərhal borcumuzu qaytarıb bir daha faizə girməməliyik.

Faizin haramlığı ümumidir və cəmiyyətin hər təbəqəsinə bu haramlıq aiddir. Bəzi insanlar, faiz alma barəsində yoxsul və zəngin arasında fərq olduğunu fikirləşirlər. Ancaq belə fikirləşmək düzgün deyil. İstər kasıb olsun, istərsə də varlı olsun, faiz alıb vermək ümumi olaraq hamıya haramdır.

Bu faiz alış-verişinin çox böyük günah olmasına baxmayaraq Allah təala bütün günahlar üçün tövbə qapısını açıq saxladığı kimi faiz günahına görə də tövbə qapısını açıq saxlamışdır. Allah təala buyurur: "...Əgər faizdən tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (Bəqərə surəsi, 279). Allah təala faizdən olan borclarımızı qaytarmağa hamımıza kömək olsun, günahlarımıza görə bizi bağışlasın, bizə elə imkanlar versin ki, heç vaxt faizə meyl etməyək! Amin!

Əkrəm Həsənov - AMEA-nın M.Füzuli adına Əlyazmalar institunun böyük elmi işçisi, ilahiyyatçı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR