Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlı həvəskar rəssam sənətkarların mübarizəsində - REPORTAJ

Sumqayıtlı həvəskar rəssam sənətkarların mübarizəsində - REPORTAJ



Sərginin ən maraqlı iştirakçılarından biri Tahirdir.
"Bu, sizsiniz”... Bəli, bu, onlardır. Gənc istedadlar... Hansı ki, təhsil almadan, hətta başqa sahələrin insanları olsa belə, rəsm çəkməkdə yarışa girən və professional olmasalar da, öz istedadları ilə iştirakçıları təəccübləndirən həvəskar gənclər... Peşəkar olmasalar da, çəkdikləri rəsmlərə baxdıqda bu istedadlı gənclərin rəssam olmadığına inanmaq mümkün deyil.

Həvəskar gəncləri bir məkana toplayan isə portret müsabiqəsidir. Biz də qeyri-adi bacarıqları olan bu gənclərlə tanış olmaq, söhbətləşmək və ən əsası, sərgiləri haqqında məlumat toplamaq üçün sərginin keçirildiyi ünvana yollandıq. "Bu, sizsiniz” adlı sərgi-müsabiqə digər sərgilərdən öz üslubuna görə fərqlənir. Çünki sərgidə iştirak edən və yarışan gənclər nə rəssam, nə də heykəltəraşdırlar. Onlar ayrı-ayrı ixtisasların sahibi olan bacarıqlı, həvəskar gənclərdir. Üstəlik, öz əsərlərini sərgi müddətində iştirakçıların gözü önündə işləyir və elə oradaca müsabiqəyə təqdim edirlər.

İştirakçılar sərginin keçirildiyi Xətai Sənət Mərkəzinə boyaları, fırçaları və digər alətləri ilə gəlmişdilər. Məkana daxil olduqda boyaların ətri, rəsmlərin gözəlliyi insanı başqa dünyaya aparırdı. Gənclər sanki bir-birinə rəqib olduğunu unutmuş, öz gizli dünyalarına dalmışdılar. Kimi rəfiqəsinin, dostunun şəklini kağıza həkk edir, kimi də bir-birlərinin portretini yaradaraq mübarizə aparırdılar.

"Ayağım yerdən kəsilir”

Yuxarıda da qeyd etdiyim kimi, müsabiqədə rəsmdən əlavə, heykəltəraşlıq nümunələri də sərgilənirdi. Çinarə Baxşıyeva yaşlı kişinin heykəlini düzəltməyə çalışır. O deyir ki, belə sərginin təşkil olduğunu gördükdə, işini göndərib və bəyənildikdən sonra sərgiyə dəvət olunub:
"Mən əslində iqtisadçıyam. Heykəltəraşlıq mənim hobbimdir. Bu işlə məşğul olduqda sanki ayağım yerdən kəsilir. Gillə işləyəndə özümü o qədər xoşbəxt hiss edirəm ki... Əsəbi olduqda, darıxdıqda köməyimə heykəltəraşlıq çatır. İnşallah işim bəyənilər və qalib olaram”.

"Yaxşı dost səhvi üzə deyər”

Öz rəfiqəsinin simasını kağıza köçürən Nəzrin marketinq meneceridir. Nəzrin deyir ki, incəsənətə uşaqlıqdan maraq göstərib, lakin peşəkar şəkildə məşğul olmayıb:
"Birinci kursda oxuyarkən boş vaxtlarımda jurnalların üzərindəki şəkilləri, parfümeriya reklamlarını çəkməyə başladım. Əvvəlcə ayda bir dəfə olmaqla çəkirdim. Sonradan üçüncü kursda oxuyarkən anladım ki, mənim sırf bu sahəyə marağım var. Ondan sonra isə davamlı olaraq kənardan dəstək almağa başladım. Hər kəs işimi bəyənirdi və mənə stimul verirdi. Artıq rəsmlərimi gündəlik çəkməyə başladım. Hazırda sərgidə rəfiqəm Məsmənin şəklini çəkirəm. Ümid edirəm, bəyəniləcək”.

Məsmə də rəfiqəsinin əl işlərini bəyənir. "Yaxşı dost səhvi üzə deyər” prinsipi ilə, rəfiqəsinə öz iradlarını da bildirdi:
"Nəzrinin əl işlərini bəyənirəm. Həm yağlı boya ilə, həm də qara qələmlə işləyir. Lakin çox sürətlə çəkir və pozandan istifadə etmir. Əslində tələsməsə, daha gözəl rəsmlər alınar”. 

Göz qırpan rəsm...

Sərgidə insanların diqqətini çəkən və onları təəccübləndirən iş isə Ceyhun Abdullayevin üzərində işlədiyi rəsm idi. Şəkil o qədər gözəl işlənmişdi ki, əl ilə çəkildiyinə inanmaq olmurdu. Xüsusilə də gözlər çox canlı görünürdü. O qədər dərin və canlı idi ki, baxanda elə bilirdin ki, rəsm bu dəqiqə göz qırpacaq. Biz də rəsmin sahibi ilə söhbətləşmək üçün yaxınlaşırıq:
"İqtisadiyyat Universitetinin bakalavr və magistr dərəcəsini bitirmişəm. Şəkil çəkmək qabiliyyəti isə məndə Allah vergisidir. İlk dəfə 5 yaşımda şəkil çəkməyə başlamışam. Ailəm də mənə dəstək olduğu üçün təhsilimlə yanaşı, rəsmlə də həvəskar şəkildə məşğul olmuşam”.

... Müsabiqənin bitməsinə artıq dəqiqələr qalıb. Pərvin öz işini çatdırmaq üçün əlindən gələni edir. O da digərləri kimi peşəkar rəssam deyil:
"Mən Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişəm. İxtisasımı çox sevirəm. Amma həftə sonu, boş vaxtlarımda rəsm də çəkirəm. Belə istedadımın olduğunu 6-cı sinifdə kəşf etdim. İnsan rəsmi çəkdim, atama göstərdim və o da çox bəyəndi. Elə o vaxtdan bəri şəkil çəkməyə davam edirəm. Rəsm çəkməyi hobbi olaraq görürəm. Fizikadan yorulduqda rəsm çəkib istirahət edirəm”.

Təhsilsiz istedad

Sərginin ən maraqlı iştirakçılarından biri Tahirdir. Onun digərlərindən fərqli olaraq heç bir təhsili yoxdur. Amma istedadının olmasının fərqindədir. Deyir ki, dəfələrlə Mədəniyyət və İncəsənət Universitetinə sənət versə də, hər dəfə qabiliyyət imtahanından keçib, lakin testdən kəsilib:
"Oxumağa həvəsim yoxdur. Amma rəsm çəkməyi çox sevirəm. Dostum rəssamlıq kursuna gedirdi. Mən də onun işlərinə baxıb həvəsə gəldim və bir ay kursa getdim. Rəsmlərim hər zaman bəyənilir. Hətta keçən ay Təhsil Nazirliyinin keçirdiyi sərgidə respublika birincisi oldum. Mən başqa sahələrlə məşğul olmaq istəmirəm, sırf rəssam olmaq istəyirəm. Çünki düşünürəm ki, bu Allah vergisidir. Ali təhsilim olmasa da, mənə verilən vergidən istifadə edə bilərəm”.
Qeyd edək ki, rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd turizm sektorunun inkişafına dəstək olmaq və gənc nəslin rəssamlığa, incəsənətə marağının daha da artırılmasına kömək etməkdir.
kaspi.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR