Sumqayıtda hava

Cəmiyyət

66 yaşlı Sumqayıt - Mənim şəhərimin nağılı

66 yaşlı Sumqayıt - Mənim şəhərimin nağılı



Bu gün Sumqayıtın şəhər status almasında 66 il ötür.
Sumqayıt, Bakıdan sonra Xəzər sahillərində yerləşən ən böyük şəhərdir və ərazisi 83 kv.km-dir.
Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Şəhəri tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sovet İttifaqı Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəldi. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək istəyirdilər. İlk tikinti işləri 1938-ci ildə başlandı. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. İstilik Elektrik Stansiyası yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi
Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.
Şəhərin tərkibinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin və Corat qəsəbələri daxildir. Sumqayıt şəhərinin ölkənin digər rayon və şəhərləri, eləcə də xarici dövlətlərlə respublika əhəmiyyətli avtomobil və dəmir yolları əlaqəsi vardır. Hava yolları ilə əlaqələr Bakı şəhərinin Binə hava limanı vasitəsilə həyata keçirilir. Şəhərin ərazisində tikinti materiallarının (kərpic yüngül doldurucuları) istehsalı üçün təbii ehtiyatlar vardır.
Şəhərin ərazisindən Sumqayıtçay çayı axır. Samur-Abşeron kanalı Sumqayıtın cənubundan keçərək Ceyranbatan su anbarına tökülür. Şəhərin kənarındakı qamışlıqlarda tülkü, canavar, dovşan, çaqqal kimi heyvanlara, çöl ördəyi, göyərçin, danquşu və qaşqaldaq kimi quşlara rast gəlmək olar.
Sumqayıt şəhərində və qəsəbələrində 357 minə yaxın əhali, 63 min nəfər qaçqın və məcburi köçkün yaşayır. Əhalinin 30% uşaqdır, əmək qabiliyyətli əhalinin sayı 147 min, işləyənlərin sayı isə 58,4 min nəfərdir. Onlardan 20 min nəfəri sənayedə, 18,3 min nəfəri isə büdcə təşkilatlarında çalışır.
Elə bil dünən idi - Sumqayıtın təməl daşları qoyuldu. Boz çöllər cana gəldi. Zavodlar, fabriklər tikildi, evlər sıralandı. Arzular, istəklər nura boyandı...
Gənc şəhər sürətlə böyüdü, gözəlləşdi. Hünər, zəfər qalasına çevrildi...
Bu gün artıq Sumqayıt şəhərinin 66 yaşı tamam olur. O vaxt böyük həvəslə Xəzərin sahilinə şəhər salmağa gələn 20-25 yaşlı gənclərin çoxu qocalıb dünyasını dəyişdi. Amma şəhərin bugünkü növrağı ilə öyunən, yaşı 80-i, 90-ı ötən sumqayıtlılar da var aramızda.
Sumqayıt onu qurub-yaradanların özləri üçün ucaltdıqları möhtəşəm bir abidəyə bənzəyir. Gözəlliyi ilə dünyaya meydan oxuyur. Şair, rəssam və bəstəkarların ilham mənbəyi, adi sakinlərin qürur ünvanı, bu yerlərdən əskik olmayan xəzrinin, gilavarın anbaan sehirləndiyi gözəl, sevimli bir məkandır Sumqayıt!
Ötən müddət ərzində Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.
Xeberle.com
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR