Sumqayıtda hava

Manşet, Cəmiyyət

ZAKİR FƏRƏCOVUN 100 GÜNÜ

ZAKİR FƏRƏCOVUN 100 GÜNÜ



Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İH-nin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 100 gün keçir. Hər hansı bir sahədə yeni fəaliyyətə başlayan şəxsin 100 gününü dəyərləndirmək kimi bir ənənə var. Dünya mətbuatında bu cür araşdırmalara, məqalələrə, hesabatlara test-tez rast gəlirik. Biz də "sumqayitxeber.com” olaraq qərara gəldik ki, Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətinin 100 gününə nəzər yetirək.

Əmək fəaliyyətinə 44 il öncə, 1971-ci ildə Sumqayıt şəhərində Superfosfat zavodda fəhlə kimi başlayan Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması şəhər sakinlərinin əksəriyyəti tərəfindən müsbət qarşılandı. Fərəcovun təyinatının şəhər sakinləri tərəfindən müsbət qarşılanması onun bu şəhərin yetirməsi olması, müxtəlif illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik, şöbə rəisi, baş direktorun müavini, baş direktor, sonradan Sumqayıt şəhər bələdiyyəsinin sədri kimi şəhərdəki fəaliyyəti ilə yanaşı 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətindəki nümunəvi fəaliyyəti də az rol oynamamışdı. Yeri gəlmişkən, Zakir Fərəcov dövlət başçısının 26 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif olunub.

Görünür, onun son 10 il ərzindəki fəaliyyəti prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyindən o, prezidentin inkişafına xüsusi əhəmiyyət verdiyi şəhərə rəhbər təyin edildi.

100 GÜNDƏ PREZİDENTDƏN 2 QƏRAR

YARARSIZ VƏZİYYƏTDƏ OLAN LİFTLƏRİN YENİLƏNMƏSİNƏ BAŞLANILDI

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon manat ayrılması ilə bağlı 13 oktyabr tarixində sərəncam imzaladı.

Bununla bağlı artıq işlərə başlanılıb. Sumqayıt şəhərindəki 594 liftdən 200-ü yararsız vəziyyətdədir. Hazırda bu liftlərin dəyişdirilməsinə başlanılıb. Artıq bəzi binalarda liftlər yenilənərək əhalinin istifadəsinə verilib. Ümumilikdə 140 ədəd lift 3 ay ərzində dəyişdirilərək əhalinin istifadəsinə verilməsi planlaşdırılır. Yerdə qalan liftlər isə növbəti aylarda yenilənəcək.

İLK DƏFƏ SUMQAYITDA – AVTOMOBİL NƏQLİYYATI İLƏ SƏRNİŞİNDAŞIMA İDARƏSİ YARADILDI

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 7 dekabr tarixində fərman imzaladı. Sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradıldı. Müəyyən edilib ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili prezidentin sərəncamını şərh edərkən bildirib ki, bu Azərbaycanda həyata keçiriləcək ilk Pilot layihədir: "Digər bütün şəhərlədə bu funksiyaları Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yerinə yetirir. Dünya təcrübəsində Şimali Amerika ölkələrində bu funksiyaları yerli idarəetmə orqanları, Avropa təcrübəsində isə əsasən dövlət sənişin daşıma şirkətləri yerinə yetirir. Pilot layihənin Sumqayıtda həyata keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, tezliklə Sumqayıtda Elektrik Sərnişin Daşıma vasitələrini də görmək mümkün olacaq”

Beləliklə, bu sərəncamla nəhayət ki, Sumqayıt şəhərində nəqliyyat sektorunda mövcud problemlərin köklü şəkildə həll olunacağına ümid edə bilərik.

ŞƏHƏR TƏSƏRRÜFATINI CANLANDIRMAĞA HESABLANMIŞ KADR İSLAHATI

Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin kollektivinə 3 Sentyabr tarixində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirakı ilə təqdim olundu. Administrasiya rəhbərinin iştirak etdiyi ilk iclasdan bəlli oldu ki, Zakir Fərəcov əsasən yerli kadrlardan ibarət komanda ilə çalışmaq niyyətindədir.

Şəhər təsərrüfatını canlandırmağa hesablanmış kadr islahatı üçün çox gözləməli olmadıq. Bir çox idarə və müəssisələrin rəhbərliklərində dəyişiklik baş verdi. Köhnə kadrlar yeniləri ilə əvəz olundu. Sumqayıt Su-Kanal İdarəsinin, Sumqayıt Qaz istismarı İdarəsinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin, Sumqayıt Şəhər Gənclər və idman İdarəsinin, Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinin rəhbərləri yeniləndi. Sumqayıt şəhər İcra hakimiyyətində də ciddi kadr islahatları aparıldı. İki müavin postunda və bir çox şöbələrdə dəyişiklik baş verdi.
 

ZAKİR FƏRƏCOVUN 100 GÜNÜ



GƏNCLƏR ŞƏHƏRİ ÜÇÜN YENİ VƏ MÜASİR BULVAR KOMPLEKSİ

Prezident İlham Əliyev gənclər şəhərinə səfərlərindən birində Sumqayıt şəhərində müasir bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulamışdı: "Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır.”

Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən "100 gün” ərzində diqqət yetirdiyi əsas məsələlərdən biri də məhz Sumqayıt şəhərinin dənizkənarı bulvarının yenidən qurulması ilə bağlı oldu.

Hazırda Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkı ilə birlikdə 186 hektar ərazini əhatə edən bulvarda iş sürətlə həyata keçirilir.

Layihədə gənclər şəhəri üçün böyük əhəmiyyət kəsb edən bulvar ərazisinin daha geniş olması nəzərdə tutulub. Ərazidə dənizə qarşı hündürlüyü 1 metr 60 santimetr, uzunluğu isə 3700 metr olan istinad divarı tikilir. Burada müasir tipli otellər, ticarət mərkəzi, uşaqlar üçün əyləncə məkanları, kafe, restoran və çoxmərtəbəli yaşayış binalarının tikintisi də nəzərdə tutulur.

YOL İNFRASTRUKTURU YENİ KEYFİYYƏT MƏRHƏLƏSİNDƏ

Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər görməyə başladı.

Yeni başçının ilk verdiyi göstərişlərdən biri də şəhərin əsas giriş yolunun – Sülh küçəsinin genişləndirilməsi ilə bağlı oldu. Hazırda şəhərin girişindən "Göyərçin” abidəsinə qədər avtomobil yolu 5 metr genişləndirilməsi prosesi həyata keçirilir. Sülh küçəsində mövcud asfalt örtüyü 48 000 kvadrat metr olduğu halda genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində asfalt örtüyü 67 200 vadrat metr olacaq. Layihəyə əsasən Sülh küçəsində 6840 kvadrat metrlik səki salınacaq.

Sumqayıtda həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız halda olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq 1, 3, 6, 9, 17 və 18-ci mikrorayonlarında, 47, 48-ci məhəllələrində daxili yolların yenilənməsinə başlanıldı. İllərdən bəri yararsız vəziyyətdə olan və təmir üzü görməyən Çerkasi küçəsinin asfalt örtüyü təzələndi. Bununla yanaşı bağlar massivinə gedən yolun asfalt örtüyü təmir olundu.

Hazırda bu proses davam etdirilərək digər mikorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olunur.

YAŞAYIŞ BİNALARI YENİ GÖRKƏMDƏ

Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtüklərinin əsaslı təmiri, binaların müasir qaydada üzlənməsi işləri davam edir. Təmir olunan binaların memarlıq görünüşü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənir. Təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmur. Şəhərdə prospekt və küçələr boyu 3 mərtəbəli 18 binada hazırda üzlənmə işləri sürətlə davam edir.

Şəhərin əsas prospektlərində yerləşən binalarla yanaşı 17 və 18-ci mikrorayonlarda da yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, zirzəmilərin təmir olunmasına başlanıldı.

SUMQAYITDA MÜASİR ÜSLUBDA MƏRKƏZİN TİKİNTİSİNƏ BAŞLANILDI

Sumqayıtda müasir üslubda yeni Heydər Əliyev Mərkəzinin tikintisinə başlanıldı. 4 mərtəbədən ibarət olacaq mərkəzdə 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana yaradılacaq. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.
 

ZAKİR FƏRƏCOVUN 100 GÜNÜ



KÖRPƏLƏR DƏ DİQQƏTDƏN KƏNARDA QALMADI

Sumqayıt şəhərində illərdən bəri həllini gözləyən məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti idi. Şəhərdə mövcud baxçaların dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına ehtiyac duyulurdu. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyətə başladığı ilk gündən şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qısa müddətdə təmir olunması göstərişini verdi. Qarşıdan qış aylarının gəlməsini nəzərə alaraq şəhərdə mövcud baxçaların əksəriyyəti, 56 uşaq bağçasından 48-i qısa müddət ərzində əsaslı təmir olundu, dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. Sözsüz ki, bütün bunlar burada çalışan kollektivin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, sağlam böyümələrinə xidmət kimi qiymətləndirmək olar.

ZAKİR FƏRƏCOVUN 100 GÜNÜ



DAHA SƏLIQƏLİ VƏ SISTEMLI TƏŞKIL OLUNMUŞ YARMARKA

Şəhər sakinlərinə yaxşı məlum idi ki, 8-ci mikrorayon ərazisində təşkil olunan əvvəlki yarmarkanın vəziyyəti heç də yaxşı deyildi. Zakir Fərəcov burdakı vəziyyətdən narazılığını bildirmiş və yeni yarmarkanın təşkil olunmasının zəruriliyini qeyd etmişdi. Qısa müddət ərzində yeni – daha səliqəli şəkildə təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkası işə düşdü. Sözsüz ki, yarmarkanın əhalinin istəkləri nəzərə alınaraq gələcəkdə daha da təkmilləşdirilməsi gözlənilir.
Qeyd edək ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədov da satış-yarmarka ilə tanış olmuşdur.

APARILAN SORĞUNUN NƏTİCƏSİ GÖSTƏRDİ Kİ, ƏKSƏRİYYƏT 100 GÜNÜ MÜSBƏT QİYMƏTLƏNDİRİR

sorgu3Nəhayət qeyd edək ki, Zakir Fərəcovun ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı keçirilmiş sorğu da göstərdi ki, şəhər sakinlərinin əksəriyyəti icra başçısının fəaliyyətindən razıdır. "sumqayitxeber.com”un şəhər sakinlərinə ünvanladığı "Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun fəaliyyətindən razısınızmı?” sualına əksəriyyət, yəni 67 % razı olduqlarını bildiriblər. Sorğuda iştirak edənlərin 18 %-i isə qismən razı olduğunu vurğulayıb.

Ümid edək ki, ötən yüz gün ərzində görülmüş işlər növbəti 100 günlərdə də davam edəcək, gələcəkdə sumqayıtlıların gözləntilərinə uyğun olaraq daha böyük layihələrin həyata keçirilməsinin şahidi olacağıq.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR