Sumqayıtda hava

Cəmiyyət

Dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi Azərbaycançılıq kontekstində

Dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi Azərbaycançılıq kontekstində



31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu gün, milli-mənəvi bütövlüyü möhkəm təməl üzərində qurulan Azərbaycanın bütün soydaşlarımız və həmvətənlərimiz üçün ümid və güvənc yeri olan qüdrətli bir dövlətə çevrilməsinin göstəricisidir. Xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün həm Azərbaycan dövləti tərəfindən görülən işlərin həcmi və miqyası ildən-ilə genişlənir, həm də dünyanın dörd bir yanında məskunlaşan on milyonlarla (qeyr-rəsmi statistikaya görə 50 milyon) azərbaycanlı birlikdə olmağın, həmrəy olmağın nə demək olması həqiqətini getdikcə daha aydın dərk edir. Zaman-zaman Azərbaycan diasporları və icmaları arasında əlaqələr möhkəmlənir, tarixi vətənləri olan Azərbaycanla bağlılıqlarını gücləndirirlər. Unutmaq olmaz ki, müstəqil, demokratik Azərbaycan bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Bu gün dünya dövlətləri sırasında özünəlayiq yer tutan Azərbaycanın sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar, hüquqi, demokratik, dünyəvi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi, mədəni həyatın dirçəlməsi bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Çünki müstəqil Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının təminatçısı rolunu oynayır.

Mənə elə gəlir ki, dünya azərbaycanlılarının birliyini və həmrəyliyini Azərbaycançılıq kontestindən kənarda düşünmək düzgün olmazdı. Bu ideyanın müəllifi Ümummilli lider Heydər Əliyevdir və bu, Ulu öndərin xalqımız və vətənimiz qarşısında göstərdiyi mühüm və tarixi xidmətlərindən biridir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci ilin 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etmişdir. Təxminən 25 il bundan öncə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Dahi rəhbərin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni işlərin başlanmasına rəvac verdi. Ulu öndər xarici ölkələrə etdiyi səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparmaları üçün daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələrini verirdi.

2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək nöqtələrindən biri oldu. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» - deyən Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının birinci qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir. Birinci qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın birləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha geniş fəaliyyət göstərməyə başladılar. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətlərinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açdı, Milli Məclisin "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul etməsi isə bu işə bir az da təkan verdi.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə Bakıda Dünya azərbaycanlılarının ikinci qurultayının öz işinə başlaması isə diaspor quruculuğu işinə yeni ruh, yeni nəfəs vermiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının faktlarla dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Diaspor quruculuğu baxımından ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, türkdilli dövlətlərlə münasibətləri gücləndirmək xəttinə üstünlük verən dövlət başçısı türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən IX zirvə toplantısında dərin və məzmunlu çıxış etmiş, türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çəkmişdir: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli dövlətlərdə bütün imkanlar vardır – təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyat, insanların istedadı, yeni infrastruktur – bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər daha da güclənir”. Bu məsələdə dost və qardaş ölkə olan Türkiyənin rolunu xüsusilə qeyd etmək lazımdır. Böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri, artıq həm Türkiyədə, həm də Azərbaycanda dostluqdan və qardaşlıqdan da yüksəkdə dayanan münasibətlərə malik bu iki ölkə arasındakı əlaqələrin dünənini, bu gününü və gələcəyini dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi: "Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən amillər həm tarixi köklər, həm mədəni əlaqələr, həm də bizim keçmişimiz və bugünkü siyasi marağımızdır.” Bu baxımdan güman edirəm ki, xarici ölkələrdəki diaspor cəmiyyətlərimizin Türkiyənin bu ölkələrdəki diaspor cəmiyyətləri ilə birgə fəaliyyət göstərmələri hər iki ölkə üçün çox müsbət nəticələr verər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi: "Qardaş Azərbaycandakı inkişaf bizi də sevindirir, çünki qardaşların güclənməsi gələcəyə olan ümidimizi də artırmaqdadır".

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatları ilə yanaşı, xarici ölkələrdə təhsil alan gənclərimizin də xidmətlərini xüsusilə vurğulamaq lazımdır. Təhsil aldıqları ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə sıx ünsiyyət qurmalı və onlarla əlaqəli şəkildə fəaliyyət göstərməli olan tələbələrimiz istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də zəngin tarixi-mədəni irsimizin təbliğ olunmasında çox iş görə bilərlər. Qeyd edək ki, xarici universitetlərin hər birinin nəzdində öz ölkələrini təmsil edən tələbə cəmiyyətləri fəaliyyət göstərir. Bu baxımdan, tələbələrin gördükləri işlər diaspora təşkilatlarının gördüyü işlərdən daha çox və daha effektiv ola bilər. Bunun üçün müxtəlif ölkələrin ali təhsil ocaqlarında təhsil alan tələbələr, istər dövlət tərəfindən, istərsə də QHT-lər tərəfindən diqqətdə saxlanılmalı, fəaliyyətlərinin effektivliyi üçün lazım olan dəstək göstərilməlidir. Çünki bəzən xaricdəki tələbələrimizin Azərbaycanın təbliği ilə bağlı cəhdləri yetərsiz olur, bu da istənilən effekti vermir. Bəzi hallarda diaspora təşkilatları ilə tələbələrimiz arasında bir boşluq yaranır. Bu baxımdan istər səfirliklər, istərsə də qeyri-hökumət təşkilatları xaricdə təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin ali təhsil aldıqdan sonra təhsil aldıqları ölkələrdə qalıb çalışmağa, orada ailə qurub yaşamağa üstünlük verən məzunlarla daha sıx əlaqələr qurmalıdırlar. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müntəzəm olaraq xarici ölkələrə etdikləri səfərlər zamanı həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə, orada yaşayıb işləyən soydaşlarımızla görüşməlidirlər. Əgər həqiqətən də biz ana vətənimiz Azərbaycanı yüksək səviyyədə tanıtmaq istəyiriksə, xaricdə cəmləşən intellektual gücümüzə dayaq olub, onlarla sıx əlaqələr yaratmalıyıq. Unutmaq olmaz ki, xaricdə təhsil aldıqdan sönra orada qalıb müəyyən müddətə və yaxud da həmişəlik işləməyə qərar verən şəxslər sıradan bir vətəndaş deyillər. Bu insanlara yanaşmanı hansı səbəb üzündənsə vətənlərini tərk edənlərlə eyniləşdirmək olmaz. Çünki birincilər ali təhsilə, yüksək intellektə və geniş dünyagörüşə sahib insanlardı. Onların orada yaşamaları, ailə qurmaları, övlad-uşaq sahibi olmaları öncə ailələrinə, sonra isə geniş ictimaiyyətə Azərbaycan dilini, Azərbaycan mədəniyyətini, tarixini, adət-ənənələrini aşılamaq baxımından böyük önəm daşıyır. Məncə, diasporlarımızın gücünü, bax, bu mənbələrdə axtarmaq lazımdır.

Yuxarıda da qeyd etdiyim kimi, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasını Azərbaycançılıq kontestindən kənarda axtarmaq yanlışlıq olardı. Azərbay-cançılıq ideyasının tədqiqi sahəsində ciddi tədqiqatlar aparan görkəmli akademikimiz Ramiz Mehdiyev hələ 1993-cü ildə Azərbaycançılıq ideyasını milli ideya ilə birlikdə nəzərdən keçirərək müxtəlif mətbu orqanlarda bir-birindən maraqlı yazılarla çıxış etmişdir. Hörmətli akademik qələmə aldığı "Azərbaycan: qloballaşma dövrünün tələbləri”, "XXI əsrdə milli dövlətçilik” əsərlərində bu ideyanı daha da inkişaf etdirərək Azərbaycançılığın müstəqil və bənzərsiz Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxara biləcək bir yol olduğunu qeyd edirdi. Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına qazandığı tarixi sərvətdir. Bu, ilk növbədə, real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, ölkədə yaşayan bütün

etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılığın gücü həm də ondadır ki, o, fərdi maraqları və meylləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni dəyərlərini qoruyub saxlamağa qadirdir. "Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcək, müstəqillik və milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir” – deyən akademik, əsərlərində Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin üzvi şəkildə vəhdətinin təşkil etdiyini ön plana çəkir.

Ümummilli lider Heydər Əliyevin aşağıdakı sözləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün bu gün də bir etalon rolunu oynayır, şübhəsiz sabah da belə olacaqdır: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir."

Möhtərəm Prezidentimiz İlham Əliyevin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik nitqində vurğuladığı kimi, "bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır.”

Sonda xalqımızı və dünyada yaşayan bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni – 2016-cı il münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı, süfrələrinə bol ruzi-bərəkət, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətindəki fəaliyyətlərində dönməzlik, sarsılmazlıq və yeni-yeni uğurlar arzulayıram.

Rafiq Oday,
respublikanın Əməkdar jurnalisti





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR