Sumqayıtda hava

Hadisə

Sumqayıtın uzunömürlü sakini dünyasını dəyişdi - Doğum gününə 2 gün qalmış

Sumqayıtın uzunömürlü sakini dünyasını dəyişdi - Doğum gününə 2 gün qalmış



Sumqayıtın ən yaşlı sakinlərindən biri, müharibə veteranı Mahmud dayı 100 illik yubileyinə iki gün qalmış dünyadan köçdü.
Yeni ilin ilk günündə - yanvarın 1-də Sumqayıt kimyaçılarının böyük səy və ehtiramla 100 illiyini qeyd etməyə hazırlaşdığı nüfuzlu el ağsaqqalı, II Dünya müharibəsi veteranı, 27 il əvvəl ermənilər tərəfindən doğma yurdu Göyçədən didərgin salınaraq, uzun illər Sumqayıta sığınmış Mahmud dayı yubileyinə iki gün qalmış bu dünyaya əlvida etdi.
Mahmud Mahmudov 1916-cı il yanvarın 1-də Göyçə mahalının Çəmbərək (sonradan - Krasnoselsk) rayonunun Gölkənd kəndində dünyaya gəlmişdi. 1941-ci ilin 22 iyununda - hərbi xidmətinin başa çatmasına bir ay qalmış Almaniyanın SSRİ-yə hücum etməsi gənc əsgərin arzu-istəklərini də alt-üst etmişdi. Yüz minlərlə azərbaycanlı kimi müharibənin oduna-alovuna atılan Mahmud Mahmudov uzun və ağır döyüş yolu keçərək, düşmənə qarşı igidliklə vuruşmuş, qəhrəmanlıqlar göstərmişdi. Moskvaətrafı döyüşlərdə və Leninqradın müdafiəsində iştirak edən, döyüşlərdə ağır yaralanmasına baxmayaraq, sağaldıqdan sonra yenidən səngərlərə atılan Mahmud Mahmudov düşmənin xeyli canı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində fəal iştirak etmiş, hətta mühasirəyə düşməsinə baxmayaraq, döyüş dostu ilə birgə əsl şücaət göstərərək, mühasirədən çıxmağı bacarmışdı.
Döyüşlərin birində isə o, öz komandiri ilə birgə xüsusi kəşfiyyat planı quraraq, gecə ikən düşmənin arxasına keçib, 22 faşisti əsir götürərək, öz mövqelərinə gətirmiş və komandanlığa təhvil vermişdi. Məhz bu igidliyə görə onların hər ikisi "Qızıl ulduz” ordeninə layiq görülmüşdülər. Döyüş yolu Polşaya qədər uzanan Mahmud Mahmudov sonralar 1-ci dərəcəli "Vətən müharibəsi” ordeni, "Almaniya üzərində qələbəyə görə”, "İgidliyə görə”, "Döyüş xidmətlərinə görə”, "Sovet Zapolyaryasının müdafiəsinə görə” və s. medallarla təltif edilmişdi.
Almaniya üzərində tarixi qələbə 9 may 1945-ci ildə başa çatsa da, Mahmud dayı öz doğma elinə-obasına yalnız həmin ilin dekabrında dönə bilir. Birinci dərəcəli müharibə əlili olmasına baxmayaraq, uzun illər kolxoz təsərrüfatında çalışan Mahmud kişi həmişə əməksevərliyi, təmiz və vicdanlı olması ilə seçilib, kənd sakinləri arasında böyük hörmət və nüfuz sahibi olub.
Mahmud dayı həm də gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Güllü xala ilə birgə 11 övlad böyütmüş, sənət-peşə sahibi etmişdi. Mahmud dayının 25-dən artıq nəvəsi və son vaxtlar sayını unutduğu nəticələri daim böyük həvəs və minnətdarlıqla onun qulluğunda dururdular.
Bir müharibə veteranı, maraqlı və zəngin həyat yolu keçmiş Mahmud dayı həm də Sumqayıt kimyaçılarının yaxın, istəkli dostu idi. Kimyaçlar Milli Məclisin üzvü kimi "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayevin ən yaşlı, qocaman seçicisi olan Mahmud dayı ilə hər il Qələbə günündə və onun Ad günündə görüşməyi özlərinə borc və şərəf bilirdilər. Kimyaçılar kollektivi onun 100 illik yubileyinə, onu təbrik etməyə də səylə hazırlaşırdıalar. Heyf ki, amansız ölüm buna imkan vermədi - yubileyinə cəmi iki gün qalmış Mahmud dayı həyatla, dünya ilə vidalaşdı.
Onun gözlənilməz ölümündən mütəəssir olan kimyaçılar bu gün kədərlənərək, təəssüf edir və deyirlər: Allah rəhmət eləsin! Qəbri nurla dolsun!
Xeberle.com
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR