Sumqayıtda hava

Maraqlı

Belə qonşu hər kəsin arzusudur - “Elektron adam”la İŞGÜZAR SÖHBƏT

Belə qonşu hər kəsin arzusudur - “Elektron adam”la İŞGÜZAR SÖHBƏT



Qeyri-adi bacarığa, əl qabiliyyətinə malik maraqlı insanlara ən müxtəlif peşə sahibləri arasında rast gəlmək mümkündür. Belə insanlardan biri də Bakı sakini Aslan Aslanovdur. O, paytaxtın Mətbuat prospektində 504-cü məhəllədə yaşayır və yaşadığı binanın gözətçisidir. A.Aslanov başqalarından elektronika sahəsində qeyri-adi bacarığı ilə fərqlənir. Bunu onun gözətçi məntəqəsində quraşdırdığı mini "avtomat telefon stansiyası”, habelə digər cihazlar da sübut edir.
Publika.az-ın əməkdaşı "İşgüzar söhbət” rubrikası çərçivəsində işinin ustası olan, işgüzarlığı ilə ətrafındakıların rəğbətini qazanmış bu maraqlı insanla görüşüb, onun ixtiraları ilə tanış olub.

"Məmmədbağırla əsgərlikdə dostlaşdıq...”
Aslan Aslanov 1949-cu ildə Bakıda anadan olub. Dediyinə görə, doğum günü Leonid Brejnevin doğum günü ilə üst-üstə düşür. Hələ uşaq yaşlarından işləməyə can atıb:
"13 yaşımda "Azərbaycanfilm” kinostudiyasına işə girmək istədim. Əvvəlcə yaşımın azlığına görə götürmürdülər. Gördülər inadcılam, yumşaldılar. Operator assistenti işləməyə başladım. Həmin vaxt kinostudiyanın direktoru SSRİ xalq artisti Məhərrəm Haşımov, müavini isə Teymur Hüseynov idi. Allah onlara qəni-qəni rəhmət eləsin. Hər şeyi bu insanlardan öyrəndim”.
Bir müddət kinostudiyada çalışan uşaq sonra təhsilini davam etdirməyə qərar verir:
"110 saylı gecə fəhlə-gənclər məktəbində oxudum. 10-cu sinfi bitirdikdən sonra Sumqayıt Kimya Texnikumuna daxil oldum. Əslində, mənim bir neçə sahə üzrə ixtisasım var. Həmin ixtisaslara gənclik illərində yiyələnmişəm.
Texnikumu bitirdikdən sonra hərbi xidmətə yollandım.
1971-ci ildən 1973-cü ilə qədər Sabirabadın Qalağan kəndində hərbi xidmət etdim. Rəhmətlik Məmmədbağır Bağırzadə ilə eyni hərbi hissədə eyni müddətdə xidmət edirdik. Əsgərlik illərində dostlaşdıq. Toyunda da iştirak etmişəm. Məmmədbağırdan soruşanda ki, "sənə oxumağı kim öyrədib”, cavab verərdi ki, Aslan. Bir vaxtlar mən də oxuyan olmuşam. İndi bu yolu nəvəm davam etdirir...”
A.Aslanov hərbi xidmətini başa vurduqdan sonra bir müddət Azərbaycandan kənarda işləməli olub:
"İşimi Rusiyada və Belorusiyada davam etdirməyə başladım. Bizi ora ulu öndər Heydər Əliyev göndərdi. Ömrümüzün 25 ili orada keçdi...
"Rusiya” mehmanxanasında 8-ci mərtəbədə 124-cü otaqda qalırdım. Otağın telefon nömrəsi indiki kimi yadımdadır - 298 12 48. 1983-ci ilə qədər orada yaşadım...”
80-ci illərin sonlarında Vətənə dönən həmsöhbətim Azərbaycan həqiqətlərini MDB ölkələrində tanıtmaq işinə başlayıb:
"Xocalı faciəsinin fotolarını Moskvaya ilk aparan şəxslərdən biri mən idim. Aeroportda erməni vəhşiliyini göstərən 100 fotonu payladım. Oradakı insanlara ermənilərin qəddarlığı haqda xəbər verdim. Məlum oldu ki, ruslar bu faciədə bizim özümüzdən şübhələnirmiş. Elə biliblər, Xocalı qırğınını biz törətmişik. Məni Sovet dövründən tanıyırdılar deyə, sözlərimə inandılar. Rusiyaya könüllü getmişdim, heç kim tapşırıq və ya göstəriş verməmişdi”.

Zirzəmidən Amerikaya zəng...
Aslan Aslanov deyir ki, təqaüdə çıxdıqdan sonra gözətçi işləməyə qərar verib. Yeniyetməlik və gənclik illərində qazandığı biliyi, təcrübəni gözətçi məntəqəsində elektron sistemlər quraşdırmağa yönəldib:
"Bu elektron sistemi özüm quraşdırmışam. (Cihazda yanan işıqları əli ilə göstərərək) Baxın, məsələn, ikinci və dördüncü düymənin işığı yanır. Bu o deməkdir ki, ikinci və dördüncü su nasosu işləyir. Digər cihazda 9-cu düymənin işığının yanması binanın eyni nömrəli girişinin qapısının açıq olduğunu göstərir. Siqnaldan başa düşürəm ki, hansı blokun qapısı açıqdır. Mən özüm də bu binada yaşayıram”.
Müsahibim qeyd edir ki, telefonları köşkə özü quraşdırıb:
"Telefon aparatları Sovet dövründən qalıb. Onlardan biri liftlə əlaqəlidir, digəri mənim evimlə.
Telefonlardan bəziləri məni binanın zirzəmisi, liftin şaxtası ilə əlaqələndirir. Burada özümçün daxili mini-ATS qurmuşam. Binamızın zirzəmisində hər hansı şəbəkə problemi yoxdur. Oradan Türkiyə, hətta Amerika ilə mobil telefon əlaqəsi qura bilirik.
Köşkdəki nömrəsiz telefonlar da işlək vəziyyətdədir. Haranınsa qapısı açılanda dərhal mənə siqnal gəlir.
Bax, bu telefon (əli ilə göstərir) Milli Məclisin deputatı Fəzail İbrahimlinin qardaşı, professor Şakir İbrahimlinin mənzili ilə bağlıdır. Onun mənzilinin yerləşdiyi blokdakı dolab açıldıqda dərhal mənə zəng gəlir. Bilirəm ki, dolabı kimsə açdı. Dərhal evinə zəng edib dolabı açan şəxsin Şakir müəllimin ailə üzvlərindən olub-olmadığını dəqiqləşdiririk”.
Bu arada, məlum olur ki, yaşı 70-i haqlamış həmsöhbətim həm də güclü yaddaşa malikdir:
"Şakir İbrahimlinin mobil telefonunu əzbər bilirəm. Ümumiyyətlə, qonşularımın mobil telefonlarının nömrələrini telefona baxmadan deyə bilirəm”.
Elə bu vaxt köşkdəki cihazın 6-cı düyməsinin işığı yanır. Müsahibim 6-cı düyməyə işarə edərək yanındakı şəxsdən "get, lifti 9-cu mərtəbəyə göndər, 6-cı mərtəbədə ilişib qalıb” deyə xahiş edir:
"Liftin qapıları bağlananda birinci düymə yanır. Bu o deməkdir ki, lift birinci mərtəbədədir.
Elə sistem qurmuşam ki, lift həmişə birinci mərtəbədə olur. Binaya ağır çanta, yüklə gələn hər sakin daha liftin yuxarı mərtəbələrdən enməsini gözləmir. Qaldırıcı qurğu özü avtomatik olaraq birinci mərtəbəyə enir. Sakinlərə təkcə liftin düyməsini basıb içəri girmək qalır”.
Bu texnologiyanı isə özü öyrənib:
"Sadəcə, bir az bilik və həvəs lazımdır. Çertyoj çəkib öyrənirsən, vəssalam. Nəyəsə cəhd göstərsən, gec-tez onu öyrənəcəksən.
Məsələn, istilik sisteminin quraşdırılmasını bəstəkar Cövdət Hacıyevin qohumundan - Yusif adlı qonşumuzdan öyrəndim. Bir neçə il onun necə işləməsinə göz qoydum və hər şeyi mənimsədim.
Doqquzbloklu, doqquzmərtəbəli binanın hansısa mərtəbəsində liftdə nasazlıq yarandıqda, yaxud kimsə su nasosunu işə saldıqda, mənə dərhal zəng və siqnal gəlir. Hansısa mərtəbənin liftinin nasaz olmasını, yuxarı mərtəbədə ilişib qalmasını zənglərdən bilirəm. Hər hansı yeraltı təkanlar baş verdikdə də siqnallar gəlir”.

Qatilləri sayğac ələ verdi...
Elə bu vaxt telefonlardan biri zəng çalır. O, əli ilə aparatı göstərərək "bu, liftin 5-ci mərtəbəyə endiyini göstərir” deyir. Sonra söhbətinə davam edir:
"İşimlə əlaqədar Almaniyada, Macarıstanda, Rumıniyada, Polşada, Ukraynada, Əfqanıstanda, Belarusda olmuşam. Bu xalqların bəzilərinin dillərində az-çox danışa bilirəm. Həmin ölkələrdə öyrəndiklərimi burada tətbiq etməyə başladım”.
Müsahibim deyir ki, köşkdə quraşdırdığı sistem sınaqdan çıxıb:
"2000-ci ilin 25 noyabrında axşam saat 22:10-da Bakıda zəlzələ baş verəndə mənim gözətçi köşkündə quraşdırdığım telefonların hamısı işləyirdi. Halbuki onda "38” və "39”-la başlayan telefonlar sıradan çıxmışdı. Yeri gəlmişkən, həmin gün zəlzələnin balını təxmini də olsa dedim. Bir az sonra seysmoloqlar mənim səsləndirdiyim rəqəmləri dedilər.
Qızdırıcıya - "otapleniya”ya xüsusi proqram quraşdırmışam. Hər hansı problem yarandıqda, o cümlədən, suyun təzyiqi aşağı düşəndə dərhal bura siqnal gəlir.
Binanın zirzəmisinə quraşdırdığımız qurğu vasitəsilə mənzillərə fasiləsiz isti su verilir. 70-ə yaxın sakin daimi isti su ilə təchiz edilib və ondan hamamda da istifadə etmək mümkündür.
Əldəqayırma su qızdırıcılarına etibar yoxdur. Hər gün dəm qazından neçə-neçə insan zəhərlənir. Bir dəfə birinci blokda 11-ci mənzildə iki sakin hamamda boğulub öldü. Buna görə binanın zirzəmisində bu istilik sistemini quraşdırdıq. Sakinlər istifadə etdikləri suyun sayğacındakı göstəricilərə uyğun pul ödəyirlər. Hər hansı qazsızmasından da söhbət gedə bilməz”.
Müsahibə vaxtı Aslan Aslanova 4-5 dəfə zəng gəlməsi onun mini elektron sisteminin işlək vəziyyətdə olduğunu göstərirdi. Özü də deyir ki, bu sistem bir neçə dəfə işə yarayıb:
"Elə olub ki, binada yanğın baş verib. Yanğınsöndürənlər gələnə qədər alovun yayılmasının qarşısını almışıq və onu qumla tam söndürmüşük.
Bir dəfə elektrik qutusunda yanğın baş verdi. Rafiq adlı qonşu ilə birləşib alovu söndürdük. Siqnallar vaxtında gəlir deyə, profilaktik təbdirləri vaxtında həyata keçirə bilirik.
Özümün xüsusi jurnalım var, burada qeydə aldığım bütün hadisələrin tarixini, gününü qeyd etmişəm. Həmin qeydlər bəzi kriminal hadisələrin araşdırılmasında işə yarayıb.
Bir müddət əvvəl qonşumuz Səfiyyə Qasımovanı evində öldürdülər. Onun mənzilinin sayğacının sürətlə işləməsindən şübhələnib polis bölməsinə, sonra isə MKİS-ə zəng vurdum. Mənzilin pəncərəsindən içəri daxil olub, meyitini aşkarladıq. Qatilləri tutdular.
O qadının qətlindən sonra burada gözətçi məntəqəsi tikməyi qərara aldıq. Bəlkə, buna görədir ki, son illər burada qətl hadisəsi baş verməyib”.
Müsahibim deyir ki, bu cür işdən mənəvi zövq alır:
"İstəyirəm sakinlərin hamısı evlərində rahat otursunlar. İsti su, telefon, lift xidməti ilə təmin edilsinlər.
Bir dəfə Milli Məclisin həyətində isti su ilə əlimi yudum. Qərara aldım ki, o sistemi burda da tətbiq edim. Həmin sistemi binamızda da tətbiq etdim. Binanın zirzəmisində xüsusi suqızdırıcı quraşdırdıq”.

Belə qonşu hər kəsin arzusudur - “Elektron adam”la İŞGÜZAR SÖHBƏT


Belə qonşu hər kəsin arzusudur - “Elektron adam”la İŞGÜZAR SÖHBƏT


Belə qonşu hər kəsin arzusudur - “Elektron adam”la İŞGÜZAR SÖHBƏT


Belə qonşu hər kəsin arzusudur - “Elektron adam”la İŞGÜZAR SÖHBƏT


Belə qonşu hər kəsin arzusudur - “Elektron adam”la İŞGÜZAR SÖHBƏT

 


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR