Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir

Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir


Abşeron yarımadasında yerləşən, əhalisi 400 mindən çox olan Sumqayıtda onlarla neft-kimya, metallurgiya, yeyinti sənayesi və yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Sumqayıtın paytaxta yaxınlığı, habelə burada kifayət qədər yüksək ixtisaslı mütəxəssislərin olması onun intensiv inkişaf edən müasir sənaye mərkəzinə çevrilməsi üçün zəruri şərait yaradır.

Sumqayıt Cənubi Qafqazda Bakıdan sonra 2-ci iri sənaye şəhəridir. Sənaye şəhəri kimi yaradılan Sumqayıt hazırda müasir sənaye mərkəzinə çevrilməkdədir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti ölkədə ilk texnoloji parkın məhz Sumqayıtda yaradılmasını qərara alıb. Bu regiona Azərbaycanın əsas sənaye mərkəzi kimi münasibət bəslənir.

2006-cı ildə yaradılmış Sumqayıt Texnologiya Parkı bu qəbildən ilk iri istehsal-sənaye kompleksidir. Texnoparkda 17 zavod işləyir, daha beşi tikilir. STP-nin yeni obyektlərindən biri Mis Emalı zavodudur. Burada elektroliz üsulu ilə misdən hazırlanan katod lövhələrinin, habelə hazır mis məhsulların istehsalı təşkil edilib. Məşhur şirkətlərin yüksək texnoloji avadanlığı ilə təchiz olunmuş müəssisə elektroliz, misin qəbulu, əridilməsi və şaquli tökmə sahələrindən ibarətdir. Təkrar mis xammalından istifadə edilən bu istehsalatda ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir, həmin tullantılardan 450 ton anod xammalı alınır, daha sonra ilkin xammalın kimyəvi təmizlik dərəcəsi 99,99 %-ə qədər olan mis katod lövhələr hazırlanır.
Zavod işə düşəndən sonra mis xammal idxalına ehtiyac qalmayacaq. Bundan əlavə, təkrar xammaldan istifadə edilməsi ekoloji şəraiti yaxşılaşdırmağa imkan verir.

“Azərsun Sənaye Parkı” deyilən sahədə daha 2 müəssisə - Yağ Fabriki və Kağız-Karton Kombinatı yaradılıb. Müasir texnologiyalarla təchiz edilmiş Yağ Fabriki “Azərsun Holdinq” MMC-nin xüsusi vəsaitləri və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kredit hesabına inşa olunub. Müəssisədə emal edilməmiş yağın qəbulu, təmizlənməsi, şokolad istehsalı üzrə bir neçə istehsal xətti, habelə marqarinin, bitki yağının, əridilmiş yağın qablaşdırılması, o cümlədən həmin yağların metal qablara doldurulması üzrə sahələr fəaliyyət göstərir. Emal edilməmiş yağın təmizlənməsi üçün yaradılmış bölmədə xammal separasiya edilir və fiziki-kimyəvi üsulla təmizlənir. Fabrikdə hər gün 270 ton yağ məhsulları, o cümlədən qarğıdalı, günəbaxan yağları, əridilmiş yağ və şokolad yağı, marqarin və mayonezlər istehsal ediləcək. Burada müasir texnologiyalar sayəsində istehsal edilən ekoloji təmiz və rəqabət qabiliyyətli məhsulları Gürcüstana, İraqa, Tacikistana, Qazaxıstana, Türkmənistana və regionun digər ölkələrinə ixrac etmək nəzərdə tutulur. Fabrikdə 250 yeni iş yeri yaradılıb. Yaxın vaxtlarda ştat vahidlərinin sayını 700-ə çatdırmaq planlaşdırılır.

“Azərsun Holdinq” MMC-nin və Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə tikilmiş Kağız-Karton İstehsalı KombinatI Cənubi Qafqazda bu profilli yeganə müəssisədir. Kombinatın emal gücü ildə 50 min tona çatır. Müəssisənin xammala tələbatının 90 %-İ kağız tullantılar hesabına təmin ediləcək. Kombinatın özündə 150 əməkdaş çalışır. Müəssisənin xammal ilə təmin edilməsi üçün respublikanın regionlarında yüzlərlə tədarük məntəqəsi yaradılması planlaşdırılır. Nəqliyyat loqistikasını da nəzərə alsaq, həmin məntəqələrdə 1000 nəfərdən çox işçi çalışacaq.

İstehsal proseslərində kağız tullantılarından təkrar istifadə edilməsi ətraf mühitin qorunmasına real şərait yaradacaq. Aparılmış hesablamalara görə, bu müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min iynəyarpaqlı ağacın kəsilməsinin, habelə makulaturanın yandırılması zamanı atmosferə külli miqdarda zərərli maddələr atılmasının qarşısı alınacaq. “Azərsun Holdinq” şirkəti Xırdalanda Karton Fabriki tikib istifadəyə verib. Sumqayıtdakı kombinatla bu fabrik birlikdə ölkənin kartona, kağıza və sellülozdan hazırlanan qablaşdırma materiallarına tələbatını tamamilə təmin edə biləcək. Perspektivdə “Azərsun Sənaye Parkı” nəzdində loqistika mərkəzi, plastik kütlə və xüsusi karton məmulatlar üzrə müəssisələr yaradılacaq.

Xatırladaq ki, bu müəssisələrin maliyyələşdirilməsi qismən güzəştli dövlət kreditləri hesabına həyata keçirilib. Ötən illər ərzində Sumqayıtda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 318-ə yaxın investisiya layihəsinin həyata keçirilməsi üçün təqribən 90 milyon manat vəsait ayrılıb.

Bununla paralel olaraq Sumqayıt sənaye zonasında 200 hektar sahədə kimya sənayesi parkı yaradılır. Burada ilk müəssisə - “Azərtexnolayn” MMC-nin polad borular istehsalı zavodu artıq işə salınıb. Daha iki zavodun tikintisi başlanıb. 2016-cı ildə “SOCAR Polimer” MMC məhsul istehsalına başlayacaq. Beləliklə, yaxın illərdə parkın ərazisində iri sənaye kompleksi yaradılacaq.

Bu layihələrin həyata keçirilməsi həm Sumqayıtın sosial-iqtisadi inkişafı, həm də bütün ölkə əhalisinin məşğulluğunun təmin edilməsi baxımından çox vacibdir. Təkcə 2014-cü ildə Sumqayıtda 3600 yeni iş yeri yaradılıb.

Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi ölkəmizin iqtisadi potensialının inkişafında mühüm rol oynayır. Sumqayıtda sosial infrastruktur yaradılmasına xüsusi diqqət yetirilir. Ölkənin sənayeləşdirilməsi üzrə yeni strategiyanın ən mühüm hissəsi kimi, Sumqayıtda yeni sənaye zonasının yaradılması və burada rəqabət qabiliyyətli, ixrac yönümlü məhsul istehsalı seçilib.

Ətraf mühitin qorunması məsələsinə böyük diqqət yetirilir. Bu gün Sumqayıtda fəaliyyətə başlayan bütün sənaye müəssisələri ən yüksək ekoloji standartlara uyğundur. Hədəf belədir: təkcə Sumqayıtda deyil, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlar ən yüksək ekoloji standartlar səviyyəsində olmalıdır.

Vaxtilə Sumqayıtın ekoloji şəraiti ilə bağlı problemlər var idi. Bu gün həmin problemlər, demək olar ki, aradan qaldırılıb. Sumqayıtda sənayenin uğurlu inkişafı işsizliyi və yoxsulluğu azaltmağa şərait yaradır, müasir sosial infrastrukturun formalaşmasına kömək edir. Kimyaçılar şəhəri abadlaşır, parklar və yaşıllıqlar şəhərinə çevrilir. Burada yeni xiyabanlar salınır, binalar təmir edilir, yeni məktəblər və xəstəxanalar tikilir. Bir sözlə, vətəndaşların əməyi və istirahəti üçün rahat şərait yaradılır.

Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir

Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir

Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir

Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir

(AzərTAc)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR