Sumqayıtda hava

Faydalı

Qeybət nədir? Qeybətdən necə qorunmaq lazımdır? - DİNİMİZİ ÖYRƏNƏK

Qeybət nədir? Qeybətdən necə qorunmaq lazımdır? - DİNİMİZİ ÖYRƏNƏK

Qeybət bir kəsin arxasınca xoşuna gəlməyən, təhqiramiz, qəlbə dəyən, alçaldıcı şeylər danışmaqdır. Dedi-qodu ilə eyni­ mə­nada işlədilir. Qurani-Kərimdə: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş (din) qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[1]– buyurulur.

Qeybəti qadağan edən və onun çirkin bir əməl olduğunu bildirən bu ayədə bir sıra məqamlar öz əksini tapır:

Qeybət etməyin çirkinliyini bilmirsinizmi? Bilməlisiniz!

Qəlb sevginin yeri ola-ola necə qeybət kimi çirkin bir hislə yaşayırsınız?

Madam ki insansınız, cəmiyyətdə yaşayırsınız, bir fərd kimi belə günahı necə edirsiniz?

Vəfat etmiş din qardaşının ətini yemək bir müsəlmana yaraşarmı?

Din qardaşınız olan bir möminin qeybətini necə edirsiniz?

Ölü əti yemək kimi çirkin bir işi necə görürsünüz?

Ayədən aydın olur ki, insan qeybət etməklə ölmüş (din) qardaşının ətini yemiş, yəni çirkin iş tutmuş olur. Bəlkə də, belə bir çirkin işin (ölmüş mömin qardaşın ətini yemək) axirətdə cəzası nədirsə, qeybət edən də ona layiq görüləcək.

Qeybət bir adamın arxasınca edilir. Əgər qeybətdə haqqında danışılan cəhət, xüsusiyyət qeybəti edilən şəxsdə varsa, bu, qeybətdir, yoxdursa, həm qeybət, həm də iftiradır. Haqq dostları qəlbdən keçən pis fikirləri də "qəlbin qeybəti” saymış və hətta bundan da uzaq olmağın vacibliyindən danışmışlar. İnsanları qaş-göz işarəsi ilə göstərmək, boyunun qısalığı, yaxud köklüyünə görə ələ salmaq da qeybət mənasına gəlir. Bu cür sözlər və hərəkətlər bir ruzigara dönüb bərəkəti göyə sovurur.

Ən təhlükəli qeybət isə bir toplum haqqında edilən qeybətdir. Topluluqları "-çı, -çu” əlavələri ilə qruplara bölərək qeybət etmək, ələlxüsus da, kütləvi informasiya vasitələri ilə minlərlə, mil­­yonlarla insanın qeybətini etmək çox böyük günah olub, yalan söyləməyə, oğurluq etməyə, zinaya bərabər sayılır. Qurani-Kərimdə qeybətdən başqa heç bir günahın çirkinliyi ölü əti yeməyə bənzədilməyib.

Həzrət Əbu Hureyrə Peyğəmbərimizin bir hədisi-şəri­fini rə­vayət edir:

Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki:

– Qeybətin nə olduğunu bilirsinizmi?

Əshabi-kiram:

– Allah və Rəsulu daha yaxşı bilir, – dedi.

Allah Rəsulu:

– Sizin (din) qardaşınız haqqında onun xoşlamadığı şəkildə danışmağınızdır, – deyə izah etdi.

Orada olan bir adam:

– Əgər mənim dediyim (xüsusiyyət) həmin adamda varsa, bu da qeybətdir? – deyə soruşdu. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):

– Əgər dediyin şey onda varsa, onun qeybətini edirsən. Yoxdursa, üstəlik iftira da atırsan, – buyurdu”.[2]

Qeybətin xaincəsinə və məsum görkəmdə insanın qarşısına çıxdığını Peyğəmbərimizin (sav) Həzrət Aişə anamızı tənbeh etməsindən də görürük. Həzrət Aişə anamız (radiyallahu anha) nəql edir:

– Ey Allahın Rəsulu, sənə Safiyyənin filan-filan xüsusiyyətləri bəs deyil?! – dedim. Rəsulullahın bundan xoşu gəlmədi:

– Elə bir söz işlətdin ki, əgər dənizə qarışdırılsaydı, dəniz suyunu bulandırardı, – buyurdu. Həzrət Aişə əlavə edərək deyir ki: "Mən Allah Rəsuluna (Allah Rəsulunun qarşısında) bir insanı təqlid etmişdim”.Dərhal dedi:

– Mənə bu qədər dünya malı verilsə belə, heç kimin qüsurunu sözlə, yaxud hərəkətlə bildirmərəm (göstərmərəm), onu təqlid etmərəm”.[3]

Qeybətin cəzası nədir?

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində qeybətin axirətdəki cəzası haqda buyurur:

"Rəsulullah bir dəfə əshabla birlikdə olanda:

– Müflis kimdir? – deyə soruşdu.Bunun cavabında səhabələr:

– Pulu və malı olmayan, – dedilər.

Rəsulullah:

– Ümmətimin müflisi qiyamət günü namaz, oruc, zəkat savabı ilə gəlir. Ancaq birini söyüb, birini zina etməkdə təqsirləndirib, yaxud zina iftirası atıb, birinin malını yeyib, onun qanını töküb, bunu döyüb. Bu səbəbdən də yaxşılıqlarının savabı ona-buna verilir və qul haqqını qaytarmadan savabları qurtarır, sonra da haqq sahiblərinin günahları onun belinə yüklənir, ardınca da cəhənnəmə atılır, – buyurdu”.[4]

Başqa bir hədisi-şərifdə Rəsulullah buyurur:

"Merac gecəsi mis dırnaqlı insanlar gördüm. Dırnaqları ilə üzlərini, sinələrini cırmaqlayırdılar.

– Ey Cəbrail! Bunlar kimdir? – deyə soruşdum.

Cəbrail də:

Bunlar insanların ətini yeyənlər və onların namusunu, şərəfini ayaq altına atanlardır, – dedi”.[5]

Bütün bunlar ciddi xəbərdarlıqdır. Qeybətin ictimai həyata zərərləri də az deyildir. Bir insan bir nəfərin haqqında qeybət etdiyini eşidib məyus olur və ondan qəlbi qırılır. Beləcə dost və yoldaşlar arasında problemlər ortaya çıxır. Halbuki cəmiyyətin xəta və qüsurları örtməyə, açıb-ağartmamağa ehtiyacı var. Xəta və qüsurlar axtarmağı, faş etməyi deyil, bağışlamağı və göz yummağı düşünməli, bu əxlaqla yaşamalıyıq. İnsan həyatını gözəl şeylər haqqında və gözəl düşünməyə həsr etməli, pisliyə yaxşılıqla cavab verməlidir.

Qeybət kimlərin xüsusiyyətidir?

Pis xasiyyətli insanlara xas olan qeybət bir mənada psixoloji problemdir. Qeybət etmək kimi insanları qeybətə sürükləyən əməllərə səbəb olmaq da günahdır. Daima kiminsə əleyhinə olmaq, başqalarının arxasınca danışmaq kimi halların müalicəyə ehtiyacı var. Qəzəbinin əsirinə çevrilmiş, təbiətən hökmranlıq xəstəliyinə mübtəla olan şəxslərin də qeybətə sövq edən hallardan əl çəkməsi lazımdır.Sinifdə qeybət olur?

Çox adam olan yerlərdə bir başqası haqqında onun xoşuna gəlməyən şeyləri danışmaq olmaz. Sinif yoldaşlarımız haqqında "Budur, dərslərini yenə də hazırlamayıb”, "Sinifdə elə bu danışır”, "Nə qədər tənbəldir!” kimi sözlər danışmaq onların qeybətini etməkdən başqa bir şey deyil. Halbuki hər kəsi olduğu kimi qəbul edib, hamının eyni səviyyədə yaradılmadığını nəzərə alsaq, başqaları haqqında danışmağın doğru olmadığını anlayarıq.

Qeybət qırmışıqsa, nə edək?

Qeybət etmişiksə, əvvəlcə qeybətini qırdığımız adamdan halallıq almalıyıq. Hətta: "Mən sənin qeybətini etdim, haqqını halal et”, – demək və Allah-Təaladan bağışlanma diləmək lazımdır. Haqqında qeybət edilən adam da bağışlamağa üstünlük verməlidir.

Qeybətdən necə qorunmaq olar?

Qeybət dilin xəstəliyidir. Qeybətdən qorunmaqda birinci­ şərt də dili qeybətdən uzaq saxlamaqdır. Qeybət edilən yerlərdən kə­nar gəzmək, qeybət edənləri münasib şəkildə qeybətdən çə­kin­dirmək, qeybətə aparan bədgümanlıqdan və qüsurları araşdır­maq­dan uzaq durmaq və iki nəfərin üçüncüsünün Allah-Təala olduğunu unutmayıb qeybətdən qaçınmaq lazımdır. Heç vaxt unutmamalıyıq ki, qeybət oğruluq, namaz qılmamaq kimi bir günahdır. Qurani-Kərimdə: "Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!” – buyurulur.[6]

[1]. "Hucurat” surəsi, 12

[2]. Əbu Davud, Ədəb, 40

[3]. Əbu Davud, Ədəb, 40

[4]. Müslim, Birr, 49

[5]. Əbu Davud, Ədəb, 40

[6]. "Mücadələ” surəsi, 7

Pəncərələr 2 kitabından…

"Xəzər Nəşriyyatı" MMC - Rəsmi səhifəsi





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR