Sumqayıtda hava

Manşet, Cəmiyyət

ADNA terrorunda həlak olan Sumqayıtlı gəncin faciəli hekayəti

Azərbaycan Dövlət Neft Akademiyasının (indi ADNSU) Qaz Neft Mədən Fakultəsinin 4-cü kurs tələbəsi Taleh Tariyel oğlu Məmmədovun faciəli hekayəti.

Taleh xəstəxanada son nəfəsinə qədər kömək istəyib.

Həmin gün imtahan var imiş. Səhər dərsə gələn kimi birinci Zöhrabdan imtahana necə hazırlaşdığını soruşub:

"Mənə dedi ki, əla hazırlaşıb. Sonra noutbukunu stolun üstünə qoyub aşağı düşdü. Bilmirəm nəyə görə. Elə aşağıda da güllələndi. Güllə onun boğazından girib kürəyindən çıxmışdı. Həkim deyirdi ki, şah damarı zədələnib. Qanı dayanmadan axırdı. Qanını saxlamaq olmurdu. Güllə dəyəndə Taleh üzüstə yıxılmışdı, üzü, alnı göyərmişdi, dişi də sınmışdı. Həkim gələnə qədər onu müəllimlər otağa çəkdilər. Dayanmadan deyirdi ki, "kömək edin". Elə xəstəxanada da son nəfəsinə qədər belə deyib".

Zöhrab dostunu xəstəxanada da axtarıb. Deyir ki, Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında onun paltarlarını tapıb:"Talehin paltarını görən kimi tanıdım. Soruşdum ki, bu paltarın sahibi hanı? Dedilər ki, paltarın sahibi ölüb…"

Dostları Talehin hündürboy, yaraşıqlı olduğunu deyirlər:

"182 sm boyu olan Talehə güllə necə olub ki, boğazından dəyib, kürəyindən çıxıb. Axı terrorist boyca ondan çox kiçik olub".

Atasız böyüyüb.

Taleh Məmmədov 1988-ci ilin 26 mayında Sumqayıt şəhərində anadan olub. Ailədə iki qardaş olublar - Taleh, Turqut. Talehin anası Südabə xanım Sumqayıt Dövlət Universitetində müəllimə işləyir. Həmişə danışıb-gülən, zarafatcıl Taleh uşaqlıqdan atasız böyüyüb. Amma onun yaxınları bunu ancaq onun ölümündən sonra biliblər. Ailənin maddi cəhətdən imkanları məhdud olduğundan Taleh həm oxuyur, həm işləyirmiş.Taleh kompyuter ustası idi. Dostları deyir ki, mərhum kompyuteri əla bilirmiş. Akademiyada kompyuterlərə nəzarət edirmiş. Fakultələrinin saytını yaratmağa hazırlaşırmış. Eyni zamanda ADNA ilə üz-üzə olan kompyuter mərkəzində çalışırmış. Həmin günü Akademiyaya "Dell" markalı noutbuku ilə gəlibmiş. Kreditə götürdüyü noutbukunun hələ ki, kredtini də tam ödəməyibmiş. Akademiyada baş verən faciə zamanı noutbuk it-bata düşüb. 5-ci mərtəbədə 1530-cu otaqda stolun üstünə qoyulan noutbuk yoxa çıxıb. Bəziləri noutbuku polis əməkdaşlarından bir nəfərin götürdüyünü desə də, bu günə qədər tapılmayıb. Dostlarını və yaxınlarının isə noutbuku axtarmaqda məqsədləri var. Axı mərhuma məxsus bütün sənədlər və şəkillər bu noutbukda imiş.

Almaniyada magistr təhsili almaq istəyirmiş.

Neft quyularının işlənməsi və istismarı ixtisasına sahiblənəcək Taleh təhsilini Almaniyada davam etdirmək istəyirmiş. Orta məktəbi əla qiymətlərlə başa vuran Taleh əlaçı tələbə kimi təqaüd alırmış. Samir deyir ki, Taleh bizə Masallıya qonaq gəlmək istəyirdi. Deyirmiş ki, diplomunu alan kimi Masallıya qonaq gələcək:

"Taleh çox çalışırdı. O qədər arzuları var idi. Heyf. güllə səslərinə aşağı düşəndə Savalanın meyidini ikinci mərtəbədə gördüm, amma Talehlə Ayazı görmədim. O, xəstəxanada keçinmişdi".

Talehi qəbrə qoyanda yağış başladı…

Samir deyir ki, həmin gün digər tələbələr Ayazın dəfninə Şamaxıya gediblərmiş. O, Talehin dəfnində də iştirak edib. Talehi Qazaxın Xanlıqlar (keçmiş Musaköy) kəndində torpağa tapşırıblar:

"Həmin günü bir isti var idi! Adam istidən yanırdı. Talehi qəbrə qoyanda hava qəfil soyudu, bir yağış başladı. Qəbrin ağzı bağlanana qədər yağış yağdı. Qəbir örtülən kimi yağış da kəsdi...

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) ikinci korpusunda 12 nəfərin ölümü, 13 nəfərin isə yaralanması ilə nəticələnən terror hadisəsindən 7 il ötür.

Allah rəhmət etsin.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR