Sumqayıtda hava

Manşet, Cəmiyyət

"İlin ilk altı ayı Sumqayıt üçün uğurlu olub" - Zakir Fərəcov

İyulun 15-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında şura iclası keçirilib. İclasda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

"Xalq qəzeti”nin bilgisinə görə, tədbiri giriş sözü ilə Şəhər İH-nin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. Şəhər həyatının bütün sahələrində duyulan canlanma, sürətli tərəqqi meyilləri ilin böyük nailiyyətlərlə sona çatdırılacağına inamı artırır. Prezident İlham Əliyevin Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ötən ay növbəti sərəncam imzalaması tərəqqiyə çox güclü stimul verib. Sərəncamda qeyd edilib ki, Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni sənaye müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənib, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılıb. Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, musiqi, şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, "Kimyaçılar" Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir. Daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədilə şəhərə Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

Hesabat məruzəsində qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində ilk 6 ayda şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 560 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 140 milyon manat çox məhsul istehsal olunub və xidmət göstərilib. Ayrı-ayrı sahələrin inkişafına 66 milyon manat vəsait yönəldilib. Kapital qoyuluşu əsasən inşaat işləri davam etdirilməkdə olan yeni sənaye sahələri tərəfindən cəlb edilib. Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 53,3 faiz artaraq 291 milyon manat olub, sənaye məhsulu istehsalı 101 milyon manatdan çox artıb. Ümumi daxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı isə 85 faizdən çox təşkil edir.

6 ayda şəhərdə məşğulluğun təmin edilməsi ilə bağlı məqsədyönlü addımlar atılması sayəsində 3987 yeni iş yeri açılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,5 dəfə çox olub.

11 mikrorayon və 10 məhəllə ərazisində binaların dam örtüyünün yenidən qurulması işləri başa çatdırılıb və növbəti 100 ədəd binanın dam örtüklərinin təmiri işləri yekunlaşmaq üzrədir. Çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait ayrılması bir daha ölkə rəhbərinin sumqayıtlılara olan diqqət və qayğısından xəbər verir. Ayrılmış vəsait hesabına 200 ədəd lift yenisi ilə əvəz olunur və bu sahədə yaxın dövr üçün əhalinin problemləri tam həll olunacaq. Artıq sonuncu liftlər quraşdırılır.

Bundan əlavə, Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi önəm daşıyan yaşayış binalarının fasadları və eyvanları yüksək zövqlə üzlənib, 43 yaşayış binasının fasadının rənglənməsi işləri başa çatdırılıb, 38 binada isə işlər davam etdirilir. Heydər Əliyev Mərkəzinin, şahmat və musiqi məktəblərinin binalarının inşası yekunlaşır, Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmiri sona yetib. Uzunluğu 4,2 kilometr olan yeni Dənizkənarı Bulvar Kompleksində və Sahil parkında istinad divarları hörülüb, kilometrlərlə yolun özülü tikilib, əraziyə tamet döşənib.

Çıxış edənlər bildiriblər ki, ilk altı ayda həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə sona çatdırmaq üçün etibarlı zəmin yaradır. Şəhər göz önündəcə aybaay, günbəgün görkəmini dəyişir, daha da gözəlləşir.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR