Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Qafqazın ən böyük investisiya layihələrindən biri SUMQAYITDA - FOTO

Qafqazın ən böyük investisiya layihələrindən biri SUMQAYITDA - FOTO

Qafqazın ən böyük investisiya layihələrindən biri SUMQAYITDA - FOTO

Qafqazın ən böyük investisiya layihələrindən biri SUMQAYITDA - FOTO

Son illər öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən və daxili-xarici investisiyalardan uğurla faydalanan Azərbaycan həm bütün sahələrdə etibarlı tərəfdaşa, həm də dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib.

Bu gün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə sabitlik məkanı adlandırılan respublikamızda investisiya qoyuluşlarına mühüm önəm verilir. Bu həm də ölkəmizdəki makroiqtisadi sabitliyi təmin edir. İnvestisiya qoyulan ölkədən investisiya yatıran və xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən Azərbaycan həm də Cənubi Qafqazın sənaye mərkəzi hesab olunur. 2016-cı ilin dövlət büdcəsində əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 milyard manat proqnozlaşdırılıb. Bunun 57,8 faizi daxili, 42,2 faizi isə xarici investisiyaların payına düşür. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Büdcə vəsaitlərinin müəyyən qisminin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir.

Hazırda ölkəmizdə daxili və xarici investisiyalar hesabına çoxsaylı sənaye, emal, kənd təsərrüfatı və digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin uğurla həyata keçirildiyini bir daha təsdiqləyir. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə fəaliyyət göstərən texnoparklar, tikilməkdə olan müxtəlif təyinatlı istehsal müəssisələri, zavodlar Azərbaycan iqtisadiyyatının gələcək təminatıdır.İdxaldan asılılıq tam aradan götürüləcək.

Bu gün ölkəmizdə daxili investisiya hesabına inşa olunan layihələrdən biri də "SOCAR Polymer”dir. 2015-ci ildə Prezident İlham Əliyevin təməlini qoyduğu müəssisə nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Öncə qeyd edək ki, "SOCAR Polymer” MMC 16 iyul 2013-cü ildə yaradılıb, 23 sentyabr 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. "SOCAR Polymer” layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Tikintisinə 750 milyon dollardan çox, yəni, 1,1 milyard manat sərmayə qoyulacaq "SOCAR Polymer” Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım sayılır.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu layihə ilə bağlı fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrdən biri - "SOCAR Polymer” kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaq.

2015-ci il oktyabrın 25-də Sumqayıtda "Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edən Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında ümumilikdə yaradılacaq sənaye şəbəkəsi barədə danışarkən qeyd edib ki, bu müəssisələrə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq.

Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə, bundan sonra da inkişaf yolu ilə gedəcəyinə inanırlar.

Biz də Cənubi Qafqazın ən böyük investisiya layihələrindən biri olan "SOCAR Polymer”in gələcəkdə istehsal edəcəyi məhsullar, hazırda kompleksdə aparılan tikinti-quraşdırma işləri ilə yaxından tanış olmaq qərarına gəldik və əraziyə yollandıq.

Tikintidə çalışan işçi qüvvəsinin 92 faizi Azərbaycan vətəndaşıdır.

Ərazidə sürətli tikinti işləri davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkının 30 hektarlıq sahəsində həyata keçirilən layihənin tikintisinə "FLOUR”, "Tecnimont” və "İNEOS” şirkətləri cəlb olunub. "FLOUR” dünyanın ən böyük və təhlükəsizlik baxımından qabaqcıl mühəndislik, təchizat və tikinti şirkətidir. Şirkət layihənin idarə olunmasında "SOCAR Polymer”in məsləhətçisidir.

Tikintinin direktoru Con Arousmis bizimlə söhbətində bildirdi ki, hazırda tikinti işləri Polipropilen (PP) və Yüksək Sıxlıqlı Polietilen layihəsi (YSPE) çərçivəsində "Teknimont” (İtaliya şirkəti) tərəfindən həyata keçirilir. "FLOUR” şirkəti isə işlərə nəzarət edir:

"İndiki dövrdə burada 650 nəfər işçi işləyir. Onların 92 faizi Azərbaycan vətəndaşlarıdır. Layihənin pik həddində ümumən 1200 nəfər işləyəcək. Yeni iş cədvəlini hazırlayırıq. Bundan sonra biləcəyik ki, zavod təqribən nə zaman təhvil veriləcək. Ümumilikdə isə bütün işlərin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub”- deyə tikintinin direktoru bildirdi.

C.Arousmisin sözlərinə görə, layihənin həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı və "Azərkimya” İB-dən çox böyük dəstək alırlar.

Tikinti zamanı əmək təhlükəsizliyinə böyük önəm verdiklərini söyləyən direktor bu günə kimi 650 min təhlükəsizlik iş saatı həyata keçirdiklərini vurğuladı:

"Ümumi iş cədvəli isə bizə deyir ki, layihənin təhlükəsiz tikintisi üçün 6 milyon iş saatı lazım olacaq. Hədəfimiz də budur. Hazırda bu rəqəmin 10 faizini yığmışıq”.

Məhsulların 30 faizi yerli, 70 faizi Türkiyə və Avropa bazarlarına çıxarılacaq

"SOCAR Polymer”in nəzdində 2 zavod - Polipropilen (PP) və Yüksək Sıxlıqlı Polietilen (YSPE) qurğuları istehsal edəcək müəssisə inşa olunur. İstehsal gücü ildə 180 min ton olan PP zavodunun 2017-ci ildə, istehsal gücü 120 min ton olan YSPE zavodunun isə 2018-ci ildə tikilib istismara verilməsi planlaşdırılır. PP istehsalında istifadə olunacaq avadanlıqlar Kanadanın "LyondellBasell Varennes”, YSPE istehsalında istifadə olunacaq avadanlıqlar isə Avstriyanın "Borealis Schwechat” şirkəti tərəfindən təchiz ediləcək. PP layihəsi üzrə 100 nəfər, YSPE layihəsi üzrə isə 300 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Müəssisə yerli xammaldan, Sumqayıtda istehsal olunan propilen və etilendən istifadə edəcəkdir. Zavodların tikintisi zamanı onun ətraf mühitə təsiri və sosial faydası Beynəlxalq İqtisadiyyat Birliyi Ekvator Prinsiplərinə əsasən dəyərləndiriləcək.Hazırda Azərbaycan PP və YSPE-ni xammal kimi xarici ölkələrdən idxal edir.

"SOCAR Polymer” layihəsinin reallaşması bu vacib məhsulun ölkəmizdə istehsalına və xarici bazara çıxarılmasına imkan yaradacaq. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq."SOCAR Polymer” şirkətinin bir məqsədi də peşəkar mütəxəssislərdən ibarət işçi heyəti yaratmaqdır. Bu isə həmin işçilərin növbəti mərhələdə ölkədə böyük layihələrin icrasına cəlb olunmasına geniş imkanlar açır. Layihəyə ixtisaslı mütəxəssislərin cəlb edilməsi ilə yanaşı, tələbələrin də zavodlarda təcrübə qazanmalarına imkan yaradılacaq. Ümumilikdə, bu layihənin icrası Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək, iqtisadiyyatın bir sıra mühüm sektorlarında multiplikasiya effekti yaradacaq və xeyli sayda yeni iş yerləri açılacaq.

Sözsüz ki, Azərbaycanda yeni zavod, fabrik və digər istehsalat sahələrinin yaradılması, müəssisələrin daha müasir qurğularla təchiz edilməsi bütövlükdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bütün bu addımlar bir daha göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda başlanılan hər bir layihə uğurla icra edilir, yeni-yeni müəssisələr, istehsalat sahələri açılır. Nəticə etibarilə, ölkəmiz hazırda regionun güclü sənaye mərkəzi hesab edilir.

Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR