Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Azərikimya” İB-də gənc kadrların işlə təminatı diqqət mərkəzindədir

“Azərikimya” İB-də gənc kadrların işlə təminatı diqqət mərkəzindədir

Yenidənqurma, modernizasiya və dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqların quraşdırılması geniş vüsət aldığından, bu qurğularda çalışa biləcək gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi və karyera yüksəlişi məsələləri SOCAR-ın digər idarə və müəssisələrində olduğu kimi, "Azərikimya” İstehsalat Birliyində də daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, SOCAR-ın struktruna verildikdən sonra gənc ali təhsilli kadrlar və ixtisaslı gənc fəhlə kadrları bu gün kimya sənayesinin ən vacib və məsul sahələrində əhəmiyyətli dərəcədə təmsil olunurlar.

"Azərikimya"da kadr resurslarının gəncləşdirilməsi artıq bir tendensiyaya çevrilib və davamlı xarakter alıb. Gənclər kimya sənayesinin gələcəyi ilə bağlı strateji hədəfləri daha dəqiq görə bildiklərindən onların təşəbbüskarlığının dəstəklənməsi, hər bir işçinin inkişafı üçün bərabər və normal şəraitin yaradılması, onların karyera yüksəlişinin müsbət və fəaliyyətyönümlü həll olunması prioritet məsələyə çevrilib. Bu sahədə iki istiqamət üzrə iş aparılır: Etilen-polietilen zavodunun ixtisaslı gənc fəhlə kadrlarla təminatı və paralel olaraq ali təhsilli gənc mühəhdis-texniki işçilərlə təminat.

Mühəndis-texniki işçilərə gəlincə qeyd etmək lazımdır ki, "Azərikimya” İB respublikanın 4 aparıcı universiteti ilə əməkdaşlıq edir. İnsan Resursları Departamenti ilə birgə həyata keçirilən layihələr çərçivəsində aparıcı ali təhsil müəssisələrinin kimya və kimya mühəndisliyi fakültələrinin tələbələri hər ilin yayında ilkin olaraq "Azərikimya” İB-nin Etilen-polietilen zavodunda adaptasiya keçərək, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirirlər. Bundan sonra bu tələbələr üçün dünyanın nüfuzlu şirkətlərindən sayılan "Petkim Petrokimya Holdinq” AŞ-də təcrübələr təşkil edilir, bu təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqələr keçirilir. Bunda məqsəd həm tələbələr arasından kimya sənayesi üçün gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır. Bunun da nəticəsi olaraq, SOCAR-ın yay təcrübəsindən 2015-ci ildə 27, cari ildə isə 43 nəfər olmaqla, son il yarım ərzində ümumilikdə 70 nəfər gənc ali təhsilli kadr "Azərikimya”nın müəssisələrinə işə qəbul olunub.

Ehtiyac duyulan ixtisaslı fəhlə kadrlarının hazırlanmasında isə SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin Sumqayıtdakı Təlim-tədris Mərkəzinin dəstəyindən istifadə olunur. Bu mərkəz həm "Azərikimya” üçün, həm də SOCAR-ın digər struktur bölmələri üçün müxtəlif yönümlü peşələr üzrə ixtisaslı gənc fəhlə kadrları hazırlayır. Bu tədris mərkəzlərində təhsil alan şagirdlərə aylıq təqaüdün və xüsusi geyimin verilməsi, gündəlik naharın təşkili və son olaraq sifarişçı şirkət tərəfindən işlə təminat digər mərkəzlərlə müqayisədə fərqli və üstün cəhətlərdəndir. Artıq Sumqayıt Təlim-tədris Mərkəzini müxtəlif ixtisaslar üzrə bitirmiş 200-ə yaxın gənc "Azərikimya” İB tərəfindən işə qəbul olunub.

Bir məsələni də qeyd edim ki, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzini 2015-2016-cı tədris ilində bitirənlər arasında "Azərikimya” İB tərəfindən sifariş edilmiş 12 nəfər aparatçı ixtisasına yiyələnənlər də var.idi. Təlim-tədris mərkəzini müvəffəqiyyətlə başa vurub, test imtahanından keçərək müvafiq sertifikat alan bu 12 nəfər gənc artıq bir aydır ki, Etilen-polietilen zavodunun müxtəlif istehsalatlarında – Rasim Əlihüseynov və Fazil Abbasov Piroliz sahəsində, Arif Kərimli, Ülviyyə Nəzərova və Ləman Niyazlı Qazayırma sahəsində, Nigar Rəsulzadə və Gövhər Məmmədova İzopropil spirti istehsalı sahəsində, Mehriban Baxşəliyeva və Telnaz Şahverdiyeva Piroliz qazının sıxılması və təmizlənməsi sahəsində, İlahə Əliyeva Poletilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsində, Aynurə Səmədova Qaz məhsullarının qəbulu və buraxılması sahəsində, Natiq Qəhrəmanov Sintez sahəsində 4-cü dərəcəli aparatçı kimi kimyaçılar ailəsinin bərabərhüquqlu üzvü olaraq fəaliyyət göstərirlər. Diqqətçəkən məqamlardan biri də son illərdə gənc qızların kimya sənayesinə marağının artmasıdır. Yeni işə qəbul olunan 12 nəfərdən 8-nin xanım olması da dediklərimizin sübutudur.

Etilen-polietilen zavodunda olarkən, gənclərlə söhbət zamanı o da məlum oldu ki, müəssisədə yeni işə başlayan gənc kadrların hər biri təcrübəli işçilərə həvalə olunub. Gənclər ixtisaslı fəhlə kadrlar kimi əmək fəaliyyətinə başladıqları bir aydan artıq bir müddət ərzində onlara göstərilən diqqət və qayğıdan, yaradılmış normal iş şəraitindən məmnunluq hissi ilə danışaraq, qısa müddət ərzində özlərini kimyaçılar ailəsinin bərabərhüquqlu üzvləri hiss etdiklərini vurğuladılar. Tədqirəlayiq haldır ki, müəssisədə bu gənclər üçün altı aylıq xüsusi tədbirlər planı hazırlanmışdır ki, bunda da məqsəd bu müddət ərzində onların tam püxtələşməsinə nail olmaqdır. Müəssidə rastlaşdığımız bir maraqlı fakt da ondan ibarət idi ki, təqaüd yaşına yaxınlaşan işçilərə həm yeni kadrlardan, həm də bir neçə illik təcrübəsi olan işçilərdən təhkim olunur ki, həmin işçi təqaüdə çıxana qədər öz yerinə onu əvəz edə biləcək etibarlı kadr hazırlaya bilsin.

İşə qəbul olunmuş gənc kadrların hər biri ilə əmək müqaviləsi bağlanılmış, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışdır. SOCAR-ın tibbi sığorta və Birliyin sosial proqramı çərçivəsində hər bir işçi sığortalanaraq, sığorta müqaviləsi və kartları üzrə respublikamızın 40-a yaxın müxtəlif şəhərlərindəki ixtisaslaşdırılmış klinikalarında, o cümlədən Sumqayıtın dörd sağlamlıq ocağında istənilən vaxt heç bir məhdudiyyət qoyulmadan pulsuz müalicə olunmaq imkanı qazanmışdır.

Rafiq ODAY.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR