Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin xatirəsi ehtiramla anılıb

Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin xatirəsi ehtiramla anılıb


Yanvarın 16-da Sumqayıt şəhərindəki 28 May mədəniyyət evində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyevin xatirəsinə həsr edilən mərasim keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə V.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Rayon İH başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış edərək bildirib ki, ölkənin müdafiəsi və düşmən tapdağında olan torpaqların azad edilməsi üçün aparılan mübarizədə 238 şəhid verən rayonun sakinlərindən 9-u Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb. Həmin qəhrəmanlardan da biri Vasili Əliyevdir.

O vurğulayıb ki, rayonun müdafiəsi ilə bağlı aparılan mübarizədən danışanda ilk növbədə Vasili Əliyev yada düşür. Vətənpərvərliyi və cəsurluğu ilə çoxlarından fərqlənən Vasili Əliyev rayonun erməni hücumlarına məruz qaldığı elə ilk gündən torpaqların müdafiəsinə qalxıb. O, öz dəstəsi ilə düşmənə tutarlı zərbələr vurur, ermənistanın sərhəddə yerləşən şəhər və kəndlərini daima qorxu içərisində saxlayırdı. V.Əliyev həmişə ön cərgədə vuruşaraq döyüşçülərini öz arxasınca aparırdı. Bu xüsusiyyət onu döyüşçülərin sevimlisinə çevirmişdi.

1992-ci ilin oktyabr ayında şəhid olan Vasili Əliyev Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 11 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Tədbirdə Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları və Milli Qəhrəmanın digər döyüş yoldaşları çıxış edərək Vasili Əliyevin döyüşçü kimi igidliyindən, keçdiyi döyüş yolundan ətraflı bəhs ediblər. Qeyd olunub ki, rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə 12 polis nəfəri şəhid olub. Onlardan 2-si Milli Qəhrəman adına layiq görülüb.

Mərasimdə Vasili Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verilib. Erməni təcavüzünün qarşısının alınmasında qəhrəmanlıq simvoluna çevrilən, öz ölümü ilə ölümsüzlük qazanan V.Əliyevin həyat yolunun gənclərə örnək olduğu və onun xatirəsinin daim ürəklərdə yaşayacağı bildirilib.

Milli Qəhrəmanın həyat yoldaşı, Sumqayıt Şəhər Polis İdarəsinin kadrlar şöbəsinin müdiri, polkovnik-leytenant Aygün Əliyeva çıxış edərək şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərə görə minnətdarlığını bildirib, Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılığını ifadə edib.

Mərasimdə qəhrəmanlıq və vətənpərvərlik duyğularına həsr olunmuş şeirlər səslənib, musiqi nömrələri ifa olunub.

Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin xatirəsi ehtiramla anılıb

(AzərTAc)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR