Sumqayıtda hava

Cəmiyyət

Daha bir naməlum türk əskərinin məzarı ŞƏKİDƏ

Daha bir naməlum türk əskərinin məzarı ŞƏKİDƏ

Daha bir naməlum türk əskərinin məzarı ŞƏKİDƏ

31 mart - azərbaycanlıların soyqırımı günüdür

 

Şəki rayonunun Sarıca kənd qəbristanlığındakı o şəhid məzarı yerli sakinlər tərəfindən qayğı ilə qorunub-saxlanılır. 1918-ci ildə qardaş köməyinə gəlmiş Türk Ordusunun o torpaqda uyuyan döyüşçüsünün xatirəsi daim ehtiramla yad edilir

 

1918-ci ildə Göyçə və Zəngəzur mahallarında, Bakıda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Lənkəranda, Qubada, Qusarda və s. rayonlarımızda azğın erməni hərbi birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən dəhşətli qırğınlar barədə kifayət qədər məlumat olsa da və yazılsa da, Şəki-Oğuz tərəflərdə həmvətənlərimizin başına gətirilən müsibətlər barədə demək olar ki, çox az məlumat vardır. Baxmayaraq ki, daşnaklar o vaxtkı Nuxa qəzasının kəndlərində də xeyli qırğınlar törətmişlər - həm də təkcə 1918-ci ildə deyil, 1905-ci ildə də.

Deyilənlərə görə, 1918-ci ildə erməni vəhşiliyinə məruz qalan kəndlərdən biri də o vaxtkı Nuxanın (hazırda - Şəkinin) Qayabaşı kəndi olmuşdur. Ermənil cəlladlarının qırıb-çatdığı silahsız kənd camaatının harayına yetən türk döyüşçülərlə kəndətrafı dağ-təpələrdə toplaşmış erməni qaniçənləri arasında ağır döyüşlər getmişdir. Düşmən tərəfi də itki versə də, yerli əhali və mərdliklə vuruşan türk qardaşlarımız arasında da ölənlər və yaralananlar az olmamışdı...

Onu da deyim ki, Qayabaşı kəndi mənim dünyaya gəldiyim, orta təhsil aldığım kənddir. Lakin ailəmiz 1950-ci illərin ortalarında yaxınlıqda yerləşən, yeni yaradılmaqda olan taxılçılıq sovxozunun indi Sarıca kəndi adlanan qəsəbəsinə köçdüyündən mən də sinif yoldaşlarımla birgə hər gün iki kilometrə qədər yolu piyada qət edərək, dərsə Qayabaşı kənd orta məktəbinə gedərdik. Hərdən yolun Əlican çayına tərəf olan hissəsində kənd itlərinin dolaşdığını və yeri eşələyib, çoxlu sayda iri sümüklər çıxardıqlarını görərdik. 11-12 yaşımız olduğundan (elə sonralar da!) həmin sümüklərin insan sümükləri olduğunun elə də fərqinə varmırdıq. Yəqin daxilən hər birimiz belə qənaətdə idik ki, o sümüklər neçə əsrsə əvvəl yaşamış, guya bizə heç bir dəxli, aidiyyəti, qohumluğu olmayan adamlarındır. Yaşımız artdıqca yol boyu düzənliklərdə gəzib-dolaşanda, oynayanda da həmin insan sümüklərinə tez-tez rast gəlirdik. Ancaq, təbii ki, onların kimə məxsus olduqlarını bilmirdik və maraqlanıb böyüklərdən də nəsə soruşmaq istəmirdik (müsəlman ki, müsəlman! Rus uşaqları, erməni dığaları olsaydı, evə gələn kimi bu haqda valideynlərinə məlumat verib, "otkuda eto?" deyib sorğu-suala tutar, nəsə öyrənməyə çalışardılar. Biz isə... dünya vecimizə deyildi). Çox sonralar anladıq ki, o yerlər ya erməni cəlladlarının qətlə yetirdikləri azərbaycanlıların kütləvi qəbristanlığı, ya da o kafirlərin, qırılmışların özlərinin gorbagor olduqları yer imiş (qəribə də olsa, yerli camaat və rayon rəhbərliyi o yeri tarixi bir məkan kimi qoruyub-saxlamalı olduğu halda ötən əsrin 90-cı illərində orda - insan sümükləri üzərində evlər tikilməyə başlanıldı).

Sən demə, elə sovetlərin "qardaş"lıq dövründə də erməniləri görməyə qətiyyən gözü olmayan, onların hamısını öz deyim tərzində "Əmbərsümün dığaları" adlandıran babam Məhəmməd kişi həmin illərin faciəsiniin ağrılarını ürəyində çəkirmiş və bu barədə atama da nə vaxtsa danışmış və bir türk əskərinin məzarını da ona babam göstəribmiş. Məzarın üstündə heç bir yazısı olmayan iri, qəribə formalı bir daş varmış. Bunu bilən atam sonradan qəbrin üstünü bacardığı kimi götürmüş və özünün hazırladığı, üzərində latın əlifbası ilə "Burada namelum türk asgari uyuyur" sözlərini yazdığı (o vaxt "sovet" dövrü olsa da, atam latınca yaza bilirdi) baş daşı qoyubmuş. Bütün bunlar barədə mənə bu yaxınlarda Sarıca kəndinin sakini, vətənpərvərlik fəallığı, prinsipiallığı ilə seçilən Fikrət Hacəliyev danışmış və Azərbaycan torpağında şəhid olmuş türk əskərinin məzarını mənə və kəndlilərimizə göstərmişdir.

Söhbətimiz zamanı Fikət bəy təəccübünü və narazılığını gizlətmədən bildirdi ki, hələ bir-neçə il əvvəl bu barədə müvafiq orqanlara məlumat versə də, keçmiş "KQB" əməkdaşlarından biri onu hədələyərək demişdi ki, "DNK" yoxlanışı aparılarsa və məzarda yatanın türk əskəri olmadığı aşkar edilərsə, onda buna başınla cavab verməli olacaqsan. Və nə səbəbdənsə ondan bu barədə "ora-bura" yazmamağı tələb etmişdi. İndi o keçmiş "KQB" strukturu ləğv olunduğundan Fikrət Hacəliyev Azərbaycana qardaş köməyinə gələrək, Sarıca kəndi ərazisində şəhid olmuş naməlum türk əskəri barədə hamının bilməsini istəyir və onun məzarının daha yaxşı şəkildə bərpa edilməsini arzulayır.

Onu da qeyd edim ki, babam Məhəmməd kişinin (bir vaxtlar Oğuzun Padar kəndində yaşadığından ona "padarlı Məhəmməd" deyirdilər) nəsli əslində Türkiyədən, İqdır bölgəsindən olub. Və onun əmisi Şakir paşa Türk İslam Ordusunda xidmət edərək, Azərbaycanda erməni daşnaklarının vəhşiliklərinin qarşısının alınmasında bilavasitə iştirak etmişdi. Babamın oğullarından birinə məhz öz əmisinin adını - Şakir adını (təəssüf ki, o, həkimlərin laqeydliyi, səhvi ucbatından dünyadan vaxtsız - 21 yaşında köçmüşdü), sonbeşik oğluna isə Zabit adını verməsi heç də təsadüfi deyildi. Zabit əmim həqiqətən də sonralar hərbi işlərdə çalışmış, mayor rütbəsində olarkən yaxın dostu Tofiq Oğuzla və iki oğlu - Nazim və Nəsimi, həmçinin bacısı oğlanları ilə birgə Şuşanın müdafiəsində də iştirak etmişdi.

Deyilənə görə o dövrdə Padarda yaşayan, o vaxt cəmi 24 yaşı olan babam həmin faciəli günlərdə fürsət taparaq, əlindəki "beşaçılan"la o kənddəki iki erməni qardaşın ailəsini uşaqları ilə birgə qabağına qatıb, kəndin kənarındakı dərəyə apararaq, yaşlılarının hamısını güllədən keçirmiş, daşnakların günahsız qətlə yetirdikləri həmvətənlərimizin qisasını az da olsa almış, "ürəyini soyuda" bilmişdi, yalnız iki balaca uşağı - 3-4 yaşında olanları öldürməyə əli gəlməmişdi. Onları evə gətirib, müsəlman etmiş və ikisinə də azərbaycanlı adı vermişdi. Biri haqqında məlumat əldə edə bilməsəm də, o birinin - erməni Georgi adını dəyişdirdiyi Qasımın sonralar da kənddə qalıb yaşadığı məlumdur (o, təxminən 10-12 il əvvəl "köçünü bu dünyadan yığışdırıb" gedib). Deyilənə görə, özü də erməni olduğunu bilirdi, ancaq başqa gedəcək bir yeri yox idi və artıq erməni dilini də unutmuşdu.

...Bu gün mənim mənəvi borcumdur ki, 31 mart - azərbaycanlıların soyqırımı günü babam Məhəmməd kişi Əbdürəhimova və atam - II dünya müharibəsi iştirakçısı Abdurahman Abdurahmanova şəhid türk əskərinin məzarının itməməsinə və unudulmamasına çalışdıqlarına görə ruhən minnətdarlığımı bildirim. Eloğlum Fikrət Hacəliyev də var olsun ki, belə bir mühüm faktın aşkarlanmasına səy göstərərək, şəhid türk əskərinin ruhunu sevindirmək istəyib.

Və inanmaq istərdik ki, Şəki rayonunun rəhbərliyi Azərbaycan övladlarının həyatının vəhşi, qudurğan daşnak tör-töküntülərindən qorunması üçün canını belə əsirgəməmiş 100 il əvvəlki o gənc türk döyüşçüsünün məzarüstü abidəsini daha yaxşı şəkildə bərpa edib, abadlaşdıracaq, oranı məktəblilərin ziyarətgahına çevirəcəkdir.

 

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

Osman Mirzəyev adına

Respublika mükafatı laureatı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR