Sumqayıtda hava

Cəmiyyət

İkinci əl kosmetika... və ya “Siqaretimlə barter edə bilərikmi?!”

İkinci əl kosmetika... və ya “Siqaretimlə barter edə bilərikmi?!”

Bir ilə yaxındır ki, online kitab satışı fəaliyyəti ilə məşğulam. Bu sahəyə gələnə qədər bir çox işlərə baş qoşmuşdum – Sığorta işi, firma dərmanlarının təbliğatı, tur agent və s. 2016-cı ilin mayında işlədiyim müəssisədən ayrıldım. (müəyyən səbəblərdən). Tanıyanlar bilir ki ictimai adam olduğumdan ticarətdən zəndeyi zəhləm gedirdi. Həmçinin ədəbiyyat, söz adamı idim. Ta ki 4 avqust 2016-cı ilə qədər.Övladımın dünyaya gəlməsinə az zaman qalırdı. Cırhacır avqust havasına baxmayaraq o market sənin, bu ticarət mərkəzi mənim. Mühafizə işi, paketləyici, kassir, satıcı-fərqi yoxdu nə iş oldu axtarırdım.

Hamısında da standart cavablar alırdım –"Yox, bizə satış təcrübəsi olan lazımdır. Belə baxarıq.Uyğun olsa əlaqə saxlayarıq...” Və mənə təsadüf nəticəsində bu iş təklif olundu.

Nə? Kitab satmaq? Özüdə yenə ticarət?! Özü də kitabın demək olar ki oxunulmadığı dövrdə?. Öz-özümə düşünə-düşünə gəlib çatdım evə. Məsləhətləşdim, məşvərətləşdim. Əlimdə Sıfır manat və evimdə 10-15 kitab var idi. Yəni bununla nəsə etmək olarmı?

Başladım. Aldana-aldana, ticarətin enişli-yoxuşlu yollarından keçə-keçə bir ilə gəlib çatdım. Bu bir il ərzində kifayət qədər uğur qazandım. Və az-çox gəlirim olur. Artıq onlarla daimi müştərilərim də var. Bir sözlə, deyə bilərəm ki, bu iş məndə "alındı”. Çətinliklər çoxdur. Təbii hər bir işdə olduğu kimi. Lakin çətinliklərdən öncə bir şeyi qeyd edim ki, heç də bir az öncə vurğuladığım fikirdəki kimi olmadı. Tam əksini gördüm. Yəni, Azərbaycanda bu gün kifayət qədər kütlə kitab oxuyur, kitab alınır və hətta bu sahədə kitabsatanlar arasında böyük bir rəqabət də var. Online satış mən deyərdim dükan işlətməkdən qat-qat çətindir. Hər cür insanla üzləşirsən. Yaxşısı da var, pisi də var, ziyalısı da var, anlamayanı da var, kitabı dizaynına, səhifəsinə görə alan da var, kitabı istəyib, almaq istəyirəm deyib, içərisində nədən söhbət getdiyini belə bilməyib məndən mövzusunu soruşanlar da var, alacağı kitabı 3 ay öncə sifariş verib, "saxla, mütləq alacam!" deyib 3 ay sonra nömrəsini söndürüb, profilini bağlayıb" qeybə çəkilənlər” də var...

Lakin bütün bunları bir kənara qoyuram. Zatən əhalinin durumunu, tələbəçiliyi, maddi böhranı nəzərə alaraq mən çalışıram ki dükan qiymətlərindən aşağı qiymət deyim. Amma insaf da yaxşı şeydir. Təbii, həqiqətən imkanı olmayan şəxslərə mən kitabı maya qiymətinə vermişəm. Etiraf edirəm. Amma xeyriyyəçi deyilik ki? 10 AZN-lik kitabı 2-3 AZN-ə elə adamlar istəyir ki... Və ya, tapılmayan, demək olar ki, bir-iki nüsxə olan 6 AZN-lik kitabdır (mayası 4.5 azn-dir). Neçəyədir soruşurlar deyirsən 5 AZN-ə. "Yoooo, çoooox bahadı...” Bəs nə qədər istəyirsiniz sualına" 2-3 Manat arası”...Yenə tapılan kitab olsa, dolu olsa deyərəm hə. Bir dəfə də kitab istəmişdilər. Hələ 4.5 AZN-lik qatı açılmamış kitabı əlimdə qalıb deyə 3 AZN-ə, mayasından da aşağı qiymətə verəndə "Yoo, mən bir az ucuz istəyirdim eee.. Barter edə bilərik?" Və Ən kuliminasiya nöqtəsi - "Filan kitab neçəyədir?” - "2.5 AZN”- "O zaman pul yığım mən, sizdə satılmasa o vaxtacan alaram kitabı.” Vallah, üstündən hardasa iki aydan çox keçib. Qardaşın pulyığma texnikasın bilmirəm amma kitab çoxdan satılıb. Qardaş isə yəqin hələ 1 azn toplaya bilməyib...

Əsl kitab oxuyan heç zaman qiymət söhbəti etmir. Zatən bizə ordan elə də güclü bir məbləğ də qalmır. Sadəcə bir statistikanı daima nəzərdən keçirirəm mən özü-özlüyümdə - "Əgər istifadəçi internetə, WI-FI ilə girirsə onda ayda ən azı 15 azn internetə xərcləyir. Yox mb-la girirsə, o zaman ən azı 2 azn bir ayda xərcləyir. "İnternetdən istifadə ediriksə, deməli iki-üç manatlıq kitablarımıza da pul ayıra bilərik.

Və ən əsası... Dəfələrlə Barter yoxdu yazsam da... ”Bəlkə Barter edək?” deyə soruşurlar. Qızlar kosmetikaya, oğlanlar isə siqaretə kitablardan dəfələrlə çox pul xərcləyirlər. Deməli, kosmetika, siqaret onlar üçün kitabdan daha dəyərlidir. Kitabı isə əşi, onsuzda ikinci əl almaq olar da deyə düşünürlər...

Əks halda gəlin belə düşünək. Hansısa bir xanım daxil olur kosmetika mağazasına və soruşur - "Sizdə ikinci əl kosmetika var?!” və ya bir oğlan dükan sahibindən soruşur - "Siqaretimlə barter edə bilərikmi?!”

Aydın Şahid





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR