Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

“Gənclər Paytaxtı”nı siz seçin

“Gənclər Paytaxtı”nı siz seçin


2015-ci ilin "Gənclər Paytaxtı"nın seçiminə start verildi.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. “Gənclər Paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir. Xatırladaq ki, 2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər Paytaxtı” Biləsuvar şəhəri, 2014-cü ilin “Gənclər Paytaxtı” Quba rayonu seçilmişdir.

Seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılmış, səsvermə siyahısı formalaşdırılmışdır. Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 26 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülmüş, onlardan 11-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılmışdır.

İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir. Artıq 24 yanvar 2015-ci il tarixdə start götürən səsvermə 1 fevral 2015-ci il tarixdə saat 23.59-da yekunlaşacaq. 2015-ci ilin "Gənclər Paytaxtı"nın adı isə 2 fevral 2015-ci il tarixdə Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi elan ediləcəkdir.

Onu da qeyd edək ki, Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Səsvermə www.genclerpaytaxti.az internet saytı vasıtəsilə həyata keçirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR