Sumqayıtda hava

İqtisadiyyat

Bankların dollar fırıldağı. Sumqayıt sakinindən şikayət

Bankların dollar fırıldağı. Sumqayıt sakinindən şikayət


"Bankdan 30 min dollar pul götürmüşdüm. Hər ay təxminən manatla ifadədə 780 AZN ödəyirdim. Ancaq dolların kəskin şəkildə bahalaşması məni çətin duruma saldı. İndi bir ay üçün təxminən 1200 AZN ödəməliyəm. Hələ bura dollarla hesablanan faizlərdə əlavə olunur".

Bunu ANS PRESS-in "qaynar-xətti"nə müraciət edən Sumqayıt sakini Atəş Vəliyev deyib. Onun sözlərinə görə, bank artıq ödənişi dolların yeni kursu ilə tələb edir. Çarəsiz vəziyyətdə qaldığını deyən şəhər sakini hər ay 400-450 manat artıq kredit ödəməyə məcbur qaldığını deyir.

"Bu məbləğ bir nəfərin aylıq maaşıdır. Heç olmasa bizim götürdüyümüz kreditlər əvvəlki dollar kursu ilə hesablansın. Banklar bundan sonrakı kreditləri yeni məzənnə ilə hesablayarlar. Mən 30 min dollar kreditdə ən azı 8 min manat uduzuram. Hələ faizləri demirəm", - deyə şəhər sakini bildirib.

Təəssüf ki, bu gün A.Vəliyev kimi manatın ucuzlaşmasından əziyyət çəkənlərin sayı az deyil. Hətta bəzi vətəndaşlar daha çox məbləğdə kredit götürdüklərini deyirlər. Burada bir sual ortaya çıxır. Axı niyə banklar kreditləri dollarla verməkdə maraqlıdırlar? Ölkədə rəsmi valyutanın manat olduğunu unudan banklar vətəndaşlara niyə dollarla kredit verməyə çalışırlar?

Sulları iqtisadçı Azər Mehtiyev cavablandırıb. Mütəxəssis qeyd edir ki, bank müştəriləri kreditlə götürdükləri vəsaitləri hansı valyuta olmasından asılı olmayaraq ödəməlidir. Çünki, bankla müştəri arasında müqavilə bağlanır. Bu müqavilədə kredit götürən şəxs bankın şərtlərini təsdiq edərək imzalayır:
"Müştəri pulu dollarla, yoxsa manatla götürməyi müqavilə bağlana qədər müəyyən etməlidir. Bununla yanaşı, müqavilədə hər hansı dəyişiklik etmək və ya irad bildirmək krediti götürmədən edilməlidir. Kredit vətəndaşa verilən andan etibarən tərəflər üzərinə öhdəlik götürürlər".

İqtisadçı bankların kreditləri daha çox dollarla təklif etməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, banklar iqtisadi prosesləri nəzərə alaraq dollara üstünlük verirlər: "Banklar dollara daha çox etibar edirlər. Çünki fikirləşirlər ki, dollarla kredit vermək daha etibarlıdır. Məhz buna görə, müştəriyə dollarla kredit verməkdə təkid edirlər", - deyə iqtisadçı bildirir.

A.Mehtiyev həmçinin əlavə edir ki, müştərilərin bu vəziyyətdən sığortalanması üçün müqavilələrində hansısa maddə olmalıdır. Əgər bu cür fors-major vəziyyətləri nəzərə alan maddə müqavilədə əks olunubsa, o zaman vətəndaş əvvəlki kredit məbləği ilə ödənişinə davam edə bilər, əks təqdirdə dollarla tələb olunan məbləği ödəməlidir".

Hüquqşünaslar da yaranmış bu vəziyytlə bağlı ümidverici danışmırlar. Hüquqşünas Ələsgər Məmmədli ANS PRESS-ə açıqlamasında bildirir ki, müştəri bankla bağladığı müqavilələri təkrar gözdən keçirməlidir. Mütəxəssis qeyd edir ki, vətəndaş kredit götürərkən bu cür riskləri nəzərə alan müddəaları müqaviləyə əlavə etdirməlidir.

"Çünki kredit müqaviləsində müştərinin xeyrinə müddəa yoxdursa, bank vətəndaşa heç bir güzəştə getməyəcək. Vətəndaş neçə dollar kreditlə alıbsa, onu da qaytarmalıdır. Dünən bankdan krediti 0,78-lə alan müştəri bu gün 1,05-lə ödəməyə məcburdur", -deyə hüquqşünas bildirir.

Qeyd edək ki, Mülki Məcəllənin 439.2-ci maddəsində yaranmış bu vəziyyətlə bağlı qeyd var. Orada bildirilir ki, “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Burdan belə başa düşülür ki, xarici valyutada olan borc manatla ödənilə bilər. Ancaq əvvəlki məzənnə ilə yox, ödəniş gününə mövcud olan məzənnə əsasında.

Yəni, kimin dollarla banka nə qədər borcu varsa heç bir güzəşt olmadan ödəməlidir. Təəssüf ki, qanunvericilikdə vətəndaşı bu vəziyyətdən sığortalayacaq bir maddə yoxdur.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR