Sumqayıtda hava

Cəmiyyət

8 gün erməni əsirliyində qalmış Azərbaycanlı: Əsirlik mənə ermənilərin iç üzünü öyrətdi.

8 gün erməni əsirliyində qalmış Azərbaycanlı: Əsirlik mənə ermənilərin iç üzünü öyrətdi.


Sumqayıt - 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə. Doğulub, boya-başa çatdığım şəhərdə o gecə nələrin baş verdiyini anlayacaq qədər böyük olmasam da, böyüklərin gərginliyindən, narahatçılığından heç də xoş olmayan hadisələrin yaşandığını hiss edirdim. Bu, həm də mənim "ekstremist qüvvələr" ifadəsi ilə ilk tanışlığım idi: bu qüvvələr kim idisə, şəhəri də görünməz, tanınmaz hala gətirən məhz onlar idi.

Xocalı -1992-ci il fevralın 25-dən 26-na keçən gecə. "Sumqayıt hadisələrinə cavab" adı altında təşkil olunan, Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərini işğal etməklə, azərbaycanlılara qarşı yürüdülən bəşəri cinayət.
Ağlıma da gəlməzdi ki, uşaqlıq xatirələrimdə qırıq-qırıq yer alan Sumqayıt hadisələri illər sonra kiminsə taleyində Xocalı faciəsi ilə müdhiş, unudulmayacaq acı xatirələrin başlanğıcını, təməlini qoyacaq. O da ağlımdan keçməzdi ki, keçmişində Xocalı faciəsinin damğa kimi acı bir iz buraxdığı bu şəxslə nə zamansa üz-üzə, qarşı-qarşıya oturacağıq. Deyirlər, sevinci paylaşdıqca artır, qəmi paylaşdıqca isə azalır. Bu qəm azalacaqmı? Ən acınacaqlısı, bu yaşananlar, danışılanlar məhz o zaman baş verir ki, bəşəriyyət barbarizmə əks sayılan sivilizasiyalı dövrə qədəm qoyduğunu iddia edir - XXI əsrdə əsir həyatı, bu həyatın çəkilməz ağrıları və bu ağrılarla həyatının 22 ilini artıq geridə qoyan İNSAN. Müsahibimiz 8 gün erməni əsirliyində qalmış Dürdanə Ağayevadır.

Məni çox adam qınayır

- Niyə məhz 22 ildən sonra başınıza gələnləri bu qədər açıq danışmağa qərar verdiniz? Bu qədər ili o acı xatirələrlə necə yaşamışınız?

- Məni çox adam qınayır ki, bu qız niyə bu qədər müsahibə verir, niyə əsirlik sözünü ağzına alır, bu qədər əsirlikdən danışır . Mən bunu heç kimdən gizlədə bilmərəm. Mən əsirlikdən dövlət tərəfindən Allahverdi Bağırovun əli ilə dəyişdirilmişəm, erməni məni meşəyə buraxmayıb ki, çıx get. O vaxt mən cavan bir qız idim. Bu gün 43 yaşım var. O cavan qızın bu gün ana olması mənə bu cəsarəti verir. Mən belə düşünürəm ki, bunları gizlətməklə, qapatmaqla, əslində erməninin törətdiyi faciəni, erməni vəhşiliyini gizlədirəm, düşməni qapalı saxlayıram. Mətbuata sonuncu müsahibədən sonra xüsusən yaxın qohumlarım zəng vurub irad bildirirlər ki, sən nə yaman açıq danışmısan. Dedim, nə vaxta qədər qapalı olmalıyıq, nə vaxta qədər susmalıyıq? Mən bunu nəyinsə xətrinə etmirəm. Müğənni, artist deyiləm ki, özümü reklam eləyim. Axı o vicdansızların hərəkətini mən də deməsəm, kim deyəcək? Mən bir dəfə müsahibə verəndə dedim ki, Xocalı hadisəsində bütün Azərbaycanın namusu ləkələndi. Elə heç nə etməsinlər, adicə tutub aparsınlar. Bunun özü bir ləkədir. Müharibədə kişi kişi ilə döyüşər, müharibə qadın üçün deyil. Bu gün özümə deyirəm ki, mən müharibə qadınıyam. Düşmən görmüş, düşmənin işində olmuş qadınam. İstəyim odur ki, qoy bütün dünya bu vəhşiləri tanısın. Allah bunları heç kimin başına gətirməsin. Düşmənimin qadınına da arzulamaram ki, düşmən əlinə düşsün. 8 gün əsirlikdə mən həm öldüm, həm dirildim. 22 ildə hər gecə yatanda ürəyim məni silkələyirdi, hər gecə öz ürəyimlə danışırdım. Olanlar mənim üçün 22-23 il əvvəl olmayıb, onlar mənim üçün dünən olub.

"Çox istəmişəm ki, psixoloq yanına gedim, sonra düşünmüşəm ki..."

- Neçə illər ürəyinizdə qalan bu acıları psixoloqla da bölüşə bilərdiniz. Nə əcəb indiyə qədər müraciət etməmisiniz?

- İnanırsınız, mən çox istəmişəm psixoloq yanına gedim. Sonra düşünmüşəm ki, o da ağırdır mənim üçün – gedib psixoloqa danışmaq. İndiyə qədər bunu saxlamağımın səbəbi nə idi? Birincisi, ailəliyəm. Yoldaşımla ailə quranda təbii ki, hər şeyi ona danışdım və məni olduğum kimi də qəbul etdi. Ancaq özümə də ağır idi ki, kimsə məni qınayar. Qınaq çərçivəsində olmaq istəmirdim. Amma çox əzab çəkirdim, ürəyim elə bil ki, yüklü idi. Amma danışandan sonra mənə xeyli mesajlar da gəldi ki, bunu niyə indiyə qədər saxlamısan. Həm də bunları gizlətməklə özümüz özümüzə pislik edirik. Erməni murdarlıqlarının iç üzünü, əsl simasını qapayırıq. Mən 60-70 kişinin içində bir qadın idim. Mən orada niyə çox döyüldüm, bu qədər işgəncə gördüm? Bizim kişilərimizin aldığı erməni arvadları bizi orada satmışdılar. Hər kəsin də adının qarşısına peşəsi yazılmışdı. Mənim adımın qarşısına "svyazistka" yazmışdılar. Adım orada elə də qaldı - "svyazistka". Onlar elə başa düşmüşdülər ki, mən hərbiçilərin rabitəçisiyəm. Məlum məsələdir ki, müharibə gedən bölgədə rabitəçilər elə hərbçilərlə eynidir. Hərbiçi səngərdədirsə, biz də öz postumuzda otururduq, o torpağın keşiyini çəkirdisə, mən xəbər gözləyib, xəbər çatdırırdım. 1991-ci ilin noyabrın 1-dən Xocalı blokadaya düşəndən işıqlar kəsilmişdi. Rabitə generatorla işləyirdi. Xocalıda bütün ümid yeri rabitə idi, amma nə qədər qışqırıb boğazımızı cırırdıq, bizə bir səs verən olmurdu.

Hər dəfə qar düşəndə o günləri yenidən canlandırır

- Fevral ayının əsir düşdüyünüz tarixləri yaxınlaşanda həmin günləri necə yaşayırsınız? Hansı hisslər keçirirsiniz?

- Fevral ayı gələndə mən o günləri təkrar yaşayıram. Hər dəfə yerə qar düşəndə o günləri yenidən canlandırır. İndi də soyuq suya əl vuranda bədənimə gizilti düşür. Bunlar unudulası şeylər deyil. O vaxt işdən gəlmişdim. Əynimdə qırmızı paltar var idi. Rabitə də o vaxt həm məsuliyyətli, həm də qorxulu iş idi. Əlif Hacıyev həmişə bizə deyirdi ki, siz işıqları hər dəqiqə yandırmayın, sizi meşədən snayperlə vurarlar. Pəncərəmiz düz meşəyə baxırdı. Alazanlar gecə atılanda hamı zirzəmiyə qaçırdı, amma biz kommutatorun arxasında qulaqcığı da çıxartmırdıq. Düzdür, qorxurdum, əsirdim. Özüm də növbəyə tək çıxırdım. Ona görə də yanımda ya anam, ya da qardaşlarım gəlib qalırdı. İndi də fevralda qar yağırsa, qarı görəndə üşüyürəm, çünki bir sutka qarın altında qalmışam. Özümü hiss etməmişəm, elə bilmişəm ölmüşəm. Əsirlikdə məni necə vurmuşdularsa, özümdən getmişdim. Ayılanda elə bildim yuxudayam. Əlimi ətrafa vurdum, gördüm əlim sürüşür, baxdım ki, şüşədir. Demə, məni ölmüş bilib zibilin üstünə atıblar. O qarın altında qalmaqdan gözümü aça bilmirdim. Barmağımı ağzıma soxdum, bəlkə 20 dəqiqə, bəlkə yarım saat keçdi, orada vaxtın ölçüsünü itirmişdim. Əlimi isidib, barmağımla gözümü açdım. Gözüm həm döyülməkdən şişdiyi, həm də soyuqda donduğu üçün açılmırdı. Kirpiklərim bir-birinə yapışmışdı. Uzun saçım vardı, hörüyümdə qırovlar vardı. İndi mən qar görəndə, buz görəndə elə bil canıma titrətmə düşür, qorxuram. Bu günlərdə Buzovnada yeraltı keçidi keçirdim. Orada iki əli silahlı əsgər dayanmışdı. Onları görəndə vahimələndim. Mən hərbi geyimliləri, silahı, avtomatı görəndə qorxuram. Məni o qədər avtomatın qundağı ilə döyüblər ki, indi onu görəndə qəribə hiss keçirirəm. İndi də saqqallı insan görən kimi vahimələnirəm. Əsirlikdə qara geyimdə, saqqallılar (biz həmişə ermənilərə saqqallılar deyərdik) gəlib mənə deyəndə ki, dur ayağa, mən ölürdüm yerimdə. Halım olmurdu, uşaq kimi iməkləyə-iməkləyə gedirdim. Ümumiyyətlə, əsir götürülməyin özü elə bir hissdir ki, onu heç cür izah edə bilmirəm. Ayağımdan güllə yarası alıb yıxılanda, hər kəsi itirib qardaşım Elşadla əsir düşən anda, erməniləri görəndə məndə elə hiss yarandı ki, elə bil dönüb tamam başqa insan oldum, sanki filmə çəkilirəm, hansısa obrazdayam, bu, həyat deyil. Bunun real olduğuna inana bilmirdim. Ay Allah, dəhşətə gəldik. Bizi 4-5 km piyada Əsgəran Polis şöbəsinə apardılar, demə, ən pisi də elə bura imiş. Mən gələndə orada bizim təxminən 40-a qədər qadın, qız-gəlinlərimiz, uşaqlar vardı. Onları görəndə sevinmək yox, özümə təsəlli tapdım ki, burada tək deyiləm, sığındığım insanlar var. Hər dəfə dəhlizlə məni aparanda divardakı qanları görüb özümə yox, əsirlərimizə, qardaşıma ağlayırdım. Hamımıza ağlagəlməz əzab verirdilər, bizim kişilərimizi təhqir edirdilər ki, siz kişi deyilsiniz, kişi olsaydınız, qızınız burada oturmazdı.

"Qonşuluqda vağzalı səsi gələndə mən qulaqlarımı tuturdum"

- O müdhiş günləri xatırlayanda qeyd edirsiniz ki, rabitəçi kimi iztirablarınızı ikiqat artırıblar. "Bəlkə rabitəçi olmasaydım, başıma gətirilən müsibətlər daha az olardı" kimi fikir keçməyib ki könlünüzdən?

- Yox, yox. 23 ildir ki, məcburi köçkünük . Allaha and olsun, 23 ildə ağlıma gəlməyib ki, kaş ki, mən bu işdə olmayardım. Bu günün özündə də fəxr edirəm ki, nə yaxşı mən rabitədə işləmişəm. Düzdür, ermənilər məni çox incidiblər, əllərimi qapının ağzına da qoyublar, başımı yerə qoyub ayaqları ilə vurublar. Ümumiyyətlə, ovaxtkı gənclərin taleyi məhv oldu. Mən əsas öz yerimə deyirəm. 20 yaşım vardı. 20 yaş gəncliyin ən gözəl çağıdır. Özü də qız uşağı üçün daha gözəl vaxtlardır. Oğlan uşaqları yaşlarının çağlarına bir o qədər fikir vermir, qızlar isə əksinə. Ən gözəl çağlarım idi, amma məhv oldu.

- Əsir düşdüyünüz zaman əyninizdə qırmızı paltarla ağ gödəkcəniz olub. İndi sizdə bu rənglərə qarşı fobiya yaranmayıb ki?

- Yaranıb. Mən heç vaxt qırmızı rəngdə geyim geyinmirəm. Anam da deyir cavansan, niyə geyinmirsən? Deyirəm, yox. Heç əlimə də indiyə qədər xına vurmamışam. Hətta qardaşlarımın toyunda da mən əlimə xına yaxmadım. Qonşuluqda vağzalı səsi gələndə mən qulaqlarımı tuturdum ki eşitməyim. Çünki arzularımı puç etdi əsirlik.

"Torpaq istəmirsiniz? Al, ye bu torpağı"

- Danışa bilmədiklərinizi qeyd etdiyiniz bir gündəliyiniz var. Gündəliyi çap etdirməyi düşünürsünüz, ya məxfi saxlayacaqsınız?

- O gündəliyi kitab şəklində çap etdirməyə hazırlaşıram. Başıma gələn hər şeyi orada açıq şəkildə qeyd etmişəm. Mənə təkliflər gəlib ki, o kitab rus və ingilis dillərində də nəşr olunsun.
- Bəlkə də verəcəyim sual təhrik və ya təlqin kimi səslənə bilər. Sadəcə, naəlac vəziyyətdə çıxış yolu tapa bilməyən insanların gücü əksər hallarda ancaq özlərinə çatır. Əsirlikdə özünüzə qəsd etmək ağlınızdan keçməyib, yoxsa bunu sizinlə bərabər əsirlik yaşayan qardaşınız Elşada görə etmədiniz?
- İstəsəydim də orada özümə qəsd edə bilməzdim, çünki elə bir şərait yox idi. Amma könlümdən keçib, dəfələrlə ölmək istəmişəm. Bu istəyimin sayı yoxdur. Bir dəfə bir erməni dedi ki, Qarabağ kimindir? Dedim, bilmirəm. Dedi, de ki, Qarabağ ermənilərindir. Dedim yox, bilmirəm. Palçıqlı ayaqqabısını ağzıma necə soxdusa, nəfəsim kəsildi. Mənə torpaq yedizdirdilər ki, "Torpaq istəmirsiniz? Al, ye bu torpağı". Onlar mənim sözlərimə əsəbiləşib məni öldürə də bilərdilər, amma öldürmürdülər, ölümcül əzab verirdilər. O qədər istəmişəm məni öldürsünlər, güllələsinlər. O dəqiqə də anam gəlib ağlıma. Üç qardaşın bir bacısıyam. Anam mənim dərdimi neçə çəkər?

"Mənə əsirliklə bağlı elə ağır söz deyilib ki..."

- Əsirlikdə olmağınızı sizə indiyə qədər tənə edənlər olub?

- Olub, ağzıgöyçək qadınlar çoxdur da.

- O insanlara qarşı reaksiyanız necə olub? Nə hisslər keçirmisiniz bu sözün müqabilində?

- O insanları mən artıq ölmüş bilirəm. Təxminən iki dəfə qonşular arasında söz-söhbət yarananda deyilib bu söz. Hə ikisi də qadın olub. Mənə əsirliklə bağlı elə ağır söz deyilib ki, o sözü deyən adamı artıq ölmüş sayıram. Özünə əsl azərbaycanlı deyən, qanında vətənpərvərlik, vicdanı olan şəxs qarşısındakı insan əsirlikdən çıxıbsa, əsir sözünü onun yanında deməməlidir. Mən əsir düşmüşəm, bu, el ilə gələn faciədir.

"Qardaşlarım mənimlə bağlı yazılanları oxusalar, çox pis olaram"

- Bəs əsirlikdə olduğunuzu bilən kişilər arasında sizə münasibəti dəyişən olubmu?

- Yox, yox, qətiyyən. Əvvəllər cavanlığımda ümumiyyətlə bu məsələni gizlədirdim. Mətbuatdan qaçırdım. Birinci dəfə mənimlə müsahibə götürən "Aztelekom"dan rəhmətlik Vidadi İsmayılov olub. Bir qardaş kimi mən onun ölümünə çox yandım. O müsahibədən sonra o mənə kömək etdi, işə də düzəldim. O vaxta qədər tamam özümə qapanmışdım. Mən əsir sözünü heç yerdə dilimə almamışam. Rəfiqəm də olmayıb ki onunla paylaşım. Anama isə əsla deməmişəm. Anam sakit, fağır, hər şeyi ürəyinə salan insandır. Olanları anama desəydim, ona bir zərbə vurmuş olardım.

- Bəs mətbuatda sizinlə bağlı gedən yazıları oxumadı?

- Yox, oxumadı. Qardaşlarım oxumaq istədi. Onlardan xahiş etdim ki, oxumayın. Çünki onlar oxusalar, mən çox pis olaram. Mənim anam əsla bilməsin. İndinin özündə də anam hərdən mənə sual verir ki, qızım, qardaşınla neçənci gündə görüşdünüz? Deyirəm, mama, sənə lazımdır bu? Sözün arasında söz qatıram. Mən, ümumiyyətlə, dərdimi kiminləsə bölüb, ona dərd verməyi xoşlamamışam. Neçə illər qapalı olmuşam. Öz dərdimi heç kimə yükləməmişəm. Yeganə bir insana yükləmişəm, o da həyat yoldaşımdır.

"O epizodlar gəlib gözümün qabağında dursa, gözümü qan örtər"

- Bəs sizinlə əsirlikdə olan qardaşınızla o dəhşətli günləri yada saldığınız vaxtlar olur?

- Yox. Mən onun yadına heç vaxt salmaram. Nə vaxt bir yerdə olsaq, o da çalışır ki, sözün üstünə heç vaxt gəlməsin.
- O zülmün içindən çıxmış bir insan kimi, başınıza gətirilənlərdən sonra ermənilərə qarşı içinizdə qisasçılıq hissini necə boğursunuz? Bu dəqiqə yanınızda erməni qadın olsa, ona münasibətiniz necə olar?
- Erməni qadın olsa, mən ona birinci növbədə sözlərimi deyərəm. Bizimkilərdən biri bir erməni qadınını götürüb mənim günümə salsalar, onlara necə təsir edər? Erməni qızının anasından soruşardım, sənin qızını belə etsəydilər, nə olardı? Yanımda erməni qadını olsa, bəlkə də döyərəm, boğaram, hirsimi çıxaram. O epizodlar gəlib mənim gözümün qabağında dursa, gözümü qan örtər. Nə etdiyimi bilmərəm. Özüm-özümə cavabdeh olmaram. Onlara qarşı içimdəki nifrət mən ölənə qədər ölməz. Mənim qisasım o vaxt alınacaq ki, Qarabağ azad olacaq. Bu dəqiqə müharibə elan olunsa, mən şəxsən cəbhəyə getməyə hazıram. Heç olmasa, bir əsgərə bir patron verərəm, əsgərin xörəyini verərəm. Müharibə bölgəsində nəyə gücüm çatarsa, kömək edərəm. Təki bu qisas alınsın, qalmasın.

"Gənclik param-parça olub getdi, mən ömrümün yarısını itirmişəm"

- "İztirab insanı yaşlaşdırır"- deyirlər. 20 yaşlı qız 8 günlük əsir həyatından sonra, elə indinin özündə özünüzü neçə yaşda hiss edirsiniz?

- 8 gündə başımın sol nahiyəsindəki saçlarım tamam ağarmışdı. Ata nənəm deyərdi ki, başdakı tük ürəkdən su içər, gör necə qorxmusan ki, saçların da bu qədər ağarıb. Əsirlik məni qocaltdı. İndi də yoldaşıma deyirəm ki, qocalmışam. Deyir, ay qız, 42 yaşında nə tez qocalıqdan danışırsan? Mənim daxilim qocadır. Gənclik illərim param-parça olub getdi, ömrümün yarısını itirmişəm. Amma yoldaşım həyata marağımı, özümə qarşı diqqətimi artırmağa çalışır. Yaxşı ki, o var.

- Həyat yoldaşınız qohumunuzdur?

- Yox, qohum deyil. Əl ilə yazdığım xatirələrimi qızım kompüterdə çapdan çıxarır, həyat yoldaşım oxuyur. Görürəm ki, yoldaşımın gözləri yaşarır. O, məni evdə "Dürü" çağırır. Deyir, Dürü, bu qədər də vəhşilik olar? Uşaq da yazdıqca deyir ki, papa, mamaya bu qədər zülm ediblər? Deyirik ki, ay qız, zülm deyil e, sadəcə film çəkirlər orada, mama ona görə belə açıq danışır. Zamanı gələndə uşaq hər şeyi özü biləcək. 16 yaşa çatanda mən ona artıq hər şeyi danışa bilərəm, bunları bilməlidir. Amma hələ uşaqdır, dərk eləmir. Məktəbdə inşa tapşırılanda o yazır ki, mənim anam güllə yarası aldı, mənim anam milli qəhrəmandır. Bu gün özümü xoşbəxt sayıram ki, əsirlikdən çıxan bir insanın, qadının ailəsi, övladı var. Bu, mənim üçün dünyaya sığmaz bir xoşbəxtlikdir.

Bizim oğlanlar əsir qadınlarla ailə qurmaqdan qaçdılar

- Necə tanış olmusunuz?

- Mən Xırdalanda telefonçu işləyirdim. O da beynəlxalq zənglər etmək üçün iş yerimə gəlib-gedirdi. Haşiyə çıxıram. Biz azərbaycanlılar qeyrətpərəst millətik. Xüsusən də qız uşaqlarını çox qoruyuruq ki, adına bir söz çıxmasın, ləkə yaxılmasın. Amma bu əsirlik elə bir şeydir ki, məni param-parça elədi. Bizim oğlanlar, bizim kişilər o vaxt əsir qadınlardan qaçdılar. Ailə qurmadılar. Dönüb keçmişə baxıram. Mənim yaşıdlarım, əsir düşən qadınlar tamam başqa regionlarda yaşayan həmvətənlərimizlə ailə qurublar. Kimisi Mingəçevirə, kimisi Gəncəyə ərə getdi. Mən bakılı oğlanla ailə qurdum.

- Amma sizin zonadan olmadı?

- Yox, bax bu mənə çox ağır təsir etdi. Çox ağır gəldi ki, mən sənin elinin-obanın qızıyam. Biz düşmən əlinə könüllü düşməmişdik ki. Bu, mənə həqiqətən bir dərd oldu. Amma bir qadın olaraq, mən bununla da fəxr edirəm ki, əsir düşsəm də, bu gün hamının üzünə dik baxa bilirəm. Mən orada satqın olmadım. Allah şahiddir. Bir də orada əsirlikdə olan kişilər şahiddir. Mənə o qədər zülm, işgəncə verdilər, axırda erməni də bizi buraxanda qolumdan tutub dedi ki, çox dözümlü qız idin. Qardaşıma da dedi ki, bu qız sənin həyatını xilas etdi.

"Kimsə mənə o vaxta qədər bu təklifi etməmişdi, ağladım"

- Ailəlik təklifini alanda hansı duyğular yaşadınız?

- O vaxt mənim 26, onun isə 37 yaşı vardı. O, ailəli olub, amma ayrılmışdı. Nə isə hər gün gəlib-gedirdi. Aramızda artıq ünsiyyət yaranmışdı. Bir gün mənə görüşməyi təklif etdi. Görüşdük. Soruşdu ki, "Mənimlə ailə qurarsan". Mən bu hissi yaşamamışdım, bu sualı heç vaxt eşitməmişdim. Kimsə mənə o vaxta qədər evlilik təklif etməmişdi. Artıq əsirlik vaxtından az qala 7-8 il ötürdü. Mənə bir azərbaycanlı oğlanı, kişisi təklif etməmişdi ki, gəl ailə quraq. İçimdə o qədər qüssələndim, ağladım. Sonra mən ona dedim ki, hər şeyi danışmalıyam və danışdım. O da bir kişi kimi mənə dedi ki, "Sən necə varsansa, mənim qəbulumdur. Əsirlik pis yol demək deyil, sən Vətən yolunda, torpaq yolunda əsir düşmüsən". O məni tam, hərtərəfli başa düşdü və biz ailə qurduq. Qayınanam, baldızım da var.

- Onlar tərəfdən sizə əsir həyatını xatırladan yoxdur ki?

- Xeyr, xeyr. Çox yaxşı insanlardır. Ailədə də söz-söhbət ola bilər, amma 16-17 illik ailə həyatında yoldaşımın ağzından indiyə qədər əsirliklə bağlı tənəli bir söz eşitməmişəm. Heç vaxt bunu başıma vurmayıb. Əsl qeyrətli Azərbaycan kişisidir.

"Mart ayı gələndə Xocalının bənövşələrini axtarıram"

- Həyatın bütün mümkün ola biləcək əzablarını yaşamısınız. Nə öyrətdi sizə əsir həyatı?

- İnsanın öz torpağına məhəbbəti bir az da artır. İnsan öz yaxınlarının qədrini daha çox anlayır. Əsirlikdə deyirdim ki, ay Allah, daha anamı, qardaşlarımı, qohum-əqrəbamı bir də görməyəcəm. O hicran, həsrət məhəbbəti bir az da artırdı. Torpağı, millətini çox sevirsən. Bir də düşmənini tanıyırsan. Əsirlik mənə ermənilərin əsl iç üzünü öyrətdi. Onların daxilinin iyrəncliyini, bizə qarşı nifrətini, kinini gördüm. İndi hər dəfə fevral ayı gələndə bizim efirlərdə Xocalı ilə bağlı kadrları verirlər. Allah Çingiz Mustafayevə rəhmət etsin ki, o kadrları çəkib. Deyirəm, kaş ki, o vaxt gözəgörünməz olub, əsirlərə etdikləri zülmləri, o dəhşətləri kamera ilə çəkə bilərdim.

- Söz efirdən düşmüşkən, işğal olunan ərazilərimizlə bağlı hazırlanan verilişlər reallığı görən şəxs kimi sizi qane edir?

- Xocalı ilə bağlı məni telekanallar da dəvət edir. Mən getmirəm. Çəkilişdən qabaq "Bax bu sözü deyərsən, filan sözü deyərsən"-deyib diktə edirlər. Deyirəm ki, mənim bu sözüm də var da, onu da demək istəyirəm. "Yox, onu demə." Axı mən azad insanam. Ürəyimdə deyiləcək sözlərim varsa, niyə onları deməməliyəm, sən məni niyə öyrətməlisən? O dəhşətləri yaşamış, görmüş şahidlərdən yaxşı mənada istifadə etmək lazımdır. Mən şahidəm, bu gün danışdıqlarımız tarixdir. İstərdim ki, şahid kimi danışdıqlarımız "Ədəbiyyat", "Tarix" dərsliklərində də yer alsın. Qoy məktəblilər də oxusun.

- "Həyatımın yarısını itirmişəm" deyirsiniz. Bəs bu gün hansı arzularla yaşayırsınız?

- Bu gün ən böyük arzum torpaqlarımızın alınmasıdır. O torpaqlarda mənim atamın, babamın məzarı var. Doğulduğum torpağın iyinə də həsrətəm. Mart ayı gələndə Xocalının bənövşələrini axtarıram. Uşaq vaxtı yaz gələndə bənövşələrdən dəstə tutub müəllimlərimizə aparardıq. Bax, o günlərin həsrətini elə çəkirəm ki...İnsanın doğulduğu yerləri itirməsini - bu hissi heç cür izah etmək olmur. Bir gün də olsa, Qarabağ mənim yadımdan çıxmır.

ictnews.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR