Sumqayıtda hava

Manşet / Cəmiyyət

Dünya şöhrətli idmançımızın doğum günüdür (FOTOLAR, VİDEO)

Dünya şöhrətli idmançımızın doğum günüdür (FOTOLAR, VİDEO)


Bu gün Milli Paralimpiya komandasının kapitanı, ikiqat paralimpiya, ikiqat dünya, beşqat avropa çempionu İlham Zəkiyevin doğum günüdür.

Zəkiyev İlham Əzizağa oğlu 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisinin ailəsində anadan olub. İlhamın ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var.

Sumqayıt şəhər 5 saylı orta məktəbin məzunudur.

İlhamın özündən üç yaş böyük qardaşı güləş ilə məşğul olurdu. Onun sayəsində İlhamın da idmana həvəsi yaranmışdı. İlham 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayır, çox qısa bir müddət ərzində uğurlara imza atır.

Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur. 1998-ci ildə Moskva şəhərində keçirilən Yeniyetmələr Olimpiadasına qatılmaq üçün yarışa hazırlaşsa da, onu yarışmaya qəbul etmədikləri üçün hərbi xidmətə yollanmalı olur.

İlhamın hərbi xidmətə yollanmazdan əvvəlki son yarışı 1998-ci ildə olur və o, burada ölkə kubokunu qazanır.

Həmin ilin iyul ayında İ.Zəkiyev Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə yollanır və xidmətini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Füzuli rayonunda yerinə yetirir.

Dünya şöhrətli idmançımızın doğum günüdür (FOTOLAR, VİDEO)


Fiziki cəhətdən güclü olmasına görə o, digər yoldaşlarından seçilirdi. Məsuliyyətli və fiziki cəhətdən dözümlü olan İlhamı kəşfiyyatçı təyin edirlər. O, bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlir. 1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham yaralanır. Güllə onun başına dəyir, sol gicgahından girərək sağ gicgahından çıxır. Aldığı yaradan sonra İlham 5 gün komada olur. Anası həmin günləri belə xatırlayırdı:

…gəlib onu rayonda hərbi hospitalda tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər əllərini üzmüşdülər, "İdmançı olduğu üçün ürəyi hələ ki müqavimət göstərir" - dedilər. Mən onu çağırdım, "İlham" - dedim. İlham mənə ağrı və sızıltılı bir səslə cavab verdi: "Üşüyürəm" - dedi. Birdən hamı başa düşdü ki, İlham ölümünü üstələyib. Tez əynimdəki jaketi çıxarıb onun üstünə saldım… Sonra yanında oturub isti çay verdim…

Lakin komadan çıxdıqdan sonra məlum olur ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmur. İlham Zəkiyev Birinci dərəcəli Qarabağ əlili kimi evə dönür.

19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür. Ailəsi və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir fantaziya kimi qəbul edilə bilərdi. Buna baxmayaraq İlham idmana yenidən qayıtmaq üçün yollar arayırdı.

Dünya şöhrətli idmançımızın doğum günüdür (FOTOLAR, VİDEO)


2002-ci ildə o, Gənclər və İdman Naziri Əbülfəz Qarayev ilə görüşür, nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.

2002-ci ildə etibarən İlham yenidən öz əvvəlki məşqçisinin başçılığı altında məşqlərə başlayır. O, Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi Olan İnsanların 2-ci Dünya Oyunlarında iştirak etmək istəyirdi. Bu yarışın əhəmiyyəti həm də onda idi ki, burada iştirak etməklə İlham 2004-cü il Paralimpiya oyunlarına lisenziya qazana bilərdi. Bu yarış görmə qabiliyyətini itirdikdən bəri İlhamın ilk yarışı idi, həm də onun hazırlıq səviyyəsi də əvvəlki kimi yüksək deyildi. Buna baxmayaraq İlham yarışda uğurla iştirak etdi və Afinada keçirilən Paralimpiya oyunlarına vəsiqə qazandı.

O, həmin Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən yeganə cüdoçu idi. Onun ilk qarşılaşması Kvebekdəki yarışda məğlub olduğu Kuba idmançısına qarşı idi. Bu dəfəki qarşılaşmada İlham öz rəqibini 1 dəqiqə 40 saniyə davam edən döyüşdə üstələyərək yarımfinala yüksəlir. Yarımfinalda o, İspaniyadan olan idmançını 37 saniyə ərzində məğlub edir. Finalda isə Böyük Britaniyadan olan cüdoçunu ippon fəndi işlədərk 1 dəqiqə 2 saniyə ərzində məğlubiyyətə uğradaraq Paralimpiya Oyunlarının qalibi olur.

Bir ildən sonra Niderlandda keçirilən Avropa Çempionatında da qalib gələrək Avropa çempionu olur. 2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazanır. 2007-ci ildə Bakıda keçirilən Avropa Çempionatında İlham yenidən qələbə qazanır. Bundan başqa o, Braziliyada keçirilən Gözdən Əlillərin Dünya Oyunlarında da qızıl medal qazanır.

Dünya şöhrətli idmançımızın doğum günüdür (FOTOLAR, VİDEO)


2008-ci ildə İ.Zəkiyev özünün ikinci Paralimpiya Oyunlarında iştirak edir. Pekində keçirilən bu yarışda İlham 100 kq-dan artıq çəki dərəcəsində iştirak edirdi. İlk olaraq fransalı idmançı Julyen Turinlə qarşılaşan İlham ona 5 saniyə ərzində tam üstünlük ilə (ippon) qalib gəlir. İlham yarımfinalda da Cənubi Koreyadan olan idmançıya tam üstünlük ilə qalib gəlir. Finalda yerli Çin cüdoçusu da məğlub edərək Azərbaycan tarixində ilk dəfə Paralimpiya Oyunlarında ikiqat Çempion adını qazanır.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmiş, 2009-cu ildə isə ona Əməkdar İdman Ustası fəxri adı verilmişdir.

İlham Zəkiyev 2005-ci ildə hərbi xidmətdən qabaq gördüyü və tanıdığı qızla Azərbaycan ənənələrinə uyğun olaraq ailə həyatı qurur. Onların toy günündə ölkə prezidenti də öz təbrik məktubunu göndərmişdi. 2 oğlu var. Özünün dediyinə görə oğlu İlkin harada Azərbaycan bayrağı görsə, tez bərkdən deyir: "Ata çempion".

2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı İşıqlı Zülmət filmi çəkilmişdir. İlham Zəkiyev həm də futbol ilə maraqlanır və Neftçi klubunun sadiq azarkeşidir. Onun başqa bir xasiyyəti də odur ki, hər dəfə yarışda rəqibinə qalib gəldikdən sonra gəlib onunla nəzakətlə görüşür, ona öz təşəkkürünü bildirir, onun layiqli bir rəqib olduğunu bildirir. Bundan başqa İlham Zəkiyev dindar müsəlmandır və gündəlik namaz ibadətini yerinə yetirir.

"YeniSumqayit.az" olaraq biz də dünya şöhrətli idmançımız İlham Zəkiyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, gələcək həyatında uğurlar arzu edirik.





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR