Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi planlaşdırılır

Sumqayıtda mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi planlaşdırılır


İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda “Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” mövzusunda tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, şəhər bələdiyyəsi və çoxmənzilli binalarda yaradılan məhəllə komitələrinin nümayəndələri, mənzil mülkiyyətçiləri və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri iştirak edib.

Tədbirin əsas məqsədi mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin müzakirə olunması, bu sahədə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin sürətləndirilməsi, eləcə də mənzil mülkiyyətçiləri ilə birgə müzakirələrin aparılması və ictimaiyyətin bu sahədə maarifləndirilməsidir.

Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan institusional islahatlar barədə məlumat verərək, qeyd edib ki, aparılan iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası Mənzil Məcəlləsi qəbul edilib.

Məcəllə qabaqcıl dövlətlərin təcrübəsi əsasında, ölkənin milli xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Sənəddə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, mənzil-kommunal sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və aparılacaq islahatların əsas istiqamətləri müəyyən olunub. Məcəllədə yeniliklərdən biri də dövlət mənzil fondu ilə yanaşı, bələdiyyə mənzil fondu və özəl mənzil fondunun da müəyyən olunmasıdır.

Dövlət mənzil fondunun idarə olunması dövlət tərəfindən, bələdiyyə mənzil fondu bələdiyyələr və özəl mənzil fondu isə mülkiyyətçilərin özləri tərəfindən idarə olunmalıdır. Yeni Məcəllənin əvvəlki Məcəllədən prinsipial fərqi çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə - yəni sakinlərə məxsus olması və onun istismarı və saxlanması məsələləridir.

Belə ki, yeni qanunvericiliyə görə yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi əmlak hesab olunur və ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Yeni idarəçilik formasına əsasən, binanın idarə edilməsi üsulunun və idarəedicinin seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir.

Tədbirdə bildirilib ki, mənzil fondunun yeni idarəetmə metodlarının tətbiqinin stimullaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində artıq 7 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib, daha bir neçə kondominiumun yaradılması üzrə işlər davam etdirilir.

Bununla yanaşı, tədbirdə nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin Normativ-metodiki təminat və icmal sektorunun müdiri Arif Nəzərov Azərbaycanda mənzil fondunun idarə edilməsinin yeni üsulları, Binəqədi rayon İH-nin şöbə müdiri Ramiz Göyüşov Binəqədi rayonunda bu sahədə görülən işlər, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması barədə təqdimatlarla və Sumqayıt Şəhər Bələdiyyəsinin sədri, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev Mənzil fondunun idarə edilməsində bələdiyyələrin rolu və vəzifələri barədə çıxış edib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı kitablar və maarifləndirici broşurlar paylanıb.

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR