Sumqayıtda hava

İqtisadiyyat

Texnoparklar iqtisadi inkişafda mühüm rol oynayacaq

Texnoparklar iqtisadi inkişafda mühüm rol oynayacaq


Ölkə iqtisadiyyatının güclü olması üçün inkişafın şaxəli şəkildə təşkil edilməsinə böyük ehtiyac var. Bunun üçün isə dünya təcrübəsində müxtəlif üsullar mövcuddur. Onlardan biri dünyanın inkişaf etmiş ölkələrində də çox geniş şəkildə istifadə olunan Yüksək Texnologiya Parklarının yaradılmasıdır.

Azərbaycanda texnoparkların yaradılmasına 2012-ci ildən başlanılıb. İlkin olaraq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində belə parkların yaradılacağı bildirildi. Həmin vaxtdan bəri bu sahədə işlər genişləndirildi və qeyd olunan ərazilərdə texnoparkların yaradılmasına başlandı. Ötən il ölkədə “Sənaye ili” kimi qeyd olundu və bu sıradan görülən işlərin sayı artırıldı. Ən son olaraq isə bir neçə gün öncə Prezident İlham Əliyev Mingəçevirdə Yüksək Texnologiyalar Parkının və Sənaye Parkının yaradılması haqqında sərəncam verdi.

Texnoparkların yaradılması xarici ölkələrdən məhsul idxalının qarşısını almaq üçün qeyri-neft sektorunun inkişafına təkan verən qüvvə rolunu oynayır. İqtisadçı alim Əli Əlirzayev texnoparkların ölkə iqtisadiyyatı üçün önəmli olduğunu vurğuladı. Bildirdi ki, texnoparklar müasir şəraitdə sahibkarlığın inkişaf istiqamətlərindən biridir və orada kompleks inkişaf üçün hər şərait yaradılıb:
“Texnoparklar resurslara, iş qüvvəsinə və bazara əsaslanır. Yerli resurslardan istifadə olunduğu üçün istehsal olunan məhsul kompleks şəkildə ucuz qiymətə başa gəlir. Müəyyən güzəştlər, dövlətin himayəçiliyi ilə bilavasitə bu sahə inkişaf etdirilir. Müasir bazar iqtisadiyyatı şəraitində texniki parkların yaradılması kiçik sahibkarlığın inkişafının əsas istiqamətidir. Kiçik sahibkarlığın inkişafı üçün bu problemin həlli regionlarda daha böyük əhəmiyyət kəsb edir. Regionlara axının olması cəhətdən əhəmiyyətlidir. İş qüvvəsi ehtiyatları çox olan, Azərbaycanın coğrafi şəraitində mühüm rol oynayan rayonlarda belə parklar yaradılır. Ona görə mənə elə gəlir ki, texnopark hansı regionda yaranırsa, həmin regionun kompleks sosial-iqtisadi inkiaşfının əsas istiqamətindən biri olur”.

İqtisadçı deyir ki, bu sahədə hələ təcrübəmiz az olsa da, gələcəkdə daha böyük uğurlara nail olmaq olar:
“Texnopark yaradılması ənənəsi dünyanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunur. Bizdə isə cəmi bir neçə ildir ki, bu təcrübədən istifadə olunur. Amma dünya ölkələrindəki uğurlu təcrübələri tətbiq etməklə bu sahədə inkişaf əldə etmək mümkündür. Bunu ümumiləşdirib baxmaq və olan problemləri aradan qaldırmaq lazımdır. Gələcəkdə texnoparklar ölkə iqtisadiyyatında böyük rol oynayacaq”.

Ə.Əlirzayevin sözlərinə görə, texnoparkların yaradılması təkcə daxili resurslarımız hesabına olmamalıdır. Bu sahədə daha çox iş görmək üçün ölkəyə investisiya axınını təşkil etmək lazımdır:
“Texnoparkların geniş yayıldığı ABŞ, Dubay və başqa yerlərdə digər ölkələrin texnoparkları da var. Bu isə həmin ölkələrə investisiya axını deməkdir. İnvestisiya axınını təmin etmək üçün biz də o təcrübələrdən istifadə etməliyik. Ancaq daxili resurslarımız hesabına bunu təşkil etmək o qədər də səmərəli olmaz. Bazarı genişləndirmədən bu işləri görə bilmərik. Gərək bu kimi problemlərin həlli yollarını tapaq, xarici investisiya axınını təmin edək. Daxili investisiyanın inkişafında əsas bazarı da nəzərə almaq lazımdır. Çünki məhsulun satılıb-satılmayacağı bilinməlidir. Ona görə bu cür təcrübələri təhlil etmək lazımdır. Amerikanın bu sahədə böyük təcrübəsi var. İxracat potensialını artırmaq məqsədilə bu kimi məsələləri həll etmək olar. Gələcəyə baxış baxımından bu bir yol, tədbir, proqramdır və bunun uğurlu alınmasına çalışmalıyıq”.

İqtisadçı deyir ki, texnoparklar əslində sənaye qovşaqlarıdır və bu parklar ölkənin sənaye mərkəzlərində yaradıldığı halda daha yaxşı nəticə əldə etmək olar. Buna görə də bütün bölgələrimizdə texnoparkların yaradılması o qədər də yüksək nəticə verməyə bilər:
“Sovetin vaxtında isə sənaye qovşaqları deyə bir məsələ var idi. Bölgələr coğrafi mövqeyinə və ölkə iqtisadiyyatında oynadığı rola görə sənaye qovşaqları seçilirdilər. İndi texnoparkların yerləşdiyi ərazilər Azərbaycanın həmin sənaye qovşaqlarındadır. Texnoparklar yerləşən şəhərlərin inkişafı hesabına digər regionların da sosial-iqtisadi yüksəlişinə təkan vermək olar. Texnoparkların yaradılması üçün seçilən rayonların bu sahənin inkişafı üçün daha böyük əhəmiyyəti olacağı düşünülür. Digər regionların resurslarından cəlbetmə yolu ilə vahid park halında bunu inkişaf etdirmək mümkündür. Təkcə ayrı-ayrı regionlar üçün bu parklar yaradılsa, o qədər də əhəmiyyətli olmaya bilər. Bu iş həm də elə qurulmalıdır ki, parka gedən, orada iş görməyə maraqlı şəxslər çox olsun”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, ölkəmizdə ilk olaraq texnopark Sumqayıtda yaradıldı və müasir avadanlıqlarla təchiz olundu:
“Daha sonra Balaxanıda texnoparkın yaradılmasına qərar verildi və tullantıların emalı ilə bağlı zavod inşa edildi. İndi gübrə zovodunun tikintisi ilə əlaqədar orada işlər aparılır. Daha sonra Prezident Mingəçevirdə alüminium komlpeksinin yaradılması ilə əlaqədar sərəncam imzaladı. Ardınca isə Gəncədə belə texnoparkın yaradılmasına başlanıldı. Bu günlərdə isə Neftçalada sənaye məhəllələrinin yaradılması ilə əlaqədar qərar verildi. Bu, pilot layihə olaraq həyata keçiriləcək. Ən son isə Mingəçevirdə Sənaye parkının yaradılmasına maliyyə ayrıldı. Mingəçevir Azərbaycanın sənaye şəhərlərindəndir. Sovet vaxtında da orada böyük sənaye müəssisələri yerləşib. İndi isə orada sənaye parkları yaradılacaq”.

Millət vəkili deyir ki, texnoparklar qeyri-neft sektorunun inkişafına kömək məqsədi ilə yaradılır:
“2014-cü il ölkəmizdə “Sənaye ili” elan edildi. Burada əsas məqsəd sənayenin inkişafını daha da sürətləndirmək, qeyri-neft sektoruna diqqəti artırmaq idi. 2015-ci il isə “Kənd təsərrüfatı ili” elan olunub. Bununla əlaqədar isə kənd təsərrüfatı emalı müəssisələrinin yaradılması nəzərdə tutulub. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı mühüm məsələdir və bununla bağlı işlər görülməkdədir. Dünyada neftin qiyməti ilə bağlı ciddi problemlər yaranıb. Ona görə də bizim yeganə çıxış yolumuz qeyri-neft sektorunun inkişafıdır. Burada isə əsasən sənaye, kənd təsərrüfatı, turizm və insan kapitalı əhatə olunur. Ona görə də sənayenin inkişafına ölkəmizdə diqqət yetirilir. Texnoparkların yaradılmasından öncə də bu sahədə müəyyən işlər görülürdü. Amma görülən işlərin nəticəsi olaraq texnoparkların yaradılmasına başlanıldı”.

Milli.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR