Sumqayıtda hava

Cəmiyyət

Ədalət Şükürov: “İqtisadiyyat elmləri namizədiyəm.” (MÜSAHİBƏ)

Ədalət Şükürov: “İqtisadiyyat elmləri namizədiyəm.” (MÜSAHİBƏ)


“Ciddi-ciddi” rubrikasında Lent.az-ın növbəti qonağı şou-biznes əhlidir. Müğənni, əməkdar artist Ədalət Şükürov suallarımızı təəccüblə qarşılasa da, sonradan onları cavablandırdı. Sonda hətta “dediklərimin altından qol da çəkə bilərəm” söylədi...

- Azərbaycanda keçirilən prezident seçkisi zamanı səsvermədə iştirak etdiniz?

- Əlbəttə.

- Hansı namizədə səs verdiyinizi açıqlaya bilərsinizmi?

- Problem yoxdur. Mən İlham Əliyevə səs verdim. Bakının Nərimanov rayonunda qeydiyyatdayam, elə həmin rayondakı seçki məntəqəsində də səs verdim. Səsverməyə həyat yoldaşımla birlikdə getmişdim.

- Digər prezidentliyə namizədlərdən kimləri tanıyırdınız?

- Açığı, heç birini tanımırdım. Bu heç kimin də xətrinə dəyməsin, doğrudan da tanımırdım.

- Bəs ötən prezident seçkilərindəki namizədləri tanıyırdınızmı?

- Onları təbii ki, tanıyırdım.

- ABŞ-da keçirilən seçkiləri necə, izləyirdinizmi?

- Bəli izləyirdim. Belə də, mənə lazım olan şeylərə qulaq asırdım, vaxtım olanda baxırdım, vaxtım olmayanda baxmırdım.

- Həmin seçkilərdə neçə namizəd iştirak edirdi?

- Vallah bilmirəm neçəydi, amma onlardan əsas iki-üçü yadda qaldı. Barak Obama seçildi. Mənə elə gəlir ki, o da müsəlmandır.

- Deməli, Siz ABŞ-ın yeni prezidentinin müsəlman olduğunu düşünürsünüz...

- Məgər müsəlman deyil?

- Nə bilim...

- Yox, Barak Obama müsəlmandır.

- Yenidən Azərbaycana qayıdaq. Ölkəmizdə “müxalifət partiyaları” anlayışı var. Bu anlayış Sizə nə deyir?

- (bir az fikirləşir) ....Açığı, heç nə demir.

- Amma hər halda onlar mövcuddur...

- Əlbəttə, müxalifət partiyaları var. Bizdə sağlam siyasi rəqabət yoxdur. Hər bir ölkədə müxalifət də var, iqtidar da var. Onların arasında sağlam mübarizə var. Əslində sağlam mübarizə olmalıdır. Amma bir gün mitinq keçirməyə icazə verəndə 15 dəqiqənin içərisində şəhərin mərkəzini o günə qoydular. Axı bu düzgün deyil.

- Siz 2003-cü ilin 16 oktyabrını nəzərdə tutursunuz?

- Bəli.

- Heç indiyə qədər mitinqdə iştirak etmisiniz?

- Yox, Allah eləməsin qardaş! Mənim işim-gücüm var, mən incəsənət adamıyam.

- Sizi tanınmış siyasətçilərin övladlarının da toyuna çağırırlar?

- Bizim incəsənətdə olan müğənnilərin 70 faizinə arzulayardım ki, mən iştirak edən toylarda iştirak etsin. Əlbəttə ki, çağırırlar. Onlar da insandır. Bu, normal bir şeydir. Təki elə həmişə toy olsun, şənlik olsun.

- Tanınmış siyasət adamlarından kimlərinin övladının toyunda iştirak etdiyinizi söyləyə bilərsinizmi?

- Yox. Çünki bu, şəxsi işdir. Onların icazəsi olmadan mənim bunu deməyə ixtiyarım yoxdur.

- Ad çəkməsəniz də belə, müxalifətçilərin övladının toyunda iştirak edib-etməməyinizlə bağlı açıqlamanız maraqlı olardı...

- Vallah mən eşitməmişəm ki, toya gedim, sonra desinlər bu müxalifətçinin toyudur. Amma buna baxmayaraq “klient”dir, min dənə toya çağırırlar, mən onlardan soruşmuram ki, müxalifətdir, yoxsa yox. Buna baxmayaraq, deyə bilərəm ki, belə toy olmayıb.

- Avtomobilinizi özünüz idarə edirsiniz?

- Bəli, yalnız özüm sürürəm.

- Dövlət Yol Polisinin işçiləri ilə aranız necədir? Yəni Sizi saxlayıb cərimə edirlər?

- Yaman qəliz suallar verirsən... (bir qədər düşünür, nə fikirləşirsə yenidən müxalifətçilərlə bağlı suala qayıdır). Müxalifətə cavab verdim. Amma bilirsən necədir, bu, toydu, məclisdi. Mənim üçün dəxli yoxdu - müxalifətdir, yoxsa kimdir. Hər bir insanın öz toyu var. Amma elə bir şey olmayıb ki, “bu müxalifətçilərin toyudu, yaxud banketidi” desinlər.

- Dövlət Yol Polisi ilə bağlı sual yaddan çıxdı deyəsən...

- Mənim ümumiyyətcə siyasətdə, polisdə, Dövlət Yol Polisində çox yaxın dostlarım var. Onlar çox böyük vəzifədə olan insanlardır. Amma buna baxmayaraq məni saxlayırlar da, cərimə də ediblər. Hətta Ədalət Şükürovun avtomobili “Cərimə meydançası”na da gedib. Bu, şüşələrlə bağlı olan söhbətdə olub. Mənə zəng vurub dedilər ki, Ədalət müəllim, sizin şüşələriniz qaradır, respublikada buna icazə yoxdur. Mən maşınımı şəxsən özüm “Cərimə meydançası”na qoydum. Sonra Dubaydan şüşə sifariş verdim. Həmin şüşələr gələndən sonra nümayəndələr baxdılar və mənim sənədlərimi qaytardılar.

- Bayaq Nərimanov rayonunda qeydiyyatda olduğunuzu söylədiniz. Amma Siz Sumqayıtda doğulmusunuz. Nərimanovda nə vaxt qeydiyyata düşmüsünüz?

- Bu yaxınlarda.

- Maraqlıdır, qeydiyyatla bağlı sənədləşmə işlərini kim həyata keçirdi?

- Əlbəttə, özüm gedirdim. Biz əvvəlcə order aldıq. Ev verən şirkətlə notariusa getdik. Orada bütün sənədlər imzalandı. Nərimanov parkının yanındakı Nərimanov polisinə getdim. Oradakı “pasportstol”da mən, həyat yoldaşım və iki uşağıma vəsiqə aldıq.

- Adətən “pasportstol”larda növbə olur. Siz növbəyə durdunuz, yoxsa güzəşt oldu?

- Mən deməzdim ki, hansısa güzəşt oldu. Lazımi sənədləri yığıb verdik, bir neçə gündən sonra zəng vurub dedilər ki, Ədalət müəllim sənədləriniz hazırdır. Mən də gedib götürdüm.

- Deyəsən növbəyə durmamısınız...

- Yox, növbəyə durmadım.

- Siz həm də elmlər namizədisiniz. Bu barədə də bir az danışın.

- İqtisadiyyat elmləri namizədiyəm. Namizədliyimin müdafiəsini Sankt-Peterburqda gerçəkləşdirmişəm. Allah qoysa, gələn ilin yanvar ayından doktorluğa da vermək niyyətindəyəm. İstəyirəm doktorluğu da müdafiə edim. Bunun da Sankt-Peterburqda olmasını istəyirəm.

- Səhv etmirəmsə, biznesiniz də var.

- Yox, heç bir biznesim yoxdur. Var idi, ancaq qiymətlər bahalanıb, çatdırmıram, vaxtım yoxdur. Ona görə də yalnız sənətlə məşğulam. Heç bir qeydiyyat da yoxdur ki, Ədalət Şükürovun firması olsun.

- Bəziləri Ədalət Şükürovu ən imkanlı müğənni kimi xarakterizə edir. Siz özünüzü ən varlı müğənni sayırsınızmı?

- Bilirsiniz,... məndən də imkanlıları var. Mən deməzdim ki, ən imkanlısı mənəm. Özümə görə maşallah, qalmağa yerim, avtomobilim, hətta evimdə televizor da var. Mən özümə görə imkanlıyam. Və çox istərdim ki, mənim dövlətim, vətənim imkanlı olsun.

- Vergi ödəməklə aranız necədir?

- Ədalət Şükürov artıq 6 ildir vergi ödəyir. Hər dəfə də hesabatlar verilir, problem yoxdur.

- Məsələn, 2007-ci ildə nə qədər vergi ödəmisiniz?

- Vallah bilmirəm, sənədlərdə hər şey yazılıb.

- Vergi qurumlarının açıqlamalarında deyilir ki, müğənnilər toya baha qiymətə gedir, ancaq toy haqqının bir qismini rəsmiləşdirir, qeydiyyatdan keçirirlər. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, onlar birtərəfli danışırlar. Mən bunu bir neçə dəfə demişəm. Ona görə ki, bizim xərclərimizi də saymaq lazımdır – kliplər, paltarlar və s. Qazandığımız 5 manatdan 3-ü, bəlkə də 4-ü işimizlə bağlı xərclərə gedir. İkincisi də, biz çox tədbirlərə pulsuz gedirik. Bu yaxınlarda vergi qurumunun əməkdaşları gəlmişdi, özləri də gördü ki, doğrudan da dost məclisidi və Ədalət Şükürov orada dost kimi iştirak edir. Elə bilməyin ki, biz hər yerə pulla gedirik. Getdiyimiz çox yerlər pulsuz olur. Bundan əlavə, dövlət tədbirləri və başqa işlər də var ki, bunları da nəzərə almaq lazımdır...

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR