Sumqayıtda hava

Manşet, Cəmiyyət

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin fəaliyyətinə bir baxış

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin fəaliyyətinə bir baxış

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi gənc nəslin mədəniyyətimizə və incəsənətimizə sevgi ruhunda böyüməsi istiqamətində mühüm işlər görür.

 

Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir... ...Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

 

Heydər Əliyev,

Ümummilli lider

 

Sumqayıt bizim hər birimizin doğma şəhəridir - burada doğulub, boya-başa çatanların, ömrünü bu şəhərə bağlayanların tale şəhəri. Pisiylə, yaxşısıyla, köhnəsiylə, təzəsiylə bizimdir. Hər bir sumqayıtlı bilir ki, şəhərimizin hər yöndə - istər sosial, istər iqtisadi inkişafında, əhalinin ümumi rifah halının yaxşılaşmasında Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu düzgün və məqsədyönlü siyasətin rolu danılmazdır. Ulu öndər Heydər Əliyevin Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımızın diqqət və qayğısı sayəsində müstəqil vətənimizin bütün bölgələri kimi Sumqayıt da bu gün öz dinamik inkişaf dövrünü yaşayır. Şəhərimizin istənilən sakinindən Sumqayıtın bugünkü vəziyyətini bir cümlə ilə ifadə etməsini istəsək, inanıram ki, bu fikirləri bildirəcək: "Bəli, Sumqayıt bu gün regionun ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək haldadır.”

Sumqayıt bu gün 68 illik tarixinin ən sürətli inkişaf dövrünü yaşayır. Ölkəmizin hər yerindən, müxtəlif bölgələrdən axın-axın insanlar şəhərimizi, möhtəşəm bulvarımızı görməyə gəlirlər. Asfalt örtüyü ilə döşənən geniş küçələr, müasir üzlüklərlə yeni nəfəs tapan binalar, hər addımbaşı salınan yaşıllıq zolaqları, əkilən gül və bəzək kolları şəhərimizə ayrı bir yaraşıq verir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun gərgin zəhməti nəticəsində şəhərin təkcə görünüşü dəyişmədi, yeni iş yerlərinin açılması ilə əhalinin rifah halı yaxşılaşdı, təhsil, səhiyyə, mədəniyyət sahələrində gözəçarpan şəkildə inkişafa nail olundu. Bu sadaladıqlarımızın arasında mədəniyyət sahəsinə göstərilən qayğı və diqqət əhalinin ürəyincə olmaqla, bu istiqamətdə köklü islahatların aparılmasına təkan verdi. Çünki bir xalqın, bir millətin dünya dövlətləri arasında yeri və nüfuzu həm də onun mədəniyyəti ilə ölçülür. Məhz bu səbəbdən də Uşaq İncəsənət Məktəbi, Şahmat Məktəbi tikildi, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı əsaslı şəkildə təmir olunub teatrsevərlərin və aktyorların ixtiyarına verildi. Hazırda "Kimyaçı” mədəniyyət sarayında əsaslı təmir işləri aparılır və bir neçə aydan sonra sakinlərin ixtiyarına veriləcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin mədəniyyətə göstərdiyi yüksək qayğını əsas götürərək, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sahədə aparılan islahat və yenilikləri nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun mədəniyyət işçilərinə verdiyi dəyəri rəhbər tutaraq şəhərin bütün mədəniyyət müəssisələri fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Belə müəssisələrdən biri də Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzidir. Şəhərimizdə fəaliyyət göstərən bütün Mədəniyyət evləri öz işlərini uğurla davam etdirsələr də, bu sahədə əsas yük N.Nərimanov adına Mədəniyyət Mərkəzinin üzərinə düşür. Mədəniyyət Mərkəzinə gənc olmasına baxmayaraq öz işini mükəmməl bilən, tapşırılan hər işin öhdəsindən vaxtında və layiqincə gələn, şəhər ictimaiyyəti arasında böyük hörmət və nüfuza sahib olan Samir Şəfiyev rəhbərlik edir. Samir Şəfiyevin rəhbərliyi altında Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən ansanbl və bədii özfəliyyət kollektivləri hər il Türkiyədə, Rusiyada və başqa xarici ölkələrdə müxtəlif festivallarda uğurla çıxış edir. Mədəniyyət evində Ukrayna dostluq cəmiyyəti fəaliyyət göstərir. Regional mədəniyyət idarəsinin köməkliyi ilə özfəaliyyət dərnəkləri tez-tez rayonlarımızda konsert proqramları ilə çıxış edirlər. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən illuziya ustası Fərhad Dadaşov öz sənət dostlarıyla davamlı olaraq Heydər Əliyev Fondunun xətti ilə təşkil olunan tədbir və proqramlarda öz bacarıqlarını nümayiş etdirməklə tamaşaçıların zövqünü oxşayırlar. Mərkəzin yaradıcı kollektivi qarşıya böyük və məsuliyyətli məqsəd qoyaraq ötən dövr ərzində bir sıra mədəni-kütləvi, ədəbi-bədii tədbirlər həyata keçirmiş və bu missiyanı bu gün də davam etdirirlər. Bu tədbirlər sırasına 20 Yanvar faciəsinin ildönümü ərəfəsində təşkil olunan "Tarixin qan yaddaşı", fevral ayında keçirilən "Xocalı soyqırımı" adlı ədəbi-bədii kompozisiyalar və digər vətənpərvərlik ruhlu tədbirləri daxil etmək olar. Mədəniyyət mərkəzinin kollektivinin Gənclər günü münasibətilə təşkil etdiyi bədii özfəaliyyət kollektivlərinin "Sabaha gedən yollar" adlı konsert proqramı ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanmışdır.

Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin kollektivi gənc nəslin mədəniyyətimizə sevgi və sayğı ruhunda böyüməsi istiqamətində də mühüm tədbirlər həyata keçirir, onların dünyagörüşlərinin formalaşmasında mühüm addımlar atırlar. Bu addımlardan biri də mərkəzin nəzdində bir sıra kurs və dərnəklərin təşkilidir. Hazırda mərkəzdə tibb bacısı, biçmə-tikmə, mühasibatlıq, fortopiano, tar, saz, nağara, sintezator, gitara, muğam, milli rəqs, qadın bərbəri, ingilis dili, rəsm kursları fəaliyyət göstərir.

Mədəniyyət mərkəzinin nəzdində yaradılmış "Pöhrə" aşıqlar ansanblı, "Rövşən" ritm qrupu, "Segah" muğam qrupu, "Dəcəllər" rəqs qrupu və digər ansanbl və qruplar, şəhərin demək olar ki, bütün mədəni-kütləvi tədbirlərində fəal iştirak etməklə şəhər sakinlərinin mədəni zövqünün formalaşmasında mühüm rol oynayırlar. Xüsusilə qeyd etmək lazımdır ki, şəhərin ən böyük istirahət mərkəzlərindən olan Nəsimi parkında yerləşən "Yaşıl teatr”da Mərkəzin kollektivləri mütəmadi olaraq bir-birindən maraqlı konsert proqramları ilə çıxış edir, şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün əllərindən gələni əsirgəmirlər.

Təqdirəlayiq haldır ki, Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə istər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən, istərsə də digər mədəniyyət evlərini təmsil edən anslanbl və özfəaliyyət kollektivləri tez-tez bölgələrimizə səfərlər edir, bir-birindən maraqlı konsert proqramları ilə çıxışlar edərək sakinlərə mədəni xidmət göstərir və mənəvi istirahətlərini təşkil edirlər.

Sevindirici haldır ki, 2015-ci ilin iyun ayında "Rövşən" ritm qrupu Rusiya Federasiyasının Tolyatti şəhərində təşkil olunmuş Beynəlxalq ritm müsabiqəsində uğurlu çıxış edərək tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmış, müsabiqənin yekununa əsasən xüsusi diplomla təltif olunmuşdur. Həmin ilin iyul ayında isə Sumayıt şəhər Bələdiyyəsinin xətti ilə Ankara Keçiörən Bələdiyyəsinin təşkil etdiyi "Sumqayıt günləri"ndə "Segah" muğam üçlüyü uğurla çıxış etmişdir. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün bundan oncə də Mədəniyyət mərkəzinin "Segah" muğam qrupu Türkiyənin Keçiörən Bələdiyyəsinin Təşkilatcılığı ilə keçirilən "VIII Uluslararası Ramazan Etkinlikləri"ndə müvəffəqiyyətli çıxışı ilə yeni bir uğura imza atmışdır. Qrup "Azərbaycan evi"ndə təşkil olunmuş tədbirdə xalq mahnıları ilə çıxış etmiş, sonda Könül Əmirəliyevanın ifasında səslənən "Qarabağ şikəstəsi" alqışlarla qarşılanmışdır. Şənliklərdə Ankaranın valisi Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Türkiyə millət vəkilləri tamaşaçı qismində iştirak etmişlər. Qastrol səfərində olduqları müddətdə qrup üzvlərinin Türkiyə Böyük Millət Məclisində millət vəkilləri ilə görüşləri, "Azərbaycan meydanı"ndakı "Xocalı" abidəsinə ziyarətləri də təşkil olunmuşdur.

Mərkəzin bir uğuru da rəqs qrupunun rəhbəri Fərhad Dadaşovun 2015-ci ildə İranın Mərvan şəhərində təşkil olunmuş X Beynəlxalq Küçə teatrı festivalında iştirakı və rəhbərlik etdiyi truppa ilə "Tesserakt" tamaşasını nümayiş etdirməsi olub.

Rəssamlıq dərnəyinin rəhbəri Xatirə Lazımovanın tələbələrinin əl işləri Polşada, Yunanıstanda, Yaponiyada, Özbəkistanda, Rusiyada keçirilən beynəlxalq səviyyəli uşaq rəsm sərgilərində uğurla təmsil olunublar.

"Pöhrə” aşıqlar ansanblının rəhbəri Elməddin Məmmədov Türkiyədə keçirilən Aşıq Seyran Kültür və Sənət festivalından ölkəmizə diplomla qayıtmışdır.

N.Nərimanov adına Mədəniyyət Mərkəzi bir sıra dost və qardaş ölkələrlə geniş mədəni və dostluq əlaqələri qurmuşdur ki, bunlardan biri də Özbəkistan respublikasıdır. Bunun nəticəsidir ki, Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şirzad Feyziyev tərəfindən Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür məktubu göndərilmiş və mərkəzin direktoru Samir Şəfiyevə şəxsən fəxri diplom təqdim olunmuşdur. Məqamı gəlmişkən qeyd edək ki, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyev 2010-cu ilin ən gənc mədəniyyət işçisi adına layiq görülüb. Uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir. Onu da qeyd edək ki, Samir Şəfiyev bu fəxri fərmana layiq görülən ən gənc mədəniyyət işçisidir.

Söhbət əsnasında onun da şahidi olduq ki, Samir Şəfiyev – bu gənc və istedadlı ziyalı üçün həyatda ən müqəddəs məfhum vətən anlayışıdır. Bu gözəl qəlbə malik gəncin qəlbində kök salan insan sevgisi də, ədalət hissi də, tabeliyində olan insanlara qarşı mehriban və səmimi münasibəti də bundan qaynaqlanır. Gənc olmasına baxmayaraq ona həvalə edilən çətin, eyni zamanda maraqlı və məsuliyyətli hər bir iş onu sabaha daha möhkəm tellərlə bağlayır, yorulmadan, usanmadan şəhər sakinlərinin xidmətində dayanmaq, insanların mənəvi dünyasını daha da zənginləşdirmək eşqi ilə yaşamasına və yaratmasına stimul verir.

 

P.S Bir məsələni fəxr hissi ilə demək istəyirəm ki, bu Mədəniyyət Mərkəzi mənim üçün çox doğmadır. Taleyimdə xüsusi rol oynayaraq yaddaşıma gözəl duyğularla həkk olunmuşdur. Çünki mən 1984-85-ci illərdə bu mədəniyyət evində "Sevinc" dram dərnəyinə rəhbərlik etmişəm. Məktəblilərlə birlikdə S.S.Axundovun "Tamahkar” və Firuz Məmmədovun "İnam” tamaşalarını səhnələşdirərək tamaşaçıların ixtiyarına vermişəm. Eyni zamanda səhnələşdirilmiş kiçik hekayə və yumoristik novellalarla fəhlə yataqxanalarının "Qırmızı guşə"lərində əməkçilər qarşısında çıxışlar etmişik. Həmçinin dəfələrlə Quba rayonunda taxıl biçini və məhsul yığımı dövründə kolxozçular qarşısında dərnəyin istedadlı uşaqları ilə birlikdə müxtəlif maraqlı səhnəciklərdən ibarət proqramlarla çıxış etmişik. Mədəniyyət evində işlədiyim dövrlərdə şahidi olduğum nizam-intizam, qayda-qanun, işə vicdanlı münasibət, kollektiv arasındakı səmimiyyət bu gün də qorunub saxlanmaqda və daha yüksək formada davam etdirilməkdədir.

 

Qaratel Azəri,

şairə-publisist

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Möhtəşəm Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin müdiri

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin fəaliyyətinə bir baxış

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin fəaliyyətinə bir baxış

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin fəaliyyətinə bir baxış

N.Nərimanov adına Mədəniyyət Mərkəzinin fəaliyyətinə bir baxış





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR