Cəmiyyət

Məşhur aktyor: “Sumqayıtda avtovağzalın yanında yaxşı kitab mağazası var.”

Məşhur aktyor: “Sumqayıtda avtovağzalın yanında yaxşı kitab mağazası var.”


"Kulis.az"-ın kitabla bağlı suallarına məşhur aktyor Sabir Məmmədov cavab verir.

- Nə oxuyursuz son vaxtlar?

- İşimlə bağlı oxuyuram əsasən. Kitabı açıram, məni tutdusa oxuyuram, tutmadısa, vaxt sərf eləmirəm. Elə kitablar olur oxuya bilmirəm, yarımçıq qoyuram.

- Mövzu seçiminiz var?

- Yox. Nə hədiyyə olunur, nə xoşuma gəlir, oxuyuram. Məsələn, son vaxtlar yadımda qalan Kamal Abdullanın “Göyəzən dağının ilahəsi” hekayəsi olub. Başqa bəyəndiyim hekayələr də rastıma çıxıb, təəssüf müəlliflərini unutmuşam. Məsələn, bir neçəsini elə sizin saytdan oxumuşam. Bir də şəxsən tanıdığım müəllifləri oxuyuram.

- Sonuncu oxuduğunuz kitab hansıdır?

- Paolo Koleyonun “Kimyagər”i... Əvvəl rusca oxuyurdum, sonra Azərbaycanca davam elədim. Tərcümədə xeyli problem vardı. Orxan Pamukun “Mənim adım qırmızı” romanını tərcümədə oxumağa çalışdım, oxuya bilmədim. Dostumuz Nəriman Əbdülrəhmanlı çevirib... Yaxşı deyildi...

- Türkcə oxuyun...

- Türkcə oxuya bilmirəm.

- Evdə kitabxananız var?

- Var. Amma kitabların sayını bilmirəm. Hər halda böyükdür xeyli.

- Şeir çox olar...

- Yox. Şeiri xüsusilə ayırmıram. Şeir yaddaşım da elə yaxşı deyil. Baxmayaraq ki, şeirin məşhur olduğu bölgədənəm (Qazax – red.).

- Bəs necə qiraətçisiz?

- Mən qiraətçi deyiləm, əslində. Sadəcə aktyoram. Şeiri də aktyor kimi oxuyuram. Çox vaxt da üzündən. Tədbirə çağırılanda əzbərləyirəm.

- Pyes çox oxuyarsız...

- Təbii... Bizdə ən çox sevdiyim “Ölülər” pyesidir. Bu, pyesin teatr üçün işlənmiş versiyalarından isə, Tofiq Kazımovun versiyasını çox bəyənmişəm. Mirzə Ələkbər Sabirin şeirlərindən əlavələr eləyib...

- Siz İsgəndəri oynamısız...

- Bəli. Elə Tofiq Kazımovun interpretasiyasını oynamışıq. Mərahim Fərzəlibəyovun quruluşunda.

- Sevdiyiniz roman hansıdır?

- “Qətl günü”.

- Günün hansı hissəsi mütaliə edirsiz?

- Gündəlik imkan düşən kimi oxuyuram. Amma etiraf edim ki, vaxtım çox az olur.

- “Azdrama”da vay-fay var?

- Var.

- Teatr adamlarının mütaliəsi sizi qane edirmi?

- Ədəbiyyat adamları qədər oxumurlar təbii ki... Onların əsas işi deyil mütaliə. Amma hər kəs özü üçün oxuyur. Şəxsən mənə qalsa, çalışıram ki, işimlə bağlı kitablar oxuyum. Rejissor və aktyor sənəti haqda, səhnə haqda və s.

- Anladım. Teatrla ədəbiyyatın əlaqələri zəifləyib xeyli. Sizcə?

- Məncə də zəifləyib. Yazarlar teatra az gəlirlər, aktyor-rejissorlar ədəbi mühiti yaxından izləmirlər. Belə olmamalıdır.

- Axırıncı nə vaxt kitab almısız?

- Burdan da alıram, Rusiyadan, Türkiyədən, hətta İrandan sifarişlər də edirəm. Amma, yenə deyirəm, bunlar daha çox öz sənətimlə bağlı kitablardır.

- Kitabxanada nə vaxt olmusuz?

- Yadımda deyil... Teatrın kitabxanasında oluram tez-tez. Qəzet və jurnallar da gəlir ora.

- Kitab hədiyyə edirsiz?

- Yox. Mənə edirlər və məmnuniyyətlə qəbul edirəm.

- Cəmiyyətimizdə kitaba maraq sizi qane edir?

- Yox. Sovet vaxtı ilə müqayisə edə bilmərik. Mağazalar azalıb. Məsələn, Qız qalasının yanında biri vardı... O qədər kitab almışam ordan. Yəqin ki, bağlanıb indi.

- Elman daydan... Yox bağlanmayıb...

- Lap yaxşı. Maraqlı adamdı. Sumqayıtda avtovağzalının yanında bir yaxşı kitab mağazası var.

- Xan Rəsuloğlu...

- Hə... Eynəkli...

- Kitabla bağlı arzularınız...

- Kitabı sevsinlər və oxusunlar. Bir də istəyərdim kitablarımızın poliqrafiyasına və dizaynına fikir versinlər. Nə qədər əlini çənəsinə qoyub dağın-dərənin fonunda şəkil çəkdirən şairlər görəcəyik? Baxsınlar Türkiyədə, Rusiyada çıxan kitablara... Mən dəb-dəbədən danışmıram, sadəlikdən və zövqdən danışıram. Bizim kitabların bir çoxunun bayağılığını üz qabığından hiss edirəm. Hətta dizayn kitabın mahiyyətinə uyğun gəlməsə belə gözəl olmalıdır.

Lent.az





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR