Sumqayıtda hava

Manşet / Cəmiyyət

Böyük açılışdakı sirli mesajlar - FOTOLAR, VİDEO


 
Çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an - Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının Açılış Mərasimi baş tutdu. Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.
Azərbaycanın paytaxtında keçirilən ilk Avropa Oyunlarının Açılış mərasimi öz möhtəşəmliyi və vəd edilən sürprizləri ilə dünyanı valeh etdi. Etiraf edirəm, o mənzərələri sözlərlə ifadə etməkdə acizəm, amma bacardığım qədər, sözün, kəlmələrin mənə imkan verdiyi qədər o möhtəşəm görüntüləri çatdırmağa çalışacam. 
Açılışın ən maraqlı hissəsi isə səhnənin parçlanaraq dağa çevrilməsi, səhnədə gölün, göyçəmənliyin yaranması və səhnədəki çatlarda od vasitəsilə insan obrazının yaranması idi. Allahın torpaqdan yaratdığı o insan Odlar yurdunun övladı idi...
Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı.

Mərkəzdə quraşdırılmış səhnə gah alovlara bürünürdü, gah yaşıllığa boyanırdı. Saniyə-saniyə dəyişən səhnəni izləyərkən insan özünü sanki möcüzəli bir dünyaya düşdüyünü zənn edirdi. Hətta bəzən tamaşaçının gördüklərimizdən şoka düşdüyü anlar olurdu. 
Əminliklə və fəxarətlə deyə bilərik ki, dünya hələ belə şou görməmişdi. Bakı Olimpiya Stadionuna toplaşan və bütün dünyada mərasimi efirdən izləyən tamaşaçılar bu möhtəşəm şounun sehrinə düşmüşdü.
 
 
Aparıcılar Murad Dadaşov və Hüsniyyə Məhərrəmovanın idarə etdiyi tədbir 2 dildə - azərbaycan və ingilis dilində rəsmi salamlama ilə başladı. Belə bir tarixi hadisəni canlı izləyən on minlərlə tamaşaçı bu salamlaşmanın coşğu ilə qarşıladı. 
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçının gur alqışlarından sonra stadiona bir anlıq sükut çökdü. Bu sükutu Azərbaycanın dünya şöhrətli xanəndəsi Alim Qasımovun əsrarəngiz muğam ifası pozdu. 
Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Tamaşaçıların qoşulduğu bu sayım Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi. Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi daha yüksəlirdi və bu tamaşaçıların səsinin də zilə qalxması ilə müşayiət olunurdu. 
Stadion gur işığa qərq olur və səhnəyə 1000 nəfərə yaxın rəqqasə axışır. Bunun ardınca möhtəşəm görüntülər ortaya çıxdı. Minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtdü. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan hazırlanmışdı. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənmişdi. 
Rəqqasələr üst-üstə geyindikləri müxtəlif rəngli uzun ətəkləri Azərbaycanın dunyada məşhur xalılarındakı naxışlarını yaratdılar. 
Rəqqasələrin ətəklərinin son yellənişində isə üçrəngli Azərbaycan bayrağının görüntüsü meydana gəldi. Bu olduqca fövqəladə görüntü idi. 
Azərbaycanın dövlət himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirildi. Hər kəs bir nəfər kimi ayağa qalxdı və himni oxumağa başladı. 
Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazıldı.
Hələ heç kimin şahidi olmadığı qeyri-adi şou mərasimi Avropa Oyunlarının sonuncu məşəldarı - iki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyevin məşəli stadiona gətirməsi ilə başladı. Son məşəldar Jan Sibeliusun "5-ci Simfoniya”sının sədaları altında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyevlə yanaşı addımlayırdı. 
Onlar mərkəzə doğru hərəkət etdikcə ayaqlarının altında cadar-cadar olan torpaq görünürdü. Zəkiyev məşəldəki odu cadar-cadar olmuş torpağın altına ötürdü. Bu Odlar yurdu Azərbaycanın torpaqları altındakı təbii sərvətimiz qara qızıla işarə idi. 
Qarabağ müharibəsində iki gözünü itirmiş qazinin Olimpiya məşəlini alovlandırması isə dünyaya və müəyyən qüvvələrə ciddi bir məsaj idi. 
Stadiondakı böyük tərəzinin bir gözündə qadın, digər gözündə kişinin yer alması isə Azərbaycanda qadın-kişi bərabərliyinin mövcud olmasına işarə idi. 
Bundan sonra təqdim olunan möhtəşəm Nizami kompozisiyası sanki nağıllar aləminə bir səyahət idi. 

Oyunların simvolu olan Nar mərkəzə gətirilib. Narın içindən bərəkət rəmzi olan nar dənələri (şarlar) uçuruldu. 

Birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrin nümayəndələrinin əllərində bayraq meydana gəlişi stadionu daha da coşdurdu. Qonaqpərvər xalq olduğumuzu burada da göstərdik; heç bir təlimat almadan, kimsənin göstərişi olmadan qonaqları sevgi dolu coşğu ilə qarşlladıq. Düzdür, ermənilərin gəlişinə sevinmədik, amma digər bütün ölkələrin gəlişinin bizim üçün bayram olduğunu öz reaksiyamızla göstərdik. 

Türkiyə idmançıları meydana daxil olarkən isə başqa bir coşğu yarandı. Ayağa qalxıb "Türkiyə" qışqıran tamaşaçılar böyük Türk övladının böyüklüyünü göstərirdi. Olimpiya Stadionunda sanki Ulu Türkü salamlayırdı... 
Azərbaycan idmançılarının gəlişi başqa bir abu-hava yaratdı. Fəxrdən, qürurdan ürəyi dağa dönən azərbaycanlı tamaşaçılar oğullarımızı sevgiylə salamladı.

Dünya şöhrətli müğənni Ledi Qaqanın ifası tamaşaçılar üçün əsl sürpriz oldu. Onun piano arxasında əyləşərək oxuduğu "Imagine” ("Xəyal et”) mahnısı dəfələrlə alqışlandı.

Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva Avropanı 2 dildə salamladı. Açılışı canlı işləyən tamaşaçılar birinci xanımın çıxışını alqışlarla qarşıladı.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki salamlama çıxışında dəfələrlə azərbaycan dilində "Çox sağ ol" deməsi çox şeydən xəbər verirdi. O, Avropa Azərbaycana təşəkkür edirdi!
Ermənilərin özünküləşdirməyə cəhd etdiyi qədim musiqi alətimiz balabanla "Sarı gəlin"in ifası isə xüsusi məna daşıyırdı. Xarici telekanalların şərhçiləri mahnının Azərbaycan musiqisinin nümunəsi olmasını deməsi çox şeydən xəbər verirdi. 
Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşmişdilər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Monako Şahzadəsi II Albert, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri vardı.
Stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirildi. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kristina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətirdilər.
Stadionda Uilyam Uoltonun "İmperiya tacı” marşı səsləndi. AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldıldı.
Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı göründü. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetinin təsviri idi. Bəli, dünən kainatdakı bütün ulduzlar Bakı səmasında parlayırdı. 
Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi Şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun buğanın belindəki təsviri qitənin rəmzidir.
Avropa və buğanın Olimpiya Stadionunun üzərində uçması I Avropa Oyunlarının rəsmi açılışını ifadə edirdi.
Təntənəli mərasim Natiq Ritm Qrupunun performansının ardınca "Yallı” və atəşfəşanlıqla başa çatdı. 
"Baku-2015”in açılış mərasiminin tam videosunu təqdim edirik:
 
 
















ANS PRESS





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR