Cəmiyyət

Sumqayıt Elektrik Şəbəkəsinin İdarə Heyətinin keçmiş sədri həbs edilib

Rusiya, Qazaxıstan, ABŞ və digər ölkələrin iri müəssisələri üçün də məhsul istehsal edən "Mingəçevir ”İzolit" niyə borc içində batırmış?
Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı başlanan "Oliqarxqeyt işi”ndə yeni həbslər başlayıb. Belə ki, Beynəlxalq Bankdan 30 milyon dollar kredit götürən "Mingəçevir ”İzolit" ASC-nin rəhbəri Mehman Mehdiyev ötən həftə həbs olunub. 
İş adamının vəkili Adəm Məmmədov deyib ki, M.Mehdiyev Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub:
"Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılır. O, böyük məbləğdə, təxminən 30 milyon ABŞ dolları kredit götürüb. 17 milyon ABŞ dollarının ödənişini artıq həyata keçirib. 12 milyon 7 min ABŞ dolları məbləğində kredit borcu qalıb. Təminat kimi o, səhmdar cəmiyyətin binasını, 15 hektar torpaq sahəsi və müəssisənin fəaliyyəti ilə bağlı avadanlıqları girov qoyub. Hansı ki, o avadanlıqlar xarici ölkələrdən gətirilib və qiyməti çox bahadır”.
A.Məmmədov qeyd edir ki, M.Mehdiyev özünü təqsirli hesab etmir: 
"Çünki başqalarından fərqli olaraq girovu var. Müəssisənin 20 milyon dollar civarında qiyməti var”.
Vəkil qeyd edir ki, hazırda M.Mehdiyevin səhhətində ağır problemlər yaranıb. M.Mehdiyev əvvəllər enerji sahəsində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsinin İdarə Heyətinin sədri olub.
Məlumata görə, 1963-cü ildən başlayaraq məhsul istehsal edən və 16 hektar ərazisi olan "İzolit” ASC-nin əvvəllər 1000-ə yaxın işçi olub. Uzun illər fəaliyyətsiz qalan və yalnız 2007-ci ildə tam özəlləşdirilərək yenidən məhsul istehsalına başlayan zavod əsaslı şəkildə yenidən qurulub. 
Dövlət Əmlak Komitəsi "Mingəçevir İzolit” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsini 2007-ci ildə başa çatdırıb. Müsabiqənin yekunlarına görə, qalib Mehman Mehdiyevə aid olduğu deyilən "Alfa-layn” MMC olub. "Mingəçevir İzolit” ASC "Azərelektroizolit” zavodunun bazasında yaradılıb.
Özəlləşdirmə zamanı sərmayədarın qarşısına investisiya proqramını təqdim etmək şərti qoyulub. Bu proqramda keyfiyyətli elektrik izolyasiya materiallarının, şüşə-plastik məmulatların və digər kimyəvi məhsulların istehsalı üzrə qabaqcıl texnologiyaların tətbiqi, həmçinin, buraxılan məhsul çeşidinin genişləndirilməsi, müasir keyfiyyət standartlarına uyğunluğu, yeni iş yerlərinin açılması və əməkdaşların sosial təminatının yaxşılaşdırılması ilə bağlı məsələlər öz əksini tapmalı idi. Şirkətin hazırladığı proqramda qeyd olunurdu ki, bir il ərzində müəssisəyə 701 min AZN məbləğində sərmayə qoyulacaq. Bu vəsait mövcud istehsalın genişləndirilməsi və bərpasına, avadanlıq və mexanizmlərin müasir standartlara uyğunlaşdırılmasına yönəldiləcək. Həmçinin yeni sınaq laboratoriyasının da inşası nəzərdə tutulurdu.
"Alfa-layn” ilə imzalanmış sazişə əsasən, MMC 60 təqvim günü ərzində dövlət büdcəsinə 200 min AZN köçürüb və 90 təqvim günü ərzində 15 min özəlləşdirmə çeki təqdim edib.
Xəbərlərdə deyilir ki, "Mingəçevir İzolit” tam gücü ilə işlədikdə 30 milyon manatlıq məhsul istehsal etmək imkanı var. Müəssisəyə xammal əsasən Rusiya, Ukrayna və Səudiyyə Ərəbistanından gətirilir. Müəssisədə şüşə-plastikdən müxtəlif ölçülü ümumi təyinatlı borular, elektrotexnikada istifadə edilən xüsusi təyinatlı borular və silindirlər, güc transformatorları üçün izolyatorlar, neft-qaz quyularının qazılmasında və istismarında istifadə olunan borular və digər məhsullar buraxılır. Müəssisə Rusiya, Qazaxıstan, ABŞ və digər ölkələrin iri müəssisələri üçün də məhsul istehsal edib.
Prezident İlham Əliyev 2009-cu ildə ASC-də olub və regionlarda bu cür müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Vəkil müəssisənin 20 milyon dollar civarında qiyməti olduğu və xarici ölkələrdən gətirilmiş bahalı avadanlıqları olduğu ilə bağlı dediklərinə gəlincə, məlumata görə, iqtidar "borc əvəzinə mal prinsipini” qəbul etmir. Bu səbəbdən də M.Mehdiyevin müəssisəni və bahalı avadanlıqları girov qoyaraq azadlığa buraxılacağı ağlabatan deyil. 
Yeri gəlmişkən, Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulması barədə xəbərlərə DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib. E.Zahidov deyib ki, 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulması reallığı əks etdirmir: 
"Banka borcu olanların əksəriyyəti DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmadan öz borclarını ödəyiblər. Ölkədən çıxışına məhdudiyyət qoyulmuş borcluların da artıq 50-55 faizi götürdükləri krediti ödədiyindən, qanuni olaraq barələrində tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb”.
Aznews.az

 

 





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR