İqtisadiyyat

Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub

Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 29-da - Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak ediblər.

2009-cu il dekabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Neft Fondunun yeni inzibati binasının təməli qoyulub. Ötən müddətdə ən müasir standartlar səviyyəsində aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb.

Qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir. Dövlət Neft Fondunun yeni binası “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Bunlar Şirvan, Təbriz, Gəncə, Naxçıvan, Qarabağ, Quba, İrəvan, Bakı və Qazax xalçaçılıq məktəbləridir. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir. Birinci mərtəbədə dizayn Şirvan və Təbriz xalçaçılıq məktəblərinin elementlərinə əsaslanır. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.

Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli qoyulub. Bir sıra dövlət mükafatları laureatı, xalq rəssamı Tahir Salahovun rəhbərlik etdiyi layihə əsasında hazırlanan heykəl xalq rəssamı, professor, heykəltəraş Natiq Əliyev tərəfindən yaradılıb. Birinci mərtəbədə yerləşən gözləmə və istirahət sahələrindən ibarət olan “Petroleum lounge” daxili pilləkənlər vasitəsilə kitabxana ilə əlaqələndirilib. Şirvan xalçaçılıq məktəbinə xas naxışlar “qış bağı”, “Petroleum lounge” və lift lobbilərinin dizaynında geniş yer alıb. “Qış bağı”nın dekorasiyası üçün Şirvan xalçaçılıq məktəbinə aid Qobustan xalçasının motivlərindən istifadə olunub. Birinci mərtəbənin yarımmərtəbəsi Gəncə xalçaçılıq məktəbinin elementləri ilə işlənib. Kitabxana burada yerləşir. Kitabxanada ulu öndər Heydər Əliyevin neft strategiyası, müstəqillik illərində ölkəmizdə, o cümlədən regionlarda həyata keçirilən kompleks yenidənqurma tədbirləri, Azərbaycanın ötən illərdə keçdiyi şərəfli inkişaf yolundan bəhs edən kitablar yer alıb. Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb.

Muzeydə Azərbaycanın neft tarixi və ümummilli lider Heydər Əliyevin neft strategiyası geniş əksini tapıb. Artıq Fondun Türkiyə, ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, ümumilikdə 79 ölkədə investisiyaları var. Əsas prinsiplərindən birini şəffaflıq təşkil edən Dövlət Neft Fondunun layiq görüldüyü “BMT-nin Dövlət Qulluğu” və digər mükafatlar da muzeyin ekspozisiyasında yer alıb. Xatırladaq ki, Fond Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən ilk dövlət qurumudur.

Yeni binadakı akt salonu 200 nəfərlikdir. 150 nəfərlik yeməkxana da müasirliyi və orijinal dizaynı ilə diqqəti cəlb edir. Konfrans salonunda 40 nəfərin iştirakı ilə müvafiq tədbirlər keçirmək mümkün olacaq. Bütün otaqlar və zallar ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunub. Burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb.

Binada informasiya texnologiyalarının normal işini təmin etmək məqsədilə müasir “Data Center” yaradılıb. Həmin mərkəz hesabına fasiləsiz, etibarlı e-mail, İP telefoniya, simsiz şəbəkə, audio-video telekonfrans, İPTV, videomüşahidə, mərkəzləşdirilmiş anten və müvafiq proqram sistemləri təmin olunub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın dizaynında Naxçıvan xalçaçılıq məktəbinin motivlərindən istifadə olunan 22-ci mərtəbəsindən paytaxtın mənzərəsini seyr etmişlər.

Yeni inzibati binada milli mənəvi dəyərlərin, o cümlədən Azərbaycanın mükəmməl xalçaçılıq sənəti ilə yanaşı, klassik musiqisinin geniş təbliği də diqqət mərkəzində saxlanılır.

Burada Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi quraşdırılıb. İnsan müdaxiləsinin minimuma endirildiyi həmin sistemdə inzibati binanın texniki, təhlükəsizlik və informasiya texnologiyaları məsələləri mərkəzləşib. Binanın havalandırılması da müasir BMS proqramı vasitəsilə həyata keçirilir. Ekoloji məsələlər də xüsusi diqqət mərkəzində saxlandığından bura yaşıl bina standartlarına cavab verir.

Binada alternativ enerjidən istifadə məqsədilə ərazidə günəş panelləri quraşdırılıb.
Binanın zirzəmi hissəsində ən müasir standartlara cavab verən yeraltı avtomobil dayanacağı da inşa olunub.
Burada Fondun mütəxəssislərinin hərtərəfli fəaliyyəti və strateji ehtiyatların səmərəli idarə edilməsi üçün maksimum şərait yaradılıb.

Yaranmasının 15 illiyini qeyd edən Dövlət Neft Fondunda əgər 2001-ci ildə 270 milyon dollar məbləğində vəsait var idisə, hazırda bu məbləğ 37 milyard dolları üstələyir. Ötən dövrdə Neft Fondunun vəsaitlərinin idarə edilməsi sahəsindəki fəaliyyətində bir sıra yeniliklər tətbiq edilib. Fondun portfelində səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni investisiya alətləri geniş yer alıb.

Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub

Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub

Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub

Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR