Manşet / Cəmiyyət
ŞAİRANƏ İBADƏT - Rafiq Odayı oxurkən düşündüklərim
Qartalı zirvədən vurub düşürmək, zirvəni zirvədən düşürmək deyil... Günümüz elə günə gəlib mehman olub ki, şeytanın katibi olan nəfis ürəyimizə, qəlbimizə dörd fəsli də payız donunda göstərməyə çalışır. İçindən keçib gəldiyimiz, ala bilmədiyini satma dövranı artıq dündən çox-çox o yana olan "mərdanəlik məzarlığına” dəfn edilməkdədir. Haqqa heyranlıq duyğusunun ili çıxıb, insanın özünə olan sevgisi, ədəb-ərkan öləziyir. İçimdə bir sual, bir hayqırışın səsi günü-gündən yüksəlir. Axı hara gedir bu dünya? Cavab axtarıram, köməyimə çağımızın dərd-sərinə dilmanclıq edən dərviş şair Rafiq Odayın "Qərib ruhların nəğməsi” çatır...
Sahibi var bu mizanın,
Onun rizasın qazanın.
Haqqın yolunu azanın,
Harayına "Quran” gəlir.
Burdan bu yana qərib ruhların nəğməsinə qol qaldırıb səma yapacam... Qoşulmaq istəyən varsa buyursun. Deyirlər əsl ibadət Allahı sevməkdir, ən azından unutmamaqdı. Bizlər buna nə qədər nail oluruq görən? Bəlli deyil faiz dərəcəsi. Amma deyim ki, demədi deməsinlər, bu faiz qara qan gələnə qədərdi:
Bu örkən uzun örkəndi,
Durum, dolanım bu kəndi.
Gözümün yaşı tükəndi,
Yerindən qara qan gəldi.
İnsanlığın, duyğunun Kəbəsi olan könlümüzdə iblisə yer veririk çox zaman... Unutmayaq, insanın dünyayla təmasının ortağı olan gözün nuru, rişəsini könüldən alır... İbadətin hədiyyəsi olan könül hüzuru daha könüllərin qapısını döymür. Bəlkə də tövbə etməyin zamanı, zamanımızın ta yanındadı, bəlkə də gec qalmışıq. Bəlkə buna görədir ki:
Qəm nədən can atır həp bizə doğru?
Bir də haçan gələr təb bizə doğru?
Yönümü çevirin Təbrizə doğru,
Çağırın qəbrimi qazanı gəlsin, - deyib yaxasını qələmimdən çərtmək istəyir Rafiq Odayın qərib ruhu... Ay hay... Yolçuluq hələ təzə başlayıb, qardaş... Gəl bir az bərabər yürüyək.
...Vicdanımız yaralı quşa bənzəyir, hey çırpınır övladını itirmiş şəhid anası kimi özünə yer tapa bilmir. Bəlkə də lap indicə zamanıdı tövbənin.
Fəqət deyirlər ki, tövbə atı ürkək olar. Bir az səmimi olmaq gərəkir... Olaq... Tələ qurmaq, şər atmaq şeytan inancına müridlik etməkdən başqa bir şey deyil. Sənin şeir bağçana daş atan bilsə ki, o daş orda ruhən huzur bulacaq qıyıb atmaz. Qıyımsız daşa belə huzuru qıymır.
...Mənə görə dəyərin dəyəri bədəldi. Onda ey yol kəsənlər, siz yol kəsmirsiniz, yolçunu kəsirsiniz ki, vaxt,bivaxt bədəlini ödəyəcəksiniz.
Alnımıza yazılanlar baxdan gələndi,
Günahımız, savabımız
haqdan gələndi.
Çox nahaqqın döngəsində
haqq döngələndi,
Haqq oğluna haqq danışmaq
yasaqdı gördüm.
Onu da demək gərəkir ki, bu dərviş şairin yolu çox ucalardan keçdiyi üçün hər atılan şər ona yetişmir.
...Unudulmamalıdır ki, səbəb nəticədən hər zaman öndür, ona görə də etmədən düşünmənin gərəkməsi gərəkir...
...Sərxoş cinayət işləyir, sonra da günahını yüngülləşdirmək üçün özümdə deyildim deyir. Amma bu bir həqiqətdir ki, özündə olmamaq öz-özünə gəlmir ki, onu sən seçib, sən çağırırsan, o da sözünü yerə salmayıb gəlir. Şair bağçasına daş atanda elə daş at ki, dönüşdə başını yarmasın.
...Rafiq Odayın poeziyası ilə üz-üzə, göz-gözə baxanda gah onun mənə yazığı gəlir, gah da mənim ona. Çünki dilimi qabar edən bir ricamı yerinə gətirmir. Deyirəm ki, axtardığını tapacağın yerdə axtar, ay bu dünyanın qərib şairinin bakirə şeiri... Axı niyə, nədən, nə üçün.
Yaşasam da düz ömrümü,
Çox ömrümü, az ömrümü.
Öz əlimlə öz ömrümü –
Beləcə daşa tutmuşam.
Dəyərmi? Yetməzmi?
...Dünya ölüm-itim dünyasıdı. Dünya ölüm dünyası olsa da, itim dünyası deyil, çünki ölüm sadəcə son görüşə yolçuluqdu. Bu da ulu bir gerçəklikdir ki, elə ölümlə həyat bir-birinin tərsidir. Bir halda ki, sən həyatın tərsində olanda sözün-əməlin səni ölümün uvandında tutacaqsa, demək ki, itim deyil. Sənin şeirlərin Rafiq Odayın içindən keçib gəlib. Dərdiylə, səriylə...
Ona görə də itməyə haqqı yoxdu.
Keşkə günümüz içində bizimlə bərabər nəfəs alan, mala-mülkə vurğunluq hissindən qəflətdə yatanlar mənim bu harayımı duyaydı... Axı hara gedir bu dünya? Yenə də hayıma Rafiq Odayın həzin-həzin oxuduğu qərib ruhların qəribə ağısı çatır.
Dünya sirdi, sirdaş deyil,
Bizlə bağrı-badaş deyil.
Ağaran saçdı, baş deyil –
Baş bizə neyləyib axı...
Nə yük var kotana düşür,
Bəlkə kəl utana – düşür.
Lənət daş atana düşür,
Daş bizə neyləyib axı.
Dərviş qardaşım sətiraltı demək istəyir ki, nafilə, çünki dünyasını nəfislər küllüyünə çevirənlərin sayı günü gündən çoxalır. Amma...
Mən haqqa aşiq biriyəm,
Haqqım yox susam, kiriyəm.
Açılmaz tanrı sirriyəm,
Məni özgə kim sevər ki...
Həqiqətən həqiqətdən o yana həqiqət yoxdu... Həqiqəti çılpaq göz önünə gətirəni kim sevər ki?! Soruşursansa deyim... Səni yerdə axtarmayanlar... özün deyirsən ki:
Qan deyiləm, çanağıyam,
Qan deyirəm, qan ağıyam.
Daha göylər qonağıyam,
Yerdə axtarmayın məni.
...Ac nəfis sahibini qul eylər, baxmayaraq ki, bu dünyanın sərmayəsi savabdır. İlahi hər kəsə çəkə biləcəyi çəkidə verir hər şeyi! Ömürü də, elə sözü də. Elə sənin dediyin kimi... Çünki:
Oldu ömrün yazı talan,
Yazıq satan, yazıq alan.
Nə ondan bir razı qalan,
Nə ondan bir narazı var...
...Ömrü zamanın əlində əsir olan şairlərin fəryadı çox zaman eşidilmir, çünki onların fəryadının nə dili olur, nə də ağzı.
Şair qardaş, şairlər bu dünyanın sirrini bildiklərindən könül sultanı da ola bilirlər. Onlar ədaləti dirildirlər. Onlar könül qatarına vaxtından öncə minib, vaxtı gəlmədən enən yolçuların qəm əfəndisidir.
Mənə görə bu qədər göllər, dənizlər şair könlünün yanğısından yaranıb.
...Rafiq Odayın poeziyasının istisində isinən məqamlarda mən çalışıram ölçülü-biçili söz söyləyim. Çünki ölçülü-biçili söylənən söz bütün sərhədləri aşır. Onun şeiriyyəti kimi. Bir dəfə mənə söyləmişdi ki, yalnız haqdan qorxuram... çünki haqdan qorxan adam qorxusuz olur.
Rafiq Odayın şeirlərində dürüstlük əsalətdir. Çünki bu şeirlərin vətəni onun könlüdü. O şeirlərində haqq üçün kəfən geydiyini dəfələrcə hayqırıb:
Başdı – yüz qada sovuşar,
Ya tutar, ya da sovuşar.
Haqq deyən haqqa qovuşar –
Geymişəm kəfən, dəliyəm.
Rafiq Oday poeziyası haqqında yazdığım yazılarda üç nöqtələrdən istifadə etməyimin iki səbəbi var. Birincisi ulusalçılıq, ikincisi zamanın fövqünə çıxma başarısı...
Onun ədəbiyyatında doğrunun rəngi rəngsizlikdir... Onun yaradıcılıq bağçasına payız gəlmir...
Onun yaradıcılığı ilə söhbət edəndə öz-özümə düşünürəm ki, axı nədən dərdə bu qədər üz verir. Bəlkə də dərdin vəfalı olduğunu bildiyindən, özü də bilə-bilə ki, qəm tutduğu yaxanı buraxmır.
Rafiq Oday yaradıcılığında "mənə nə”, "mənlik deyil” havasına qol qaldıran bircə misra yoxdu belə. Özü də bilə-bilə ki:
Qəm-kədərin bir adı da ələmdi,
Ələm tutan qollarımız qələmdi.
Qürrələnmə bağ belə, bostan belə,
Yaşadığın ömrün özü sələmdi.
Doğru söz doğrunun özüdür, çünki doğrunun alternativi olmur. Rafiq Oday şeirlərində qəmin nə qədər vəfalı olduğunu anlatdığı kimi, könül dilinin dilmancı, tərcümanı olan sevginamələrini də - əgər günəş olmasaydı, ay yerin günəşi olardı, gerçəkliyi ilə anlatmaqdan zövq duyur. Ona görə göz yaşı könül mehridi. Axar, axar, dərdi yıxıb, sevgini yuyar. Bu cümləni məqsədli söylədim, bu məram onun sevgi şeirlərinin leytmotivini təşkil etdiyindən ona görə sevgi elə sevgi adında bir dindi.
Əl götürmə məndən, aman,
Çəkilməz hər qəlbə daman.
Dərvişə sevdiyi – iman,
Dindi gözümün işığı.
Buludlar ağlayanda yaşıllıqlar güldüyü kimi, onun sevgi şeirləri də müsafir olduğu qəmli könüllərdə eşqin vəfasından və cəfasından söz edər. Mənə görə Rafiq Odayın sevgi şeirləri dan üzü sübh ayazına doğru yön tutan gözəlin gözlərindən yanağına axan şeh kimidi. Onlar ahını gözlərin ulduz saydığı yuxusuz gecələrə bağışlayıb sökülən dana ağlayır:
Qoşulub gecəyə gedəcək ahım,
Dağları, dağları didəcək ahım.
Günəşin üzünü örtəcək ahım,
Sökülə bilməyən dan ağlayacaq.
Rafiq Oday yaradıcılığının bir özəlliyi də ondan ibarətdir ki, o, istər humanitar-ictimai təfəkkürün məhsulu olan şeirlərində, istər sevgi şeirlərində sözü hər zaman zamandan ucada tutur. Onun sözünün köhnəliyinin təməlində təzəlik dayanır. Bəlkə buna görədir ki, hər kəsin hər kəsdən aldığı qafiyələr onun qələminin yadına düşmür. Rafiq Oday yaradıcılığına görə imanlıyla imansız bir qazanda bişsə belə qarışmaz. O yazı yazanda Yunus Əmrə ruhunu başı üzərində görür:
Eşq qonaqmış, sinəm otaq,
Qonaq çəkdi sinəmə dağ.
Ustad, bir dön sinəmə bax,
Gör salamat aharası var?
Ulu bir gerçəklikdir ki, ölüyə qalib gəlmək qəhrəmanlıq olmadığı kimi, eşq üçün daşqalaq olmaq da qorxaqlıq deyil.
Yığdı cana ələm məni,
Ömür adlı sələm məni.
Bu eşq üstə aləm məni
Daşqalaq eylər, bilirəm.
Rafiq Oday seirlərinin məskəni, ariflərin könlü olduğundan heç zaman vicdan tədavisinə ehtiyac duymadı. Bəlkə ona görə deyir ki:
Naşı əldə didiləsi yaram yox,
Sübhə kimi bir çimir də yuxum yox.
İnnən belə bu dünyada yoxam, yox,
Qalan canlı başdaşımdı, duydunmu?
Hər qələm adamının yazı yazan qələminin ucunda bir ürək olur. O ürək ki, ürəyindən keçənləri Rafiq Oday ruhunun süzgəcindən keçirmədən vərəqlərə səpələmir. Günahkar olmaqdan qorxduğu üçün. Ona görədir ki, hər qələmi əlinə alanda:
Ömür fani, yaşam yalan,
Sən quru, mən yaşam – yanan.
Sənsiz qara daşam, inan,
Ruhum, xoş gəldin, xoş gəldin! - deyir.
Rafiq Odayın sevgi şeirlərində ayrılıqla vüsalın ətri belə bir-birindən seçilir. Mənə görə Rafiq Odayın yaradıcılıq simfoniyasının adı eşq, dadı isə çox köhnə irfani təxəyyülün dadındadı...
...Çoxdandı ki, qəlbim və qələmim "sükut orucu” tutmuşdu. Şükürlər olsun ki, iftarını dərviş dostum rafiq Odayın şeirləri ilə açdı...
...İnsanların könlünü almaq, onlarla həmsöhbət olmaq, onların gördüyünü və yaza bilmədiklərini yazmaq elə şairanə ibadətdir. Mən də bu dəfəki ibadətimin qibləsini Rafiq Oday şeiriyyətinə tərəf tutub ibadət etdim. Qardaşyana, qərəzsiz, tərəfsiz, haqq etdiyi qədər, bacardığım qədər.
Şairanə ibadət etdi:
Xaqani Abbasəli Öztürk
şair, AYB-nin üzvü
"Yenisumqayit.az”
Bu bölmədə bənzər xəbərlər
- OXUCU QƏLBİNƏ ÜNVANLANAN POEZİYA - “Qərib ruhların nəğməsi”
- Şair Rafiq Odayın yeni kitabı işıq üzü gördü
- Sumqayıt şəhər Poeziya Evində gənc şairə ilə görüş keçirilib
- HƏYATIN YAŞAMA DÜSTURU... - Təvəkgül Məmmədovun ömür yolu haqqında düşüncələr
- "Yenisumqayit.az" TƏBRİK EDİR
- Rafiq ODAY: “Sevgilim dənizdədir...”
- Qızıldan qiymətli toqqa - Rüstəm Sadıqzadənin əziz xatirəsinə
- “Evim olsa ağlamazdım.” - Sumqayıtlı gənc şairin yaradıcılığından
- Sumqayıtlı gənc reper növbəti trekini təqdim etdi - VİDEO
- AMEA-nın Sumqayıtlı əməkdaşı onun barəsində yayılan xəbərləri təkzib etdi (MÜSAHİBƏ)
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Martın 26-da gözlənilən hava
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
- Sumqayıtda 40 yaşdan yuxarı təhsil işçiləri peyvənd olunur
- İstefaya göndərilən generala Sumqayıtda vəzifə verildi
Xəbər lenti
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır
- 10:31
Tahir Mirkişili şəhid zabitimizin ailəsini ziyarət edib
- 10:14
Sumqayıtda onlayn bilik yarışı keçirilib
- 10:03
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
- 09:59
Sumqayıtda körpə xəstəxanada ölüb