Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda 15 ailə yataqxanadan çıxarılır

Sumqayıtda 15 ailə yataqxanadan çıxarılır

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi, Gənclər küçəsində yerləşən 2 saylı yataqxanada yaşayanlar mənzillərindən çıxarılacaqlarını deyirlər.

APA TV-yə bu barədə məlumat verən sakinlər bildiriblər ki, illərdir bu yataqxanada yaşayıblar və mənzillər üçün müxtəlif məbləğlərdə Mənzil İstismar Sahəsinə pul ödəyiblər.

Onların sözlərinə görə, hazırda burda yaşayan 15 ailəyə 1 ay vaxt qoyulub:

- 6-7 ilə yaxındır ki, burada yaşayırıq. Yataqxana həyətində yaşayırıq.

Hərəmiz üç min, dörd min pul verib JEK-dən ev almışıq. 10 il, 15 il qalan var burda. Alan var, yaşayanlar var. Bizə deyiblər ki, sizi evlə təmin edəcəyik. İndi bizi veriblər məhkəməyə ki, şər atırlar bizə. Siz özbaşına girmisiniz, çıxın gedin ordan. Bizə bir ay vaxt qoyublar.

- 15 nəfəri çölə atırlar. Burda qaçqın-köçkünlər yaşayır bizimlə. Onlar olanda bizə dəymədilər. Onlar burdan gedəndən sonra bizi gözüm-çıxdıya saldılar. Gəlir deyir ki, çıxın. Bizə bildiriş gətirirlər. Gəlib bizdən rüşvət istəyirdilər ki, pul verin, sizi qeydiyyata salaq.

- Xəbərdarlıq gəlib ki, buranı boşaldın. Hara çıxaq gedək, yerimiz yoxdur. Qalan yerimiz yoxdur, heç bir yerimiz yoxdur ki, gedək yerləşək. İmkanımız yoxdur.

Sakinlər deyirlər ki, yataqxana qəzalı vəziyyətdədir və bununla bağlı müvafiq qurumlar da rəy verib.

Məsələ ilə bağlı Mənzil İstismar Sahəsinin münasibətini öyrənmək istədik. Qurumdan yataqxananın Müdafiə Nazirliyinin balansında olduğu bildirildi.

Müdafiə Nazirliyindən isə APATV-nin sorğusuna cavab olaraq bildirdilər ki, qəzalı mənzillərdən ailələrin çıxarılması ilə bağlı müvafiq məhkəmə orqanı tərəfindən qərar qəbul edilib və onun icrası aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir.

Nazirlikdən həmçinin qeyd olunub ki, göstərilən ünvanda yerləşən hərbi şəhərcikdəki mənzillərdə vaxtilə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələri Prezidentin müvafiq sərəncamı ilə yeni tikilən mənzillərə köçürülüb. Buna baxmayaraq, onlarla bərabər həmin ünvanda bu kateqoriyadan olan və Müdafiə Nazirliyi ilə əlaqəsi olmayan şəxslər qeydiyyatsız və qeyri-qanuni olaraq hələ də yaşayırlar. Uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşmüş taxta konstruksiya və tezalışan materiallardan inşa edilmiş "barak” tipli tikililərin istismar müddəti artıq çoxdan başa çatıb və orada məskunlaşan sakinlər üçün daimi təhlükə mənbəyinə çevrilib.

Bundan başqa, həmin ünvana baxış keçirilərkən ailələrin yüksək yanğın təhlükəli, eləcə də qəzalı vəziyyətdə yaşadıqları barədə müvafiq dövlət qurumları tərəfindən aktlar tərtib olunub. "Bu səbəbdən orada məskunlaşan şəxslərə həmin mənzilləri təhvil vermələri barədə nazirlik tərəfindən dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, ailələr hazırda da orada yaşamaqda davam edirlər. Buradakı ailələrə Müdafiə Nazirliyinin balansında olan digər hərbi şəhərcikdəki boş mənzillərə köçürülmələri ilə əlaqədar bir neçə dəfə müraciət olunsa da, onlar bu təklifdən də imtina ediblər” - deyə məlumatda qeyd olunub.

"Yenisumqayit.az"






Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR