Sumqayıtda hava

Manşet / Maraqlı

"Axırıcı aşırım"ın Abbasqulu bəyi haqqında bilmədiyimiz TARİXİ FAKTLAR

"Axırıcı aşırım"ın Abbasqulu bəyi haqqında bilmədiyimiz TARİXİ FAKTLAR

Barəsində söhbət açacağım bu şəxs Azərbaycanın tarixində iz qoymuş Qəhramanlardan biridir. Həmin dahi şəxsiyyətin adı Abbasqulu Bəy Şadlınskidir. Soyadından da görüldüyü kimi, qəhramanımızın soykökünün də məhz Şəddadilər nəslinin nüməyəndəsi İbn Şəddadın nəvəsi Binnət alı Sultanın adı ilə bağlıdır.

Binnət alı Sultanın Aslan Sultan və Fəti xan adında iki övladı olub.

Aslan Sultanın Hüseyn Sultan, Kəlbalı Sultan və Niftalı Sultan adında 3 övladı olub. Bunlardan Hüseyn Sultanın Bəşir bəy, Kəlbalı Sultanın Xanbaba bəy adlı övladları olub.

Öz növbəsində Bəşir bəyin Məşərrəf xanım, Şirin xanım, Heydər bəy, Abbasqulu bəy, Nəsrulla bəy və İbo bəy adlı övladları dünyaya gəlib.

Xanbaba bəyin isə Fərəc bəy, Bəhlul bəy, Abbasqulu bəy, Abdulla bəy və Əşrəf bəy adlı övladları dünyaya gəlmişdir.

Adını qeyd etdiyimiz qəhraman Abbasqulu Bəy Şadlınski də məhz Xanbaba bəyin övladı olmuşdur.

Abbasqulu Bəy Şadlınski 1886-cı il, fevral ayının 24-də İrəvan quberniyasının Böyük Vedi kəndində dünyaya göz açmışdır.

Uşaq yaşlarından atasını itirmiş, iki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir (Keçmişdə Şərq ölkələrində suvarma işlərinə nəzarət edən şəxs).

Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi.

Həmin dövrdə, yəni 1918-ci ildə İrəvan ərazisində ermənilər müsəlmanlar ərazilərinə hücum edir dinc əhaliyə divan tuturdu. İrəvan hadisələri o zaman Zaqafqaziya Seymində böyük hay-küylə qarşılandı və vəziyyəti yerində öyrənmək üçün İrəvana nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinin Seymə verdiyi hesabatda qeyd olunurdu ki, hələ mart ayına qədər İrəvan vilayətində yerləşən 211 türk kəndi erməni təcavüzünə məruz qalmış və həmin kəndlərin təxminən 100000 nəfər əhalisi demək olar ki, bütünlüklə məhv edilmişdir. Maraqlısı budur ki, bu kəndlərin sırasında Vedibasarın heç bir kəndinin adı yoxdur. Halbuki, bu ərazi İrəvandan cəmi 30-35 km-lik məsafədə yerləşirdi. Təbii ki, o zaman Vedibasarın özünümüdafiə qabiliyyəti əhalini yumruq kimi bir-birinə bağlamışdı. Eyni zamanda Abbasqulu Bəy Şadlınskinin də xidmətləri danılmaz olmuşdur bu ərazinin müdafiəsində. Vedibasarın xüsusi müqavimət dəstələri olub ki, həmin dəstələrə də məhz Abbasqulu Bəy Şadlınski başçılıq edirdi.

Naxçıvanı Ermənistana birləşdirməyə çalışan ermənilər üçün Vedibasar maneə idi. Bunun üçün isə Vedibasar tərksilah olunmalı və Ermənistana birləşdirilməli idi. Bu zamanlarda Naxçıvan Milli Şurası da Vedibasarın öz tərkibinə qatılmasında maraqlı idi. Bundan sonra tərəflər İrəvanda müşavirəyə toplaşdılar. Müşavirədə heç bir razılaşma baş tutmur və Abbasqulu Bəy Şadlınski həbs edilir. Daha sonra isə iki nəfər silahdaşı sayəsində planlı şəkildə həbsdən qaça bilir. Ermənilərin VedibasarA mütləq şəkildə hücum edəcəyini bilən Abbasqulu bəy təcili olaraq müdafiənin təşkilinə başlayır.

1918-ci il may ayının 18-də Qərargahda iclas zamanı Nəcəfqulu adlı bir şəxs içəri daxil olur və Milli İdarənin komandiri Cahanbəxş bəyin məktubunu Abbasqulu bəyə çatdırır. Məktubda erməni quldur dəstələrinin Millidərə kəndlərinə basqın etdiyi yazılmışdı. "Burada erməni quldur dəstələri kəndlərə basqın edir, əhalinin mal-qarasını aparır, kəndi talan edirlər. Biz burada 30-40 nəfər atlı dəstəsi ermənilərə qarşı vuruşmaqdayıq".

Bundan sonra Abbasqulu bəy Şadlınski öz dəstələrinə Millidərə istiqamətində hərəkət etməyi əmr edir. Abbasqulu bəyin başçılıq etdiyi həmin atlı dəstələri Böyük Vedi ilə Millidərə kəndləri arasındakı əlaqəni kəsmək istəyən erməni dəstələrinin üstünə çıxır. Şiddətli döyüşlərdən sonra erməni daşnak qüvvələri davam gətirə bilməyib qaçmağa başlayır. Daha sonra Abbasqulu bəy və qüvvələri Cahanbəxş bəyin dəstəsinə köməyə çatırlar. Burda da ermənilər böyük itki verərək qaçırlar.

1918-ci il may ayının sonlarında ermənilərin Böyük Vedi kəndinə birinci hücumu başlayır. Abbasqulu bəy də öz növbəsində kəndin bütün istiqamətlərində istehkamlar yerləşdirməyə başladı. Öz dəstələrini gecəyə qədər həmin istiqamətlərdə saxladı. Hava qaralana yaxın qüvvələrə Şorbulaq istiqamətində qəti hücuma keçmək əmrini verdi. Abbasqulu bəy özü isə öz hərbi dəstəsi ilə ermənilər üzərinə əks hücuma keçdi və erməni dəstələri burda da çarəni qaçmaqda tapdılar.

Bu hadisələrdən sonra qudurmuş erməni daşnak höküməti Abbasqulu bəy Şadlınski haqqında ölüm cəzası çıxardı.

Abbasqulu bəy yalnız Vedibasar kəndini deyil, eyni zamanda ətraf kəndlərin də köməyinə gedər, birgə döyüşərdi.

Naxçıvandan qovulub çıxarılan Andranikin qoşunları tez-tez ətraf kəndlərə hücumlar edir, əhalinin var-dövlətini talayırdılar.

1918-ci ilin ortalarında Türk hərbi dəstələri Andranikin quldur dəstələrinin qarşısını almaq üçün Noraşenə, ordan da Vedibasara daxil olur. Lakin burada çox qala bilmirlər. "Mudros" sülh müqaviləsinin şərtlərinə uyğun olaraq noyabr ayının sonlarında Vedibasarı tərk etməli olurlar.

Abbasqulu bəy öz dəstələrini yenidən səfərbər etdi.

Erməni daşnak dəstələri qırğınlarını davam etdirirdilər. Onları Böyük Vedidən gələn Abbasqulu bəyin başçılıq etdiyi hərbi dəstələr qarşıladı. Həmin döyüşdə də ermənilər böyük itki verərək ərazidən uzaqlaşmağa məcbur oldular.

1919-cu ilin mayında Böyük Vediyə həlledici hücum üçün Qəmərlidə çoxlu sayda canlı qüvvə və texnika toplanıldı. Bu zaman İngilislər tərəfindən danışıqlara dəvət olunan Abbasqulu bəy həbs edilərək İrəvana aparıldı. Daha sonra azadlığa çıxan kimi Vedibasara qayıdaraq kənd əhalisinə kütləvi şəkildə silahlanma göstərişi verdi.

İyul ayının 4-də bütün istiqamətlərdə Böyük Vedi ərazisinə erməni dəstələrinin sayca 3-cü hücumu başlandı. Həmin hücumlar zamanı çoxlu sayda canlı qüvvəsini itirən ermənilər bu dəfə də qaçaraq canlarını qurtardı.

Erməni quldur dəstələri iyulun 12-də Böyük Vedi üzərinə 4-cü dəfə hücuma keçdilər. Bu hücum da ermənilər üçün biabrçı məğlubiyyətlə yekunlaşdı.

1919-cu il noyabr ayının sonlarında ermənilərin Böyük Vediyə sayca 5-ci hücumu baş tutdu ki, bu dəfə də məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldılar.

1920-ci ildə çoxsaylı döyüşlərdən sonra sıraları seyrələn Böyük Vedi hər tərəfdən mühasirəyə alınaraq sıxışdırıldı.

Bununla belə Abbasqulu bəy və onun Qəhraman dəstələri ermənilərlə döyüşə-döyüşə mülki insanları tələfat vermədən Sədərək istiqamətində apardılar. Beləliklə Böyük Vedi uzun mübarizədən sonra süqut etdi!

Abbasqulu bəy mülki əhalini İrana keçirə bildi. Onlar Maku vilayətinin Ərəblər kəndinin ərazisində Sarısu adlanan yerdə köçlərini saldılar. Həmin köç yolu Xoydan Mərəndə qədər uzaırdı.

Nəriman Nərimanovun təkidi ilə XI Qızıl Orduya Naxçıvanı tutmaq əmri verilir. Az müddət sonra Bolşevik qoşunu Zəngəzurda daşnak qüvvələrini darmadağın edərək, Naxçıvan ərazisinə keçir və burda 1920-ci il iyulun 28-də Sovet hakimiyyəti elan edilir!

1920-ci il avqustunun axırlarında Bahadur Vəlibəyov 300 nəfərlik süvari qoşunla Naxçıvana fövqəladə komissar göndərilir. O, Naxçıvan və ətraf bölgə torpaqlarından daşnakların qovulub ərazidən çıxarılması üçün təcili tədbirlər görür. Bundan sonra isə Abbasqulu bəy Şadlınskinin yanına Mərəndə 3 nəfər nümayəndə heyyəti göndərilir və o Naxçıvana dəvət edilir.

Müəyyən şərtlərlə Abbasqulu bəy Şadlınski bu təklifi qəbul edir.

1920-ci il sentyabrın 17-də Abbasqulu bəy silahlı dəstəsi ilə Araz çayını keçərək Naxçıvana daxil olur. Tez bir zamanda Vedililərdən və Şərurlulardan ibarət "Qırmızı Tabor" yaradılır. Həmin tabor çoxlu sayda erməni daşnak dəstələrini məhv edir. Onlar apardıqları döyüşlərdə göstərdikləri böyük "Qəhramanlıq və rəşadətə" görə Abbasqulu bəy Şadlınski və Qırmızı Taborun 18 nəfər döyüşçüsü "Qırmızı bayraq" ordeninə layiq görülmüşdür.

 

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi. Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.

Abbasqulu bəy Şadlınskinin şərəfinə "Axırıncı Aşırım" kimi bir film çəkildi. 1986-cı ildə anadan olmasının 100 illiyi qeyd edildi.

Rusif Məmmədov,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

moderator.az





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR