Sumqayıtda hava

Manşet / Faydalı

Elvin Talışınski: "Əsas məsələ Ramazanı necə yaşamağımızdır."

Hər birimiz həyatımız boyunca bir çox Ramazan yaşayırıq. Ancaq əsas məsələ neçə Ramazan yaşamağımız deyil, onu necə yaşamağımızdır. Aylardan və günlərdən hamısı Allahındır, sadəcə günlərdən Cümənin, aylardan Ramazanın hikməti də, fəziləti də tamam başqadır. Ramazan ayı mənəviyyat baxımından olduqca zəngin bir aydır. Bu ay mövqeyimizi dəyişdirmək, etdiyimiz yaxşı işlərin sayını artırmaq, pisləri tərk etməyə çalışmaq, imanımızı gücləndirmək və ən nəhayətində Rəbbimizə yaxın olmaq üçün fürsət ayıdır.
Qurani-Kərimdə Rəbbimiz orucun bütün icma və xalqlar üçün vacib olduğunu buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə surəsi 183). Əgər bu ibadət o qədər də vacib deyildisə, insanlar onsuz qala bilərdilərsə və bunun üçün verilən mükafat olmadan keçinmək olardısa, Allah insanlara bütün zamanlarda oruc tutmağı əmr etməzdi.
Heç şübhəsiz, Ramazanın bir çox hikməti vardır. Oruc həm də insanla Allah arasında qalan bir sirrdir. Gün ərzində oruc tutan şəxs çox vaxt özü ilə tək qalır ki, bu da ona insanlardan gizli yemək və içmək imkanı verir. Lakin o bunu etmir, çünki Allahın daim onu seyr etdiyini dərk edir. Elə burada insanın düşüncələri, əsl niyyətlərinin səmimiyyəti üzə çıxır. Bu gözəl ayda oruc insana müəyyən əməllərdən çəkinməyi də öyrədir. Buna görə də bu ayda Allah oruc tutan şəxslərin mükafatını digər yaxşı əməllərdən fərqləndirir. Bu ay insanları bir-birinə yaxın, daha xeyirxah və mehriban edir. Bütün bu xüsusiyyətlər insan təbiətinin ən yüksək bəzəyi və günahlarının bağışlanmasının səbəblərindən biridir. Hər birimizdən həyatımızda kimsə nümunə götürür. Bu, övadlarımız, qohumlarımız və ya tanışlarımız ola bilər. Hətta bir gün İslamı qəbul edib ona uyğun yaşamağa başlayanlar da bizdən nümunə götürə bilərlər. Bu səbəbdən də bir müsəlman daim öz üzərində işləməlidir. Ramazan ayı da məhz özümüzü (imanımızı) möhkəmləndirməmiz üçün ən uyğun zamandır. Mübarək ayda mənəvi çatışmazlıqlarımızı aradan qaldırmaq üçün hər cür səy göstərməli və müvəffəq olacağımıza inanmalıyıq!
Bundan başqa insanlara qarşı həlim münasibətli, yardımsevər olmağımızla yanaşı, təbii ki, onlara daha çox təbəssüm göstərmək lazımdır. İslam dinində təbəssümə böyük önəm verilmiş, Hz. Peyğəmbərimiz (s) "Təbəssüm də sədəqədir", - deyə buyurmuşdur. Bu o deməkdir ki, yaxınlarımıza və ətrafımızdakılara belə gülümsəyərək, asanlıqla mükafat qazana bilərik. Təbəssüm həmçinin insanın əhval-ruhiyyəsinə də birbaşa müsbət təsir göstərir. Gülümsəyəndə əzələlərimiz rahatlaşır, qan axını yaxşılaşır və vücud oksigenlə təmin olunur. Bundan əlavə təbəssüm diafraqma əzələlərini inkişaf etdirir və ağciyər ventilyasiyasını artırır. Ramazan insana gülərüz olmaqla yanaşı, səbirli və təmkinli olmağı da öyrədir.
Unutmaq lazım deyil ki, bu ayda əsas məqam orucu Uca Allahın razılığını və bağışlanmasını qazanacaq şəkildə tutmaqdır. Bu, yalnız yemək və içməkdən çəkinmə dövrü deyil, həm də daxili təmizliyin bərqərar olunması, qəlbin və ruhun tərbiyəsidir. Pis əməllərdən çəkinməyi tələb edən İslam təliminin ən vacib prinsiplərini xatırlatmaq üçün ən uyğun vaxtdır.
Ramazan hər şeydən əvvəl ruhun təmizlənməsi, insana günah qazandıracaq hər şeydən təmizlənmədir. Bu baxımdan, əgər insan tövbə və dua ilə bu işə başlasa, oruc onu daha yaxşı mükəmməlləşdirə bilər. Qurani-Kərimdə buyurulduğu kimi "Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz." (Rəd surəsi 11). Yəni, Uca Tanrı özümüz də dəyişməyə başlamayanadək mövqeyimizi dəyişmir.
Bu ayın hikmətini və fəzilətini artıran bir məqam da nəinki müsəlmanlar, bütün bəşər övladı üçün göndərilən Qurani-Kərimin bu ayda nazil olmasıdır. Ramazan ayında oruc tutaraq ac qalmaq insandan çoxlu güc və dözüm tələb edir. Çoxları üçün bu, həqiqətən də böyük sınağa çevrilir. Lakin burada da əslində hikmət var. Oruc turtaraq gün ərzində aclıq və susuzluq yaşayan bir insan bu vəziyyəti bütün il boyu keçirən başqa insanların ağrısını hiss edir və bu ona daha mərhəmətli olmağı, Yaradanın verdiyi hər şeyə görə şükür etməyi öyrədir. Oruc bizə ehtiyacı olanların vəziyyətini daha da yaxşı başa düşmək imkanı verir ki, insanlara xüsusi yardım göstərək, mümkün qədər çox saleh işlər görək. Ramazan ayında mənfi düşüncələrdən, sözlərdən və əməllərdən, boş əyləncələrdən, pis vərdişlərdən çəkinmək lazımdır.
Bəli, Ramazan gözəl insani keyfiyyətləri göstərmək, mərhəmət sahibi olmaq, xeyirxahlıq, alicənablıq nümayiş etdirmək üçün ən yaxşı fürsətdir.
Elvin Talışınski
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı İslam Universitetinin ictimai fənlər kafedrasının müdiri 
"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR