Sumqayıtda hava

Cəmiyyət

Ağdərə 27 ildir ki işğal altındadır


Bu gün Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə 7 iyul 1993-cü ildə ermənilər tərəfindən zəbt edilib. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını dəfələrlə dəyişiblər. 1923-cu ildə Cerabert, 1930-cu ildə isə Mardakert kimi rəsmiləşdiriblər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə - Ağdərə adlandırılıb. Şəhər 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilib. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə isə şəhər statusu alıb.
Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, müharibənin başlanğıcında Ağdərə də erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən ordu birləşmələrindən birinə rəhbərlik edən qiyamçı polkovnik Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı üsyan edərək Bakıya doğru hücuma keçir. Məhz onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşulur. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və ətraf kəndləri yenidən işğal edir.
Qeyd edək ki, 2016-cı ilin aprelində Azərbaycanın Qarabağ bölgəsində son qanlı döyüşlərin əsas istiqamətlərindən biri keçmiş Ağdərə rayonunun ərazisi oldu. Silahlı Qüvvələrimiz Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri zamanı bu istiqamətdə Seysulan kəndini və Talış kəndinin ətrafındakı yüksəklikləri azad edib. Hazırda Ağdərənin Tərtərə aid kiçik bir hissəsi Azərbaycanın, Ağdərə şəhəri də daxil olmaqla ərazilərin çox hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.
Ağdərə daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları ilə zəngin olub. Şəhərin qədim memarlıq abidələri və körpüləri, müqəddəs ziyarətgahı olan Ulduztəpə piri, eləcə də Sərsəng su anbarı da düşmən tapdağındadır. Ermənistan və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejim ötən 27 il ərzində Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməllər həyata keçirir, ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə və vəhşicəsinə talan edilir. İşğal altında qalan Sərsəng su anbarının texniki təhlükəsizliyinin təmin olunması üçün zəruri diqqət ayırmır və bu da nəticə etibarilə, Tərtər çayı boyunca yerləşən çoxsaylı Azərbaycan yaşayış məntəqələri üçün təhlükə yaradır. Belə ki, Sərsəng su anbarı, onun üzərində olan su elektrik stansiyası Ermənistan tərəfindən ekoloji və humanitar terror obyektinə çevrilib. Ağdərə rayonunun təbii resursları Ermənistan tərəfindən vəhşicəsinə istismar olunmaqla bərabər, həmçinin Sərsəng su anbarı da ekoloji terror məqsədləri üçün istifadə edilir.
Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Bəndin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı, bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş həmin su anbarı bir vaxtlar Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlamasından əvvəl Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionu üçün əsas su təminatı idi. Anbar ermənilərin nəzarəti altında olduğu üçün işğalçılar onun vasitəsilə azərbaycanlılara bacardıqları qədər daha çox ziyan vurmağa çalışırlar. Belə ki, yaz-yay aylarında, təsərrüfatların suya daha çox ehtiyacı olduğu vaxtlarda ermənilər yuxarıda adları sadalanan rayonların ərazilərinə su buraxmırlar. Bu isə, təbii ki, öz mənfi təsirini göstərir. Payızın intensiv yağıntılar dövründə, qış mövsümündə və erkən yazda ermənilər Sərsəng su anbarından maksimal həcmdə su buraxırlar və bu, subasmalara, sahələrin, yolların yuyulub xarab olmasına gətirib çıxarır. Uzun illər ərzində bu vəziyyətin davam etməsi regionda bitki və yaşıllığın məhvinə səbəb olub. Ən pisi də odur ki, bütün bunlar torpağın bioloji strukturunda bərpası mümkün olmayan proseslərin baş verməsinə və ən nəhayət, ciddi ekoloji gərginliyə gətirib çıxarıb.
Ermənistanın təmizlənmədən birbaşa Tərtər çayına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində çayda və Sərsəng su anbarında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Suyun həddindən artıq kimyəvi zəhərlənməyə məruz qalması bu ərazidə yaşayan insanlarda dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayılmasına səbəb olur.
27 ildən artıq bir müddətdir tam baxımsızlıq üzündən Sərsəng su anbarının bəndi aşınmalara məruz qalıb, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda təhlükəli bir vəziyyət yaranıb: istənilən vaxt baş verə biləcək təbii hadisə və ya hər hansı bir təxribat bəndin dağılmasına gətirib çıxara bilər. İşğalçılıq siyasətini həyata keçirmək üçün ermənilər ekoloji terror vasitələrinə əl atıb, bununla da nəinki insanlığa qarşı, həm də təbiətə qarşı cinayətlər törədiblər. Onların Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət isə böyük humanitar böhranlardan biridir.
Sevinc Azadi, “İki sahil”





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR