Cəmiyyət

Sumqayıt Bələdiyyəsinin sədr müavini Azərbaycan çempionu olub (FOTOLAR)

Sumqayıt Bələdiyyəsinin sədr müavini Azərbaycan çempionu olub (FOTOLAR)


Bakının “Central” Park Hotelində şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatı sumqayıtlı şahmatçının – Sumqayıt Bələdiyyəsinin sədr müavini, beynəlxalq dərəsəli qrossmeyster Zeynəb Məmmədyarovanın inamlı qələbəsi ilə başa çatıb.

Respublikamızın 20 qadın şahmatçısının qələbə uğrunda mübarizə apardığı yarışda o, 9 oyundan 7 xal toplayaraq növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. Z.Məmmədyarova bu titulu ilk dəfə 2001-ci ildə qazanmış, 2007-ci ildə isə yenidən Azərbaycanın ən güclü şahmatçısı olmuşdu.

Rauf Hacılının baş hakim olduğu, İsveçrə sistemi üzrə keçirilən respublika çempionatında hər biri 6 xal toplamış gənc şahmatçılar Nərmin Kazımova 2-ci, Nərmin Məmmədova isə 3-cü yeri tutublar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov respublika çempionatının qaliblərini Azərbaycan Şahmat Federasiyası adından medallarla təltif edib, onlara turnirin mükafatlarını verib.

Yarışı uğurla başa vuraraq, 2015-ci ildə keçiriləcək Avropa Çempionatına vəsiqə qazanmış qalib üçlük həm də Azərbaycanın Gənclər və İdman Nazirliyinin xüsusi diplomları ilə təltif olunub.

Qeyd edək ki, Azərbaycan şahmat məktəbinin tanınmış qadın nümayəndəsi, Avropa və Dünya çempionu Z.Məmmədyarova Sumqayıtın məşhur şahmatçılar ailəsinin – Məmmədyarovlar ailəsinin üzvüdür. O, şahmatla hələ 10 yaşında ikən atası Həbib müəllimin rəhbərliyi ilə məşğul olmağa başlayıb, ilk dəfə 2000-ci ildə 18 yaşlı qızlar arasında İspaniyada keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək, yaşıdları arasında dünyanın ən güclü şahmatçısı olduğunu sübut edib. Həmin il eyni zamanda Beynəlxalq Şahmat Olimpiadasının gümüş medalına layiq görülmüşdür. 2002-ci ildə 20 yaşadək şahmatçı qızlar arasında keçirilən Avropa çempionatının qızıl medalını qazanmağa nail olmuş Z.Məmmədyarova daha sonra Beynəlxalq Şahmat Olimpiadasının qalibi kimi də diqqəti cəlb edib.

Məlum olduğu kimi, Zeynəbin qardaşı Şəhriyar və kiçik bacısı Türkan da beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar və bir çox beynəlxalq yarışların, turnirlərin qalibləridirlər.

Zeynəb Məmmədyarova hazırda Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli yığma komandasının kapitanıdır.

Sumqayıt Bələdiyyəsinin sədr müavini Azərbaycan çempionu olub (FOTOLAR)

(sumqayitxeber.com)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR