Sumqayıtda hava

Cəmiyyət

Ömrünü neft sənayemizin inkişafına həsr edən şəxsiyyət - FİKRƏT QƏHRƏMANOV


Dünya tarixinə neft hasilatının ilk mərkəzlərindən biri kimi daxil olmuş qədim Odlar Yurdu bütün dövrlərdə özünün istedadlı alimləri, bacarıqlı neftçiləri ilə tanınır. Belə neftçilərdən biri olan Fikrət Qəhrəmanov işlədiyi bütün sahələrdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, ona göstərilən etimada layiq olmuşdur. O, bütün bilik və bacarığını neft sənayesinin inkişafına, texnologiyanın təkmilləşdirilməsinə sərf etmişdir. Gərəkli fəaliyyəti, işə olan məsuliyyəti ilə fərqlənən F.Qəhrəmanov xalqına layiq övlad olmaqla, çalışdığı sahənin əsil mütəxəssisi kimi ad-san qazanmışdır.
Sevib, seçdiyi sənətinə ömrünün sonuna kimi sadiq qalan Fikrət Qəhrəmanov 1963-cü il aprelin 23-də Azərbaycanın füsunkar təbiəti ilə seçilən Cəbrayıl rayonunun Xələfli stansiyasında anadan olub. 1970-ci ildən Xələfli stansiyası 8-illik məktəbində təhsil alan gələcək neftçi 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirib. 1980-1985-ci illərdə L.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun Magistral neft-qaz kəmərlərinin, neft və qaz saxlanma bazalarının və nasos və kompressor stansiyalarının tikintisi fakultəsində təhsil alan Fikrət Qəhrəmanov mühəndis-mexanik ixtisasına yiyələnib.  Sonralar, yəni 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatının İdarə Edilməsi İnstitutunu bitirib.
F.Qəhrəmanov 1985-ci ildən Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsi Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu Qəza-bərpa məntəqəsində təmir üzrə çilingər, 1985-1986-cı illərdə Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsi Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Suraxanı Qəza-bərpa məntəqəsində təmir ustası, 1986-1987-ci illərdə Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsinin baş mexanik şöbəsində mühəndis-mexanik, 1987-1988-ci illərdə Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsinin Abşeron Rayon Neft Kəmərləri İdarəsində baş mexanik vəzifələrində çalışıb. 1988-2003-cü illərdə Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsinin (sonradan  Magistral Neft Kəmərləri İstehsalat Birliyi və daha sonra «Neft Kəmərləri» İdarəsi) Abşeron Rayon Neft Kəmərləri İdarəsində baş mühəndis işləyib.
2003-2004-cü illərdə «Azeko» Azərbaycan-Amerika birgə müəssisəsində neftlə çirklənmiş suların və torpağın təmizlənməsi sahəsi üzrə layihə rəhbəri, 2004-2008-ci illərdə İrlandiya Respublikasının  «Kentek (Kaspian) LTD» şirkətinin Bakı nümayəndəliyində «BP Şahdəniz TPC-500» layihəsi üzrə təchizat nəzarətçisi, təchizat işləri üzrə mütəxəssis  işləyib. F.Qəhrəmanov 2008-2013-cü illərdə Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin İxrac Kəmərləri Departamentinin rəisi olub. 2013-2017-ci illərdə SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb.
Azərbaycan, rus, ingilis dillərini mükəmməl bilən Fikrət Qəhrəmanov neft sənayesində xidmətlərinə görə  Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 sentyabr tarixli Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunub.
Fikrət Qəhrəmanov istehsalatda çalışmasına baxmayaraq həm də elmi fəaliyyətlə də məşğul olurdu. 1985-cı ildə Qubkin adına  Moskova Neft-Kimya və  Qaz Sənaye Univerisetetini bitirdikdən sonra istehsalatda çalışdığı zaman rastlaşdığı problemlərin həllini elmi üsullarla mümkünlüyünü irəli sürmüşdü. O, neft və neft məhsullarının nəqlində yaranan anomallıqların diaqnostik təhlillərini axın zamanı yaranan səs tezliklərlə müəyyən edilməsi ideyasını təklif etmişdi. Onun təklifi Sovetlər dövründə Rusiyanın və Azərbaycanın tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilmişdi. Azərbaycan Neft və Kimya İnstitutunun neftin və qazın nəqli və saxlanması kafedrasında, neft-qaz kəmərlərinin, bazalarının və ambarlarnın tikilməsi və istismarı ixtisasından elmlər namizədi alimlik dərəcəsi almaq üçün elmi işi təsdiqlənmişdi. Fikrət Qəhrəmanov həm də onlarla məqalənin həmmmüəllifi olmuşdu.
F.Qəhrəmanov «Nanoquruluşlu koordinasyon polimerlərin, ağır əmtəə neftlərinin  nəqlində boru kəmərlərində yaranan təbii kavitasiya zonalarının və yığım çənlərində əmələ gələn neft və neft məhsulları çöküntülərinin yuyulmasında tətbiqi» mövzusunda dissertasiya işini başa çatdırmışdı. 15 sentyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya işini müdafiyə etməli idi. Məlum xəstəlik onu bu istəyindən də ayırdı.
Yaşasaydı bu gün neftçilərin peşə bayramını digər neftçi həmkarları ilə birgə təntənə ilə qeyd edəcəkdi. Ömrünü 1985-ci ildən neft sənayesinə bağlayan Fikrət müəllim 20 sentyabr 2017-ci tarixində – Neft sənayesı işçilərinin peşə bayramı günündə vəfat edib.
Allah rəhmət eləsin!






Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR