Cəmiyyət

Güclü dövlət, güclü lider və onun tarix yazan qəhrəman gəncliyi!


“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.
İlham ƏLİYEV
Vətən müharibəsi düşünürəm ki, qaçılmaz idi. Çünki gec-tez inandığımız Haqq zəfər çalmalı idi. Bizim savaşımız haqq savaşı idi, mücadiləmizin əsas amalı işğaldakı vətən torpağı, qeyrət, namus, şərəf idi. Öz itirilmiş haqqımız uğrunda canından keçən qəhrəman qardaşlarımız ən böyük zirvə sayılan şəhidlik zirvəsini qət etmiş oldu. Sözsüz ki, hər döyüşdə həyatını itirənlər şəhid sayılmır- məsələn erməni əsgərləri. Bir daha vurğulayıram ki, bizim savaşımız itirilmiş haqq uğruna idi.
Ötən ilin senyabr ayında başlayıb 44 gün davam edən Vətən müharibəsi xalqımızı dəmir yumruq kimi birləşdirdi, böyüyündən kiçiyinə, ziyalısından fəhləsinə kimi hamı döyüşə səfərbər idi – kimisi ön cəbhədə, kimisi arxa cəbhədə. Döyüş mövqeyindən aslı olmayaraq hər kəs bu haqq işində səfərbər idi. Biz bir xalq olaraq bütünlüklə bu işin öhdəsindən layiqincə gəldik. Sözsüz ki, bu mənəvi birliyi təmin edən, xalqı ancaq və ancaq qələbəyə kökləyən, milli ideya və dəyərlərin formalaşmasına təsir göstərən qüvvə xalqın lideri-cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev idi. Cənab prezidentin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət ölkəmizin tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu müddət ərzində ölkəmizdə siyasi sabitliyin qorunması ilə yanaşı iqtisadiyyatın dinamik inkişafı, ordu quruculuğunun daha da təkmilləşməsi, yüksək ixtisaslı zabitlərin formalaşması Azərbaycanın dünyadakı nüfuzunun artmasına, mövqeyinin daha da güclənməsinə gətirib çıxarmışdır. Bu müddətdə beynəlxalq siyasi müstəvidə, istər regiondakı dövlətlərlə, istər güc sahibi olan digər nəhəng dövlətlərlə münasibətlər və bu iş birliyinin səmərəliliyi istiqamətində atılan addımlar sözsüz ki, dövlətimizin inkişafına və ən böyük problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllinə xidmət edirdi. Bəli, bu qələbə illərlə çəkilən əziyyətin, görülən hazırlıq işlərinin bəhrəsi idi.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 ildə 18 yaşlı elə gənclər yetişdi ki, onlar haralı olmalarından aslı olmayaraq Qarabağı müqəddəs bildilər, bu müqəddəs Vətən uğrunda gülə-gülə, hətta rəqs edə-edə qisas almağa, qorxmadan şəhid olmağa, qazi olmağa yollandılar. Yüksək vətənpərvərlik ruhunda böyüyən, milli-mənəvi dəyərlərin nə demək olduğunu dərk edən bu gəncliyi həmin ərəfələrdə ölkəmizin hər bölgəsində gördük. Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki bölmələrinin önündəki izdiham, döyüşə yollanmaq üçün göstərdiyi çabalar sadəcə möhtəşəm idi, qürurverici idi. Çünki gənclərin öz dövlətinə, onun liderinə olan güvəni sonsuz idi. Ali baş Komandan öz ordusuna, öz xalqına, xalq da ali Baş Komandanına arxayın idi. Cənab prezidentin istər yerli, istərsə də xarici telekanallara, mətbuata verdiyi qətiyyətli müsahibələr, bəzi jurnalistlərin ünvanladığı təxribat xarakterli suallara verdiyi tutarlı cavablar xalqı daha da ruhlandırırdı.
Xalqın ordusuna olan inamına, qələbə coşğusuna, eyni zamanda şəhidinə verdiyi dəyərə mən yaşadığım Sumqayıt şəhərində də şahid oldum. Sumqayıtlıların şəhidlərin dəfn mərasimində toplum olaraq iştirakı, şəhid atalarının qürurla səsləndirdiyi “Vətən sağ olsun” ifadəsinin səmimiliyi vətənpərvərliyin, böyüklüyün və öz liderinə olan etimadın təzahürü idi. Şəhidlər Xiyabanında yüzə yaxın şəhid dəfn edən sumqayıtlılar sarsılmadı, qorxmadı, bu gün də gənclərimiz ön xətdə hərbi xidmətlərini davam etməkdədirlər. Bu qorxmazlığın əsas səbəblərindən biri də cənab prezidentin şəhid ailələrini doğmaları kimi qəbul etməsi, Vətən Müharibəsi qaziləri ilə səmimi görüşləridir.
2018-ci ildə “26 iyun-Silahlı Qüvvələrin Yaranma Günü” nə həsr olunmuş hərbi paradda ölkə başçısının çıxışı yəqin ki, hər birimizin yadındadır. Cənab prezident qeyd etmişdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə Şuşada sancılan Azərbaycan bayrağı nümayiş üçün Azadlıq meydanına gətiriləcək. Bəli, bu belə də oldu. Bu sözlər 2020-ci ildə, möhtəşəm qələbə paradında cənab prezidentin “Bu gün tarixi bir gündür, bu gün Azadlıq meydanında zəfər paradı keçirilir” çıxışı ilə öz təsdiqini tapdı. Ölkə başçısının 2019-cu ilin oktyabr ayında Soçi şəhərində dünya ictimaiyyəti önündə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida!” ifadəsi bir il keçər-keçməz möhtəşəm zəfərlə tamamlandı. Bəli, o torpaqlarda doğulan körpələr var idi ki, oraları xatırlamırdı. Qarabağı qundaqda tərk edən körpələr hərbi geyimdə, tank üstündə Qarabağa geri qayıtdılar.
25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı Cənab Prezident gənclərimizin Vətən müharibəsindəki şücaətini yüksək qiymətləndirərək bildirdi ki, məhz ötən dövr ərzində vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. Cənab prezidentin səsləndirdiyi “İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular” ifadəsi biz gəncləri qürurlandırdı .
Bəli, bu haqq savaşında bütün Azərbaycan xalqının, Azərbaycanda yaşayan xalqların nümayəndələrinin həmrəyliyi,  bir yumruq kimi birləşməsi qələbəmizi təmin etdi! Bu xalq ən gözəl günlərə layiqdir! Yaşasın sarsılmaz birliyimiz! Yaşasın Azərbaycan!
Elvin Əlizadə
YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi idarə heyətinin üzvü





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR